2013-cü ilin ilk altı ayında “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 4 min 829 ton 452 kiloqram məhsul istehsal edilib. Həmin məhsulun 3216,7 tonu daş, 1612 ton 752 kiloqramı isə narın duz olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə hər iki sahə üzrə birlikdə 16 ton 878 kiloqram artım deməkdir.
Bəhs olunan dövrdə, ümumilikdə, 2577 ton 785 kiloqram duzun satışı həyata keçirilib. Bunun 1576 ton 175 kiloqramı narın, 1001 ton 61 kiloqramı daşduz olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9755 kiloqram çoxdur.
Cəmiyyətin direktoru Anar Əsədullayev bildirdi ki, hazırda burada 1-i dağ, 4-ü istehsal sahəsi olmaqla, 5 sex fəaliyyət göstərir. Bu sexlərdə 34 nəfər daimi işlə təmin olunub.
Ümumilikdə isə müəssisədə 82 nəfər çalışır. İstehsal olunan məhsulların satışına müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada yoxlanıldıqdan sonra icazə verilir. İstehsalın keyfiyyətini yüksəltmək üçün müəssisəyə İran İslam Respublikasının istehsalı olan 3 ədəd yod aparatı, 2 tarixvuran aparat, Türkiyə Respublikasının istehsalı olan duz paketləyən avadanlıqların alınması istehsalın avtomatlaşdırılmasında mühüm əhəmiyyət kəsb edib. İstehsal edilən məhsullar 15 çeşiddə, 20, 250, 500 qramlıq çəkidə karton, paket və plastmas taralarda, 25 kiloqramlıq kisədə satışa çıxarılır.
Xatırladaq ki, 1927-ci ildə fəaliyyətə başlayan duz mədəninin məhsulları muxtar respublikanın iqtisadiyyatına xeyli gəlir gətirib.

Xəbərlər şöbəsi