Son illərdə sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rahatlığının təmin olunmasına, rifah halının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bu qayğının davamı olaraq, şəhərin “İstiqlal” küçəsindəki 82 nömrəli yaşayış binasında “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidənqurma işləri aparılır.
Ötən müddət ərzində bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi dörd metr məsafədə genişləndirilib. Hazırda inşaatçılar dam örtüyünün vurulması, artırılmış hissədə hörgü işlərinin aparılması, fasad hissənin suvanması və yerli inşaat materialı olan travertin daşlarla milli memarlıq ənənələrinə uyğun olaraq üzlənməsi ilə məşğuldurlar. Binanın fasadının xüsusi görüntüyə malik olması qayğısına da qalan inşaatçılar şəbəkə formasında milli ornamentlərdən istifadə edirlər.
Adıçəkilən tikinti təşkilatından aldığımız məlumata görə, binada hər cür kommunal-məişət şəraiti yaradılacaq, elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənəcək, mərkəzləşmiş antena sistemi quraşdırılacaq. Bütün mənzillər daimi isti və soyuq su ilə təmin ediləcək. Bundan başqa, mənzillərdə müasir istilik sistemləri quraşdırılacaq, həyətdə abadlıq işləri aparılacaq, uşaq-əyləncə meydançaları yaradılacaqdır.

Xəbərlər şöbəsi