Bilik və intellektual gücün cəmiyyətin inkişafındakı rolu şəksizdir. Biliklərin əldə olunub mənimsənilməsi isə bunun üçün zəruri informasiya olmadan mümkün deyildir. Bu informasiya insanın hər cür şüurlu fəaliyyəti və rahat yaşaması üçün lazım olan maddi nemətlərin yaradılmasında, xidmətlərin göstərilməsində bir faktor rolunu oynamaqla bərabər, onun sürəti və etibarlılığına da öz təsirini göstərir. Məhz sürətli və etibarlı informasiya sayəsində insanlar istehsalın digər faktorlarını hərəkətə gətirərək innovativyönümlü addımlar atır, beləliklə də, inkişafın ən mühüm göstəricilərindən biri olan artıma nail olurlar.

İnformasiyanın daşıyıcısı və istifadəçisi insan olduğundan informasiya cəmiyyətinin tam xarakteristikasının verilməsində insan faktorunun rolunun araşdırılması və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir cəmiyyətdə ən dərin elmi araşdırmalardan tutmuş təhsil, səhiyyə, mədəniyyət, turizm, rabitə və digər sahələrdə, əslində, insana lazım olan informasiyanın bölüşdürülməsi və bu zaman kimin daha çox mütərəqqi texnologiyalardan baş çıxarması prosesləri gedir. Daha dərinə getsək, sırf maddi istehsal kimi görünən sahələrdə, məsələn, ağır sənaye və kənd təsərrüfatında da informasiya mübadiləsi özünü hər tərəfi ilə göstərir. Belə ki, bu gün həmin sahələrdə istehsal olunan hər cür yeni məhsul uzunmüddətli bir informasiya alış-verişi mərhələsi keçərək hazır nemət halına gəlib çıxmışdır.

Cəmiyyətin informasiyalaşdırılmasında sürətli informasiya mübadiləsinin və bunun vasitələri olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) rolu böyükdür. Çoxları İKT dedikdə son model kompüter və yaxud sürətli internet bağlantısı nəzərdə tutsa da, bunlar informasiya mübadiləsi üçün texnoloji vasitə və üsulların hazırda ən geniş yayılanıdır. Ona görə hazırda geniş yayılanıdır ki, çox deyil, əlli-yetmiş il əvvəl bunlar olmayanda da insanlar bu və ya digər formada informasiya mübadiləsindən istifadə edirdilər. Ancaq müasir həyatımızın elə sahələrində İKT-nin tətbiqini görməkdəyik ki, bunlar, sözün əsl mənasında, bundan bacarıqla istifadə edən firma və müəssisələr, yaxud ayrı-ayrı şəxslər üçün deyil, bütün planetin ümumi inkişaf axarını dəyişdirib müəyyənləşdirən bir güc deməkdir. 
Sürətli informasiya və İKT qloballaşmanın səbəblərindən biri və eyni zamanda onun da nəticəsidir. Dünyaya inteqrasiya olunmaq və bir düyməyə toxunuşla insanları maraqlandıran nə varsa ondan xəbərdar olmaq müasir mədəni insanın tələbatıdır. Dünyanın axarından kənarda qalmamaq və bu axara lazımi anda qoşula bilmək baxımından hökumətlər qədər ölkə vətəndaşlarının da bunu dərk etməsi lazımdır. Başqa sözlə, bu gün məktəblərimizdə altıyaşlılara İKT və sürətli informasiya mübadiləsinin əhəmiyyətindən dərslər keçilirsə, onların ortayaşlı valideynlərinə elektron ticarət və elektron ödənişlərin əhəmiyyəti haqqında bu qədər maarifləndirici çıxışlar edilməsi bir az düşündürücüdür. Halbuki elə bəsit tələbatlarımız naminə dağ-dərə demədən hər cür maneələri aşmağa çalışırıq ki?! Bu gün ölkəmizdəki təhsil müəssisələrində istifadəyə verilən kompüter dəstlərindən tutmuş Azərbaycanın ilk süni peykinin orbitə çıxarılmasınadək həyata keçirilən irimiqyaslı işlər elektron hökumət layihəsi çərçivəsində, son nəticədə, hər birimizin rifahına, təhsilimizə, sağlamlığımıza, elmdə, mədəniyyətdəki nailiyyətlərimizə, rahat səfərlərimizə, dəqiq tənzimlənən rabitə və nəqliyyata, nağdsız ticarətə və sürətli pul köçürmələrinə və sair, və ilaxır harada tətbiq oluna bilirsə, hər yerdə bizə xidmət üçündür. İnformasiyanın tətbiqi isə cəmiyyətin sosial sifarişinin diqtəsi altında insanın öz təşəbbüsü ilə mümkün olub, müsbət nəticə halında innovativ məhsul kimi öz bəhrəsini dərhal göstərir. Bu gün hələ də kompüterin gözə zərərini bəhanə edib adicə elektron poçtdan istifadəni belə, mənimsəməyən, sonra da Novruzəli kimi bir məktubu göndərmək üçün günlərlə öz “qiymətli” vaxtını itirən fəlsəfə doktorlarına rast gəlinsə də, cəmiyyətimizdə dünyadakı bütün yenilikləri az qala bir anda mənimsəyə bilən bacarıqlı insan resurslarımız da kifayət qədərdir. Məhz bu insan resurslarıdır ki, onların intellektual gücü ilə məktəb və sağlamlıq ocaqlarında, firma və müəssisələrdə, elm və mədəniyyət ocaqlarında hər gün yeni nailiyyətlər qazanılır, milli peykimiz milli kadrlarımız tərəfindən idarə olunur. Bunlar cəmiyyətimizin hərtərəfli inkişafını çalışdığı hər sahədə innovativ ideyalarla çıxış edə bilən bacarıqlı insan resurslarının yetişdirilməsində görən və bu istiqamətdə hər addımda qətiyyət göstərən dövlət başçımızın ən böyük xidmətlərindəndir. Müstəqil Azərbaycanın malik olduğu intellektual potensialdan tam gücü ilə istifadə etmək, dünyanın bütün mütərəqqi nailiyyətlərindən faydalanmaq və ölkəmizi qloballaşan dünya arenasında daha layiqli təmsil etmək yolunda bu xidmətlərin bəhrəsi hələ neçə nəsillərə yetəcək.
Azərbaycan cəmiyyətində, ictimai həyatın müxtəlif sahələrində İKT-nin tətbiqi və innovasiya iqtisadiyyatının qurulması sahəsindəki intibahın konkret ünvanını Naxçıvan Muxtar Respublikasında görmək olar. Bu gün Naxçıvanın ixracyönümlü regional iqtisadi inkişaf platformasına keçməsi, burada ən müxtəlif elektron xidmətlərin həyata keçirilməsi, yeni xidmətlərin fəal surətdə təbliği və təşviqi muxtar respublikada İKT sahəsində görülən işlərin nəticəsidir. Bu, eyni zamanda qoca Şərqin qapısındakı kommunikasiya qovşağında öz ənənəvi əhəmiyyətinə bir də müasir informasiya körpüsü missiyası əlavə edən Naxçıvanın tarixi nailiyyətidir.

Əli CABBAROV