Son illər muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükündə yüksək nəticələr əldə olunur. Sevindirici haldır ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalının elə bir sahəsi yoxdur ki, orada rayonun torpaq mülkiyyətçiləri, fermerləri uğurlar qazanmasınlar.
Şərurun torpaq adamları birmənalı olaraq hesab edirlər ki, bu uğurların əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində sosial ədalət tam gözlənilməklə həyata keçirilmiş aqrar islahatlar zamanı qoyulmuşdur.
Bəli, aqrar islahatlar nəticəsində Şərur rayonunun kəndlərində ədalətli bölgü prinsipi əsasında torpaq öz həqiqi sahibinə – kəndliyə verilmişdir. Demək olar ki, hər bir ailə pay torpaqlarına sahib olmuşdur. Torpaq mülkiyyətçiləri, fermerlər o zaman sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanmışlar. Torpaq islahatı insanların torpağa bağlılığını daha da gücləndirmişdir. Onların öz pay torpaqlarında daha səmərəli çalışmaları üçün stimul yaratmışdır. Dövlətimiz kənd adamlarına pay torpaqlarını sərbəst əkib-becərmələri üçün daim lazımi qayğı göstərir. Kənd adamları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər. Bütün bunlar, son nəticədə, rayonda məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır.

Azərbaycan dövləti bütün sahələrdə inkişaf edərək gücləndikcə ölkədə başqa sahələr kimi, aqrar sahəyə də diqqət və qayğı artırılmışdır. Heydər Əliyev siyasətinin ən layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aqrar islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafını daha da sürətləndirmişdir. 2012-ci il rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü sahəsində xüsusilə uğurlu olmuşdur. İstehsal olunmuş məhsulun dəyəri də artmışdır. Belə ki, 2011-ci ildə 93 milyon 297,5 min manatlıq məhsul istehsal edilmişdirsə, 2012-ci ildə məhsul istehsalı 7 milyon 677,1 manat artaraq 100 milyon 974,6 min manata çatmış, rayonda sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan kənd təsərrüfatı istehsalçıları arasında ixtisaslaşma prosesi daha da sürətlənmişdir. Bir çox torpaq mülkiyyətçiləri birləşərək təsərrüfat formaları təşkil etmişlər.
Şərur, ilk növbədə, böyük taxılçılıq rayonudur. Rayonda ilbəil taxıl əkini sahələri artırılır, məhsuldarlıq yüksəldilir. 2012-ci təsərrüfat ilində Şərur rayonunda 9 min 177 hektar sahədə taxıl əkini aparılmışdır. Taxıl əkini sahələrindən 28 min 230 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ilin göstəricisini 160 ton üstələmişdir. Taxılın hər hektarda məhsuldarlığı 30,8 sentnerə çatdırılmışdır.
2013-cü təsərrüfat ili üçün 9 min 181 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunun da 7312 hektarını buğda, 1869 hektarını isə arpa təşkil edir. Bu il də taxıl sahələrində bol məhsul hasilə gətirilmiş, biçin vaxtında başa çatdırılmışdır. 28 min 247 ton məhsul istehsal edilmiş, hektarın orta məhsuldarlığı 30,8 sentner olmuşdur.
Rayonun torpaq mülkiyyətçilərinin kartof istehsalı və tədarükü sahəsində də yaxşı ənənələri var. Son illər rayonda kartofçuluğa marağın daha da artması müşahidə olunur. Torpaq adamları çalışırlar ki, aqrotexniki qaydalara əməl etməklə yüksək məhsuldarlığa nail olsunlar. Bu ilin yazında 752 hektar sahəyə keyfiyyətli toxum basdırılmışdır. Hələlik 632 hektarın kartofu torpaqdan çıxarılmış, 8 min 285,5 ton məhsul istehsal edilmişdir.
Bu il rayonda digər kənd təsərrüfatı məhsullarının istehsalında da məhsuldarlığın yüksək olacağı gözlənilir. Tərəvəz sahələri də genişləndirilmişdir. Hazırda 1569 hektar sahədə tərəvəz bitkiləri becərilir. Bir neçə aydır ki, tərəvəz yı­ğımı davam etdirilir. Bostançıların da üzü gülür. Axı onlar da bol qovun-qarpız hasilə gətirə biliblər. Hələlik 3227 ton bostan məhsulları tədarük olunmuşdur.
Rayonda kənd təsərrüfatı məhsulları istehsalının digər sahələrinə də diqqət artırılır. Məsələn, elə götürək meyvəçiliyi. Bu il bağların sahəsi 1000 hektara çatdırılmış və indiyədək 13 min 20 ton meyvə satışa çıxarılmışdır. Şərurda yonca əkini sahələri son bir ildə həm genişləndirilmiş, həm də sahələrə aqrotexniki qulluğun səviyyəsi yaxşılaşdırılmışdır. Rayonun torpaq sahibkarları bu il qarğıdalı və günəbaxan bitkiləri tarlalarından da bol məhsul gözləyirlər.
Şərurda torpağın dilini yaxşı bilən insanlar olduqca çoxdur. Amma elə sahibkarlar var ki, onların uğurları daha yüksəkdir. Konkret misallar çəkə bilərəm. Hər il rayonun Düdəngə kəndində Aqil Məmmədov hər hektardan 45, Maxta kəndində Həsən Əliyev 42 sentner taxıl, Ələkli kəndində Namiq Hüseynov hər hektardan 160 sentner kartof, Oğlanqala kəndində Əfqan Babışov hər hektardan 155 sentner tərəvəz, Xanlıqlar kəndində İsa Salmanov hər hektardan 150 sentner bostan məhsulları, Danyeri kəndində Yaqub Həsənov hər hektar bağdan 240 sentner meyvə əldə edirlər.
Bəllidir ki, kənd təsərrüfatı məhsullarının istehsalının intensiv surətdə artırılması başqa mühüm amillərlə yanaşı, suvarma işinin düzgün təşkilindən çox asılıdır. Rayonda hazırda 8724 hektar sahədə suvarma işləri aparılır. Suvarma işlərini Şərur Rayon Suvarma Sistemləri İdarəsi həyata keçirir. Həmin idarə kəndli təsərrüfatlarına 321,6 kilometr uzunluğunda suvarma kanalları və arxları vasitəsilə xidmət göstərir. Bundan əlavə, Araz çayı və Arpaçay sahillərində quraşdırılmış 30 nasos stansiyasının, 400 subartezian quyusunun gücündən də istifadə edilir. Bu ilin birinci yarısında 256,7 kilometr məsafədə kanal və arxlar lildən təmizlənmişdir.
Şərur muxtar respublikamızda heyvandarlığın inkişafı sahəsində böyük potensiala malik olan rayonlardandır. Aparılmış əsaslı aqrar islahatlar rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaratmışdır. Əsas diqqət heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, baytarlıq xidmətinin yüksəldilməsinə yönəldilmişdir.
2013-cü ilin birinci yarısında diri çəkidə ət istehsalı 3480 ton, süd istehsalı 15 min 380 ton, yun istehsalı 141 ton, yumurta istehsalı 11 milyon 80 min ədəd təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,3, süd istehsalı 1,8, yun istehsalı 1,4, yumurta istehsalı 0,3 faiz artmışdır.
Şərur rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü sahəsində əldə olunan uğurlar, ilk növbədə, bu sahədə çalışan bütün əmək kollektivlərinin fədakar əməyi sahəsində qazanılmışdır. Rayonun torpaq mülkiyyətçiləri və fermerləri dövlətimizin onlara göstərdiyi qayğıdan ruhlanaraq bu uğurları daha da artırmaq əzmindədirlər.
Göründüyü kimi, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı üçün həyata keçirilən düşünülmüş siyasət digər bölgələrdə olduğu kimi, Şərurun kən­d­­­­­­lərində də öz bəhrəsini verir. Bir tərəfdən məhsul istehsalı artır, yeni infrastruktur qurulur, digər tərəfdən də insanların rifah halı yaxşılaşır.

Cəfər ƏLİYEV