Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 181 milyon 331 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 8,3 faiz artaraq 2748,6 manata (3503,2 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 532 milyon 180 min 700 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,3 faiz üstələmişdir.

 *     *     *

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 599 milyon 879 min 400 manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,3 faiz artmışdır.

*     *     *

Qeyd olunan dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 26 milyon 582 min 300 manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 22 milyon 705 min 500 manat olmaqla bir il öncəki göstəricini 6,1 faiz üstələmişdir.

*     *     *

2013-cü ilin yanvar-iyul aylarında muxtar respublikada 173 milyon 946 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 7,7 faiz üstələmişdir. Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 11,1 min ton ət (diri çəkidə), 56,1 min ton süd, 52 milyon 40 min ədəd yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 2,9 faiz artmışdır.

*     *     *

Cari ilin yanvar-iyul aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 900 milyon 972 min 500 manat, onun hər bir nəfərə düşən həcmi isə 1,3 faiz yüksələrək 2096 manat təşkil etmişdir.

*     *     *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 375,1 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artmışdır.

*     *     *

1 avqust 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 21685-ə çatmışdır ki, bunun da 18752-si və ya 86,5 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-iyul ayları ərzində açılmış 4857 bank hesabının 4803-ü və ya 98,9 faizi aktiv hesablardır.

*     *     *

2013-cü ilin yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 269 milyon 264 min 400 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 7,7 faiz artaraq 191 milyon 480 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 113 milyon 697 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*     *     *

Bu ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 26 milyon 791 min 700 manat həcmində kreditlər verilmişdir.

*     *     *

1 avqust 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8922 nəfər və ya 2,1 faiz artaraq 432462 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-iyul aylarında 6212 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 122 nəfər çoxdur.