Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.

Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
İyulun 20-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Sədərək magistral yolunun “Şorsu” adlanan hissəsindəki 2 hektarlıq meyvə bağına və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, həmin ərazilər suvarılmış və alaq otlarından təmizlənmişdir.

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Siyaqut, Yuxarı və Aşağı Daş­arx kəndlərindən keçən hissəsindəki ağaclara, Şərur şəhərindəki Heydər Əliyev Parkında yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, rayon mərkəzindəki park və xiyabanlarda salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində və Qazi massivində salınmış yaşıllıqlara, şəhərin giriş hissəsindəki 16 hektarlıq meyvə bağında ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, Darıdağ massivindəki meyvə bağında ağaclara aqrotexniki qulluq göstərmişlər.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarında salınmış meyvə bağlarını suvarmış və ağaclara aqrotexniki qulluq etmişlər.
Şahbuz rayonunda Naxçıvan-Batabat magistral yolunun kənarlarındakı ağaclara, rayon ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində, Qaraağac kəndinə gedən yolun kənarlarındakı meyvə bağlarında, Heydər­abad qəsəbəsindəki park və xiyabanlarda çalışmışlar.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.

Xəbərlər şöbəsi