Muxtar respublikamızın hər guşəsi, hər qarışı özünün görünməmiş abadlıq və quruculuq mərhələsini yaşayır. Naxçıvan şəhərindən yola çıxaraq Günəşin doğduğu dağlara doğru irəliləyib gözoxşayan mənzərələrə tamaşa etməyə dəyər: möhtəşəm təbiət abidəsi Haçadağın ətəklərindəki yamyaşıl kəndlər, İpək Yolu standartlarında tikilmiş müasir yolların kənarındakı taxıl zəmiləri və Naxçıvanda heç zaman bu qədər cazibədar olmamış yaşıllıq zolaqları. 25-30 dəqiqəlik rahat bir yolun ardından təkcə muxtar respublikamızın deyil, ölkə­mizin mühüm strateji yaşayış məntəqələrindən biri olan Culfa şəhərinə çatırıq. Culfa bizi özünün təsərrüfat qayğılarının aşıb-daşdığı, hər küçədə quruculuq işlərinin vüsət aldığı bir gündə qarşıladı.

Küləkli şəhər. Culfa rayonunun müasir sosial-iqtisadi və mədəni həyatı muxtar respublikamızda geniş vüsət almış ümumi quruculuq tədbirləri ilə həmahəngdir. Culfa ölkəmizin giriş qapılarından biri olub, mühüm tranzit dəhlizlərindəndir. Rayonun zəngin torpaq, su ehtiyatları, mineral zənginlikləri, iqlim müxtəlifliyi vardır. Culfa şəhəri bu regionun qışı ən soyuq, yayı ən isti olan bir ərazisində yerləşir. Buna rəğmən rayonun əlverişli geostrateji mövqeyi, landşaft müxtəlifliyi və müasir infrastruktur şəraiti rayonun güclü turizm potensialını formalaşdıraraq onu bütün səyahətsevərlərə cazibədar edir. Təmir, tikinti işlərinin qızğın çağında, qaynar bir iş günündə şəhərin müxtəlif mənzərə etüdləri haqqında da danışmaq olar. Kimisi balaca uşaqlarla birgə parkda əylənib Arazın dayanmayan küləyindən təmiz hava alırdı, kimisinin ticarət köşklərində başı alış-verişə qarışmışdı, kimisi də şəhərdəki vacib işini həll edib kəndinə tələsirdi. İlin-günün bu vaxtında hər saat qızıla bərabərdir. Amma öz təəssüratlarımızla kifayətlənməyib rayondakı mövcud ab-havanı culfalıların öz dilindən oxucularımıza çatdırmaq istəyirik. Burada həmsöhbət olduğumuz yerli insanların ləhcələri qədər fikirləri də maraqlıdır. 
Culfalıların dilindən. Culfa rayonu əhalisinə görə muxtar respublikamızın böyük rayonlarındandır. Son statistik məlumatlara görə, Culfa rayonunda, təqribən, 42 min nəfər yaşayır. Şəhərlə kənd arasındakı həyat səviyyəsi fərqinin azaldığı müasir dövrdə rayonun Şurud, Gal kimi kiçik kəndlərində də iri yaşayış məntəqələrində olduğu kimi, əsas sosial problemlər tamamilə həll olunmuşdur. Şəhərə daxil olarkən dayanacaqda tanış olduğumuz ərəzinli müəllim Məmməd Qafarov da fikirlərimizə şərik çıxdı. “Culfada necə yaşayırsınız?” sualına o: – həmişəkindən daha yaxşı, – deyə cavab verir. – Yaxşı yaşamaq üçün ilk olaraq şərait, daha sonra isə yaradılmış bu şəraitdən istifadə edə bilən olmalıdır. Gün vardı ki, nə maaşımız maaş idi, nə də məhsulumuz pula gedirdi. İndi şükür, hər şey qaydasında. Evdə daimi su, qaz, elektrik enerjisi, mağazada da nə istəsən, var.
Heydər Ağayev təqaüdçüdür. Deyir, yaxşı şəraitim var. Asudə vaxtlarını mənalı keçirməyə çalışır. İndi Culfa toz-torpaqlı deyil, yaşıl bir şəhərə çevrilmişdir. O da nəvələri ilə parkda istirahət etməyi çox sevir. Şəhər abadlaşıb gözəlləşdikcə o, buna daha tez-tez vaxt ayırır.
Təsərrüfat qayğıları. Ümumiyyətlə, Culfa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun torpaq, su və əmək ehtiyatlarından, habelə yeni gətirilmiş kənd təsərrüfatı texnikalarından səmərəli istifadə burada müxtəlif bitkiçilik və heyvandarlıq məhsulları istehsalına əlverişli şərait yaradır. Əkinçiliyin, bağçılığın və tərəvəzçiliyin inkişafı üçün suvarma sistemləri mühüm rol oynayır. Əlincə çayı boyunca və Bənəniyar gölündən çıxan suvarma arx və kanalları rayondakı torpaqların suvarılmasına imkan verir. Əkin sahələri isə genişdir. Bu il təkcə taxıl sahələri 4300 hektardan artıqdır.
Naxçıvan camaatı meyvə-tərəvəzə çox meyil edəndir. Culfada da bol-bol yetişdirilən meyvə-tərəvəzə olan tələbat hər il artmaqdadır. Bu il rayonda 700 hektardan artıq sahədə əkilmiş bostan-tərəvəz məhsulları culfalıların süfrəsində bolluq yaratmaqdadır.
Muxtar respublikamızda son illər meyvəçilik və bağçılıq sahəsinə ciddi diqqət yetirilir. Culfanın əlverişli iqlimi və dağətəyi bağlarında üzüm, alma, armud, ərik, gilənar, cəviz, fındıq çox yaxşı məhsul verir. Bu sahənin inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, tingçilik təsərrüfatlarının yaradılmasına xüsusi fikir verilir. Hazırda rayonda üç hektar yarım ərazidə tingçilik təsərrüfatı vardır. Son altı ayda 9 hektarda yeni meyvə bağları salınmışdır.
Kənd təsərrüfatının mühüm bir bölməsi heyvandarlıq və arıçılıqdır. Culfada da torpaq istifadəçiləri yerli istehsalın artırılması istiqamətində görülən tədbirlərin konkret iqtisadi səmərəsini görürlər. Rayondakı təsərrüfatlarda bu il 15 min başa yaxın iribuynuzlu mal-qara, 98 min başa yaxın xırdabuynuzlu heyvan və 138 minə yaxın quş bəslənilməkdədir. Naxçıvan bazarında Ərəfsə, Boyəhməd balı özünə kifayət qədər alıcı toplamışdır. Bu il təqribən 12700 arı ailəsindən bal süzüləcəkdir.

Culfa rayonunda müxtəlif emal müəssisələri də öz fəaliyyətini davam etdirir. Hazırda Culfa şəhərində şirniyyat-qida məhsulları istehsalı və göbələk istehsalı müəssisələri fəaliyyət göstərir. Bənəniyar kəndində pendir istehsalı sahəsinin, Əbrəqunus kəndində meyvə-tərəvəzin qurudulması sexinin yaradılmasına başlanılmışdır. Rayonun Kırna və Gülüstan kəndlərində broyler müəssisələri vardır. Əbrəqunus kəndində yeni fərdi quşçuluq təsərrüfatı yaradılmışdır.
Və quruculuq. Quruculuq tədbirləri hər bir rayonun, kəndin sosial-iqtisadi həyatında mühüm yer tutur. Dövlətin öz əhalisinin həyat keyfiyyətinə verdiyi diqqət, onun güzəranının yaxşılaşdırılması üçün ayırdığı vəsait öz ünvanını məktəb, kənd mərkəzi, səhiyyə obyektləri timsalında tapır. Culfada da bu il quruculuq ünvanları çoxdur. Rayonun Teyvaz kəndində 110 yerlik məktəb binasının tikintisi, Kırna kəndində 306 yerlik və Şurud kəndində 110 yerlik məktəb binalarının yenidən qurulması davam etdirilir. Muxtar respublikamızda həyata keçirilən kənd və xidmət mərkəzlərinin yaradılması layihəsi regionumuzda əhalinin rifah halının yüksəldilməsinə nümunəvi töhfədir. Əlincədə, Kırnada, Teyvazda tikilən kənd və xidmət mərkəzləri bu yaşayış məntəqələrində yaşayan insanların gündəlik həyatına öz təsirini göstərəcəkdir.
Ümumi quruculuq kampaniyasından əlavə, Culfada istifadəyə verilmiş və tikintisi davam etdirilən bir neçə obyekt haqqındakı informasiya da oxucularımız üçün maraqlı olar. Culfada tikintisi davam etdirilən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyinin yeni inzibati binası, Əbrəqunus kəndində istifadəyə verilmiş yeni məscid, Camaldın kəndində tikilmiş su dəyirmanı və Nəhəcir kəndində tikilmiş yerüstü peyk idarəetmə mərkəzi bunlar arasındadır.

Bir sözlə, Culfa rayonu da öz inkişafının yeni mərhələsindədir. Dövlətimizin iqtisadi imkanları genişləndikcə aparılan quruculuq işlərinin miqyası da genişlənir, əhalinin rifah halı daha da yaxşılaşdırılır. Naxçıvanın giriş qapılarından biri olan Culfa indi öz inkişafı ilə regionumuza qədəm qoyan hər kəsi heyrətləndirir.

Əli CABBAROV
Əli XUDİYEV ( foto )