“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 250-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, bu mineral sudan ateroskleroz, ürək, xərçəng, diabet, mədə yarası, bronxial-astma, pnevmoniya, brusellyoz  xəstəlikləri, eyni zamanda immunitetin zəifləməsi, infeksiyalara yoluxma, müxtəlif orqanların, o cümlədən dərinin iltihabı zamanı müalicə məqsədilə istifadə edilir. 

Məlumat üçün qeyd edək ki, “Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar olunmuşdur. 1945-1947-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgər­ovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə olunması məqsədəuyğun hesab edilmişdir. 1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə cəmi 30-40 litr su istehsalına başlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müəssisənin fəaliyyəti genişləndirilmiş, Almaniya və Çexo­slovakiya istehsalı olan yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücü artırılmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr, iqtisadi tənəzzül bu müəssisənin də fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələr kimi, sahibkarlıq fəaliyyətinin də genişləndirilməsinə böyük imkanlar açmışdır. Muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarmış, 2004-cü ildə özəlləşdirilən müəssisədə keyfiyyətli məhsul istehsalına başlanılmışdır. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. 

Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Burada ikimərtəbəli inzibati bina tikilmiş, yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yaradılmışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir.
Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir. Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və hər birinin tutumu 250 ton olan qapalı hovuzlara yığılır. Hovuzlarda su 2 gün saxlanılır, sonra filtrdən keçirilərək istehsal sexinə verilir. Suyu boşaldıqdan sonra hovuzlar xüsusi maddələrlə yuyulur, dezinfeksiya edilir.
Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə mineral su istehsal olunur. Plastik butulkalar və qapaqlar üçün 2011-ci ilin fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarından istifadə edilir.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. Bunun nəticəsidir ki, “Badamlı” mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Məhsulun keyfiyyətinin yüksək olması müəssisəni alıcı problemi ilə üzləşdirmir. Zavodda tələbata uyğun olaraq, 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı, 5 və 19 litrlik plastmas taralarda qazsız su istehsal olunur. Cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox – 1 milyon 906 min ədəd yuxarıda göstərilən butulka və taralarda su istehsal edilib satışa çıxarılmışdır. Müəssisənin məhsulları muxtar respublika ərazisində, Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində satılır. “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. İstehsal olunan məhsulun ticarət obyektlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılmış, müəssisəyə Almaniya istehsalı olan “Mercedes-Benz Axor” markalı yük avtomobilləri alınmışdır. Həmçinin Avropa ölkələrində və digər xarici ölkələrdə bu əvəzsiz təbii sərvətimizin satışını təmin etmək üçün möhkəm baza yaradılmışdır.

“Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-22000-2005 və İSO-9001-2008 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır. Bu da “Badamlı” mineral süfrə suyunun yüksək keyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin təminatıdır. “Badamlı” mineral suyunun xarici ölkələrə ixrac olunması cari ildə də diqqət mərkəzində saxlanılmış, bağlanmış müqaviləyə əsasən, bu mineral suyun Rusiya Federasiyasına göndərilməsi təmin edilmişdir. Qeyd edək ki, süfrə suyunun digər xarici ölkələrə ixrac olunması istiqamətində işlər davam etdirilir.

Kərəm HƏSƏNOV