Rəvayətə görə, Nuh Peyğəmbərin əyyamında insanlar azar-bezarın nə olduğunu bilməyiblər, hamı uzunömürlü olub, insanlar 900 ildən çox yaşayıblar. İnsanın uzun­ömürlü olması təkcə fərziyə deyil, dünyanın şöhrətli naturopat alimləri Herbert Şelton, Pol Breqq, Norman Uoker, Katsudzo Nişi, Abram Zalmanov və başqaları da dərin elmi əsaslara söykənərək belə bir yekdil qənaətə gəliblər ki, insan sağlam həyat tərzi keçirsə, xüsusilə də qidalanma prinsiplərinə düzgün əməl etsə, uzun illər gümrah yaşaya bilər. Bu halda körpə dünyaya sağlam gələr və heç vaxt xəstələnməz.

Nuh ruhunu yaşadan diyar

Bu sağlam düşüncə – Nuh ruhu qədim tarixə malik olan Naxçıvanda çoxdan möhkəm kök salıb, indi daha da güclənir. Deyə bilmərəm: bu məsələdə Nuh Peyğəmbərin gəmisinin Naxçıvandakı təpələrdən birinin üstündə qərar tutması öz rolunu oynayıb, yoxsa sərt, kontinental iqlim şəraiti, mikroelementlərlə zəngin olan torpaq və su insanları belə formalaşdırıb? Fakt budur ki, Azərbaycana memar Əcəmi, Mirzə Cəlil, M.S.Ordubadi, Hüseyn Cavid, Yusif Məmməd­əliyev, Heydər Əliyev kimi böyük şəxsiyyətlər bəxş etmiş Naxçıvan bu gün də öz mütərəqqi düşüncəsi və böyük uğurları ilə dostlarını sevindirir, düşmənlərini isə məyus edir. Xəstə xislətli qonşularımızın təcavüzü nəticəsində ağır blokada şəraitində yaşamaq məcburiyyətində qalan bu qədim diyar nəinki ayaq üstə qala bilib, hətta bütün bölgələrimiz üçün örnək ola biləcək bir model yaradıb – “Naxçıvan modeli”.

Bu model mənim diqqətimi həm bir qələm sahibi kimi, həm də “sağlam bədəndə sağlam ruh olar” fəlsəfəsini dərindən araş­dıran, sağlam həyat tərzini ge­niş təbliğ edən bir naturopat ziya­lı kimi çoxdan cəlb edir. Hər il yolumu Naxçıvana salı­­ram və hər dəfə də bu qədim diyarda Nuh ruhunun güclənməsi, insanların sağlam həyat tərzinə can atması faktı ilə, adamı sevindirən uğurlarla rastlaşıram. 
Uzun illərdir muxtar respublikada apardığım müşahidələr imkan verir cürətlə deyim: Naxçıvanda atılan hər kiçik və böyük addım, həyata keçirilən hər tədbir bir ali məqsədə xidmət edir – insanların cismini və ruhunu saflaşdırmağa, insan kapitalı formalaşdırmağa. Hətta ilk baxışda cansağlığı ilə bağlı olmayan kimi görünən tədbirlərdə insan amili alidir. Ən çox xoşa gələn budur ki, Naxçıvanda hər işi elmi əsaslar üzərində qurmağı yaxşı bacarırlar.
Azərbaycanı qarış-qarış gəzmişəm. Lakin heç bir bölgədə Naxçıvan sakinlərinin öz diyarına olan böyük sevgisi kimi güclü duyğunun şahidi olmamışam. Naxçıvan ziyalıları, muxtar respublikanın rəhbəri bu qədim diyarın zəngin tarixini ürəklərdə yaşadır, bu gününü sevdirir, işıqlı gələcəyinin divarlarını yorulmadan hörürlər. Son 15 ildə aparılan dərin araşdırmaların və böyük zəhmət tələb edən intensiv tədqiqatların məhsulu olan 2 cildlik “Naxçı­van ensiklopediyası”, “Naxçıvan Abidə­ləri Ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın Qırmızı kitabı” (2 cild) və onlarca digər zəka məhsulu kitab rəflərində mürgü döyən üstü tozlu ölü kitablar deyil. Bu nəşrlər beyinləri tarixi faktlarla, ürəkləri isə keçmişimiz üçün dərin iftixar hissi ilə doldurur, insanlarda müsbət emosiyalar yaradır. Müsbət emosiya isə qanı saflaşdırır, birbaşa sağlamlığa xidmət edir.
Naxçıvanlılar təkcə zəngin tarixi keçmişlə, qədim abidələrlə fəxr etməklə kifayətlənmirlər, əl-qollarını çırmayıb bu günün nağılını yaradırlar. Yeniləşmiş, cavanlaşmış, gözəlləşmiş qədim Naxçıvan şəhərinin geniş xiyabanları, tikilən əzəmətli binalar, dövlət hesabına rekon­struksiya edilib təzədən sakinlərin ixtiyarına verilən çoxmərtəbəli yaşayış evləri, küçələrdəki təmizlik, hər yanda hökm sürən səliqə-sahman, günü-gündən artan yaşıllıq adamın ürəyini açır, xoş hisslər yaradır. Bunlar da birbaşa sağlamlığa xidmət edir.
Küçələrdə, dalanlarda, ictimai binaların həyətində, yollarda bir papiros kötüyünə, bir kibrit dənəsinə rast gəlməzsən. Bunu təkcə təmizlik məsələlərinə baxan təşkilatların yüksək məsuliyyət hissi ilə bağlamaq düzgün deyil. Halbuki Naxçıvanda bu keyfiyyət hər bir xidmət sahəsinin atributu sayılır, həm də sakinlərin tərbiyəsi, mədəniyyəti, insanların öz doğma diyarına olan dərin məhəbbəti ilə bağlıdır. Xüsusi formada işə çıxan qalstuklu taksi və avtobus sürücülərinin nümunəvi xidməti də adamın qanını duruldan və əhvalını yaxşılaşdıran amillərdəndir.
Yeri gəlmişkən onu da qeyd edim ki, Naxçıvan şəhərinin geniş küçələrində maşınların az olması da (burda heç vaxt maşın tıxacına rast gəlməzsən) insanların ovqatını yaxşılaşdıran və sağlamlığa xidmət edən amillərdən biridir. Bakının tıxaclı küçələrindən fərqli olaraq, burda göz də, beyin də, ürək də dincəlir. Ciyərlərə zəhərli tüstü deyil, oksigenlə zəngin olan saf hava dolur. Hüceyrələr oksigenlə yaxşı qidalanır və öz funksiyasını lazımi səviyyədə yerinə yetirir. Naxçıvanın geniş, abad, sakit, yaraşıqlı, yaşıl xiyabanlarını gəzərkən ürəyimdən keçirdi ki, kaş qədimliklə müasirliyi, köhnəliklə yeniliyi özündə birləşdirən bu sintez həmişə belə qalaydı, tıxacsız, bol oksigenli, abad, geniş, gözoxşayan, könülaçan işıqlı şəhər statusunu qoruyub saxlayaydı.
Bütün nişanələr göstərir ki, belə də olacaq. Şəhərsalmada Şərq və Qərb üslubunun sintezi özünü aşkar göstərir. Görülən hər işdə kor-koranə təqlidçilik, yamsılama deyil, qədim ənənələrə hörmət, müasir dəyərlərdən faydalanmaq istəyi özünü göstərir. Ən başlıcası isə muxtar respublikanın rəhbəri iki ali məqsədə nail olmağa çalışıb: qədim diyar öz görkəmi ilə göz oxşasın, həm də insanların sakit, rahat və gümrah yaşadığı sağlam bir məkan olsun. İnsan yalnız belə halda yaşadığı yurddan bezməz, onu sidq-ürəkdən sevər və ona möhkəm tellərlə bağlanar. Naxçıvanda belə bağlılıq var.
Sürətlə dəyişən – abadlaşan, gözəlləşən, rahat yaşayış məkanına çevrilən təkcə Naxçıvan şəhəri və rayon mərkəzləri deyil. Muxtar respublikanın hər bir kəndi simasını dəyişir və insanların rahat yaşadığı məkana çevrilir. Ən ucqar kəndlər də mavi yanacaqla, işıqla təmin olunub, hər tərəfə asfalt yol çəkilib, hər kəndin öz məktəbi var. 1995-ci ildən bəri burada 194 məktəb binası tikilib ki, bu da sovet quruluşunun 70 illik tarixində tikiləndən qat-qat çoxdur. Tivi, Behrud, Parağa, Yuxarı Qışlaq, Havuş, Ərəfsə, Nəhəcir, Ləkətağ, Boyəhməd, Ağbulaq və Şada kimi ən ucqar dağ kəndlərində yaşayan uşaqlar təhsil almaq üçün daha başqa kənd­lərə getmirlər, indi onların öz kəndlərində müasir tələblərə cavab verən işıqlı məktəbləri var.
Ən ucqar dağ kəndində təhsil alan naxçıvanlı, Avropanın lap mərkəzindəki inkişaf etmiş ölkələrin uşaqları kimi internetdən istifadə etmək imkanı əldə edib. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3000-dən çox kompyuter quraşdırılıb, hər 15 şagird 1 kom­pyuter dəsti ilə təmin olunub. Məktəblərdə istifadə edilən kompyuterlərin 83 faizi internetə qoşulub. Naxçıvanda təhsilə göstərilən belə yüksək diqqət və qayğı bir yandan insanların sağlamlığına göstərilən diqqət və qayğıdır (hər bir xəstəliyin kökündə nadanlıq və cahillik durur). Bu, digər tərəfdən, ölkəmizin, xalqımızın və dövlətimizin daha qüdrətli, yenilməz olması, dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün görülən məqsədyönlü tədbirdir.
Təhsilə çəkilən xərc ən dəyərli kapital olan insan kapitalının formalaşmasında mühüm rol oynayır. Dərin zəka sahibi həm öz canının, həm öz torpağının, həm də ümumi evimiz olan Yer planetinin və bütün kainatın qədrini yaxşı bilir, həm özünü sevir, həm Vətənini, həm də bütün kainatı. Nadan isə nə özünü dərk edə və sevə bilir, nə də dünyanı. Elə buna görə də Naxçıvanda, bütövlükdə, elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir.
Vətən sevgisi aşılamağın ən təsirli üsullarından biri də tarixi abidə­ləri üzə çıxarmaq, restavrasiya etmək, qorumaq, yeni nəslin ziyarətgahına çevirməkdir. Naxçıvan Muxtar Respublikası bu sahədə də çoxlarına örnək ola bilər. Burada təkcə memar Əcəminin dünya şöhrətli əsərlərindən təbliğat-təşviqat vasitəsi kimi istifadə olunmur, sovet dövründə itib-batan, gözdən düşən, sökülüb-dağılan az tanınmış yadigarlar da vətənpərvər naxçıvanlıların qayğısı sayəsində yenidən cana gəlib, ayağa qalxıb, son illər formalaşmış təbliğat maşınında öz layiqli yerini tutub. Bu gün 40-dan artıq müdafiə tikintisi və qala bərpa olunub, onlardan vətənpərvərlik tərbiyəsində səmərəli istifadə olunur. Ulu babalarımızın mübariz ruhu hopmuş bu qala daşları qeyrətli əsgərlərimizlə bir cərgədə dayanıb, qaniçən ermənilərin qabağını kəsiblər, desəm, yanılmaram. Belə abidələrin cərgəsinə müasir naxçıvanlıların əlilə ucaldılan yeni bir abidə də qoşuldu. Naxçıvan şəhərinin cənub-qərbində, Nuh Peyğəmbərin gəmisinin lövbər saldığı və Peyğəmbərin məzarı olduğu güman edilən təpədə ötən il həm Peyğəmbərin, həm də Naxçıvanın adına layiq əzəmətli bir sənət əsəri – “Nuh məqbərəsi” bərq vurmağa başladı. Qızıl güllərə qərq edilmiş bu dəyərli abidə tez bir zamanda yaxından-uzaqdan gələn müxtəlif insanların ziyarətgahına çevrildi. İndi ondan insanların ruhunu saflaşdırmaq, əqidəsini möhkəmlətmək və əxlaqını paklaşdırmaq işində geniş istifadə olunur. İnsanlarda Nuh ruhu güclənir.

Burda hər fidanın nazını çəkən var

Erməni işğalçıları tərəfindən blokadaya alınmış muxtar respublika 90-cı illərin əvvəlində işıqsız, qazsız, odunsuz qalmışdı. Adamlar soyuqdan ölməmək üçün öz həyətlərindəki, bağlardakı, yol qıraqlarındakı ağacları qırıb yandırmalı olmuşdular.
Cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçiləndə (1995) burada cəmisi 0,6 faiz yaşıl örtük qalmışdı. İnsan amilinə böyük önəm verən, tez-tez öz çıxışlarında “dövlətin ən dəyərli incisi onun vətəndaşıdır”, – deyə təkrar edən Ali Məclisin Sədri qırılmış ağacların əvəzinə yenilərini əkmək, meyvə bağlarını bərpa etmək, yolların yaşıl libasını qaytarmaq məsələsini öz komandasının qarşısına ən ümdə vəzifə kimi qoydu və bu çətin vəzifənin həllinə başladı. Bu gün qədim Naxçıvan torpağını gəzən qonağı həm asfalt döşənmiş magistrallarda, həm də abadlaşdırılmış kənd yollarında bütün səfər boyu yaşıl zolaqlar müşayiət edir.
Statistika həvəskarlarına deyim ki, 1995-ci ildən indiyəcən muxtar respublika ərazisində 11.250 hektar sahədə yaşıllıq zolağı və meyvə bağları salınıb. Həmin il muxtar respublikanın ümumi ərazisinin yalnız 0,6 faizi yaşıllıqla örtülmüşdüsə, indi Naxçıvan torpağının 10 faizi yaşıl libas geyib. Yaşıllığa qərq olan təkcə yollar və küçələr deyil, muxtar respublikada çoxlu təzə parklar salınıb, qırılmış və qurumuş meyvə bağları bərpa olunub, yeni bağlar, xüsusilə də çox dadlı meyvəsi olan ərik ağacları əkilib. Özü də meyvə ağacları təkcə münbit torpaqlarda deyil, həm yol qıraqlarında, həm də dünən ilanmələyən boz yamaclarda əkilir.
Naxçıvanın kəskin kontinental iqlim şəraitinə azdan-çoxdan bələd olan, su ilə təchizatın necə çətin olduğunu anlayan hər kəs çox gözəl bilir ki, burda bir kolu bitirmək adamdan necə böyük zəhmət tələb edir. Lakin insan istəyi və iradəsi qarşısında ən çətin problem acizdir. İstək də vardı, iradə də. Üstəlik, böyük Vətən sevgisi də. Ona görə də torpağa basdırılan hər körpə fidan elə ilk gündən ən yüksək qayğı ilə əhatə olunurdu.
Məni ən çox sevindirən budur ki, yaşıllaşdırma işi kampaniya xarakteri daşımadı, bu şərəfli iş bu gün də davam edir. Naxçıvanda hər kəs körpə ağaclara qulluq etməyi, fidanların nazını çəkməyi sevir. Bu, bir növ, insanların mənəvi tələbatına çevrilib. Təbii ki, bu vərdiş insanlarda birdən-birə, öz-özünə yaranmayıb, o, muxtar respublika rəhbərinin ardıcıl həyata keçirdiyi gərgin işin və yüksək tələbkarlığın şirin məhsuludur. Muxtar respublika rəhbəri də, bəzi regionlarda olduğu kimi, hər il yaz gələndə haylı-küylü iməciliklər keçirər, minlərlə adamı küçələrə tökər, minlərlə ting əkdirər və görülən işlər barədə hesabat verə bilərdi. Cənab Vasif Talıbov hamıya anladır ki, bu torpaq bizimdir. Azərbaycan hamımızın evidir, bizim rifahımız da, səhhətimiz də, xoşbəxtliyimiz də bu evin necə olmasından asılıdır. Evimizi cənnətə, yaxud cəhənnəmə çevirmək bizim hər birimizdən asılıdır. Evimiz cənnət olsa, biz azar-bezarın nə olduğunu bilməyəcəyik, heç nədən korluq çəkməyəcəyik, sağlam və gümrah olacağıq, uzun ömür sürəcəyik, xoşbəxt yaşayacağıq. Ümumi evimiz cəhənnəm olsa, günümüz qara olacaq. Çünki biz təbiətin bir parçasıyıq, onun tərkib hissəsiyik. Biz təbiəti qorusaq, təbiət də bizi qoruyacaq.
Naxçıvanı cənnətə döndərmək kimi ağır missiyasını tarix indiki nəslin çiyninə qoydu. İndiki nəsil bu vəzifənin öhdəsindən şərəflə gəldi. Uğuru təmin edən üsul isə çox sadədir, onu hər bir rayonda tətbiq etmək olar və lazımdır. Yolların qırağı idarələr, təşkilatlar, müəssisələr, məktəblər arasında bölündü: buyur, ağac ək, becər, böyüt. Bu, sənin həm vətəndaşlıq borcundur, həm də vəzifə borcun. Sən ayrılmış sahənin vəziyyəti üçün həm təbiət qarşısında, rəhbərlik qarşısında, həm də ictimaiyyət qarşısında cavabdehsən...
Beləliklə də, əkilən hər kolun, torpağa sancılan hər tingin konkret sahibi oldu. İdarə müdirləri təşkilatdakı işin vəziyyəti ilə bərabər, həm də əkilmiş ağacların vəziyyəti üçün məsuliyyət daşıdı. Bu sahələr həm muxtar respublika rəhbərinin, həm də yerli KİV-lərin daim diqqət mərkəzində oldu. Zaman keçdikcə insanlar bu işə alışdılar, yatmış qədim bağban peşəsi onların qəlbində oyandı. İndi naxçıvanlılar öz qonaqlarına geniş xiyabanlarla, möhtəşəm binalarla, gözəl parklarla yanaşı, həm də sevə-sevə bəslədik­ləri ağacları və sahənin hansı təşkilata mənsub olduğunu bildirən dəmir lövhələri də göstərirlər.

Ərşad ƏZİMZADƏ,
“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-publisist

(ardı var)
“Xalq qəzeti”, 17 iyul 2013- cü il