Babək Rayon Vergilər Şöbəsində POS-terminallardan istifadə ilə bağlı sahibkarlarla keçirilən görüşü şöbənin rəisi, vergi xidməti müşaviri Səftər Əliyarov açaraq bildirib ki, rayonda nağdsız ödənişlərin artırılması üçün POS-terminalların quraşdırılmasının böyük əhəmiyyəti var. Əvvəla bu, müasir dövrün tələbidir. Bütün dünyada nağdsız ödənişlər sürətlə inkişaf edir. Eyni zamanda plastik kartlardan istifadə həm təhlükəsizlik, həm də rahatlıq baxımından daha səmərəlidir.
Bildirilib ki, POS-terminalların quraşdırılması və nağdsız ödənişlər ticarət, əyləncə və xidmət mərkəzlərinin və müəssisələrinin nağd pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinin və iş vaxtı sərfinin azaldılmasına kömək edir. POS-terminalların quraşdırılması bank sektoru üçün də çox vacibdir. Bu, plastik kart dövriyyəsinin, kartlardan istifadənin və banklarda pul dövriyyəsinin artmasına gətirib çıxarır.
Sonra şöbənin əməkdaşlarından Zaur Əhmədovun, Amin Tağıyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, nağd pul dövriyyəsi iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum etməklə yanaşı, vergidənyayınma hallarına da səbəb olur. Çünki məbləğindən asılı olmayaraq, POS-terminal vasitəsilə aparılan əməliyyatlar dərhal obyekt sahibinin bankdakı hesabına keçir və bu zaman vergidən yayınmaq mümkün olmur. Bəzi hallarda məlumatsızlıq, bir çox halda isə vergidən yayınmaq istəyi ticarət və xidmət məntəqələrində ödənişlərin POS-terminallar vasitəsilə qəbuluna marağı azaldır. Sahibkarlar bilməlidirlər ki, ödəniş kartları vasitəsilə nağdsız dövriyyənin inkişafını sürətləndirmək günün tələbidir və bu tələbdən yayınmaq olmaz.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HÜSEYNOV