Bu qədim yurd yeri müasir Azərbaycan kəndinə çevrilməkdədir

Xoklular torpağa bağlı insanlardır

Naxçıvan ilin bütün fəsillərində öz füsunkar gözəllikləri ilə buraya gələn qonaqları ovsunlayır. Yayın isə bu fəsillər içərisində yeri bambaşqadır. Çünki bu fəsil həm də bolluq, ruzi-bərəkət fəslidir. Torpaq təəssüblü, yurd qədrini bilən insanlarımızın ilin bu fəslində qayğıları bir qədər də artır. Erkən yazdan sahələrdə əkib-becərdikləri məhsulu toplamaq, bazara çıxarmaq, digər təsərrüfat işlərini həyata keçirmək kimi vacib tədbirlər onlara günün necə başa çatdığını belə, unutdurur. Torpaq mülkiyyətçiləri belə yorğunluqdan heç də şikayətlənmirlər. Çünki görülən işin nəticəsinin özlərinin yaxşı yaşamaları üçün olduğunu bilirlər. Kəngərli rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Xok kəndinə yolumuz belə günlərin birində düşdü. Rayon ərazisində yol kənarlarında görünən taxıl zəmiləri uzaqdan diqqəti cəlb edirdi. Bəzi sahələrdə taxıl tədarük olunur, taxılı biçilmiş zəmilərdə kip vurulur, digər əkinçilik sahələrində aqrotexniki tədbirlər görülür, məhsul yığılırdı. Hələ rayon İcra Hakimiyyətində öyrənmişdik ki, bölgədə ən çox taxıl əkilən kənd­lərdən biri Xokdur. Hər il bu yaşayış məntəqəsində bol məhsul yetişdirilir. Bu sahə ilə məşğul olan kənd adamları yaxşı təcrübə sahibidirlər.

Davamlı xarakter alan dövlət qayğısı isə taxılçılığa marağı ildən-ilə artırır. Torpaq mülkiyyətçilərinin müxtəlif dövlət yardımları, yüksək reproduksiyalı toxum, gübrə, yanacaqla təminatı diqqət mərkəzində saxlanılır. Bu barədə ətraflı məlumatı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyevdən aldıq. O bildirdi ki, cari ilin məhsulu üçün ötən ilin payızında Xokda 474 hektar sahə taxıl üçün ayrılıb. Taxılçılar bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında yerinə yetiriblər. Çəkilən zəhmətin hədər getmədiyini isə məhsul tədarükünə başlanılan ilk günlərdən görüblər. Taxılçıların bir neçəsi ilə hələ taxıl biçininə başlanılan gün həmsöhbət olmuşduq. Dövlətimizin qayğısından razılıqlarını bildirmişdilər. Budəfəki gəlişimizdə yenə də onlarla görüşmək istədik. Mübariz Əliyev bildirdi ki, hamısı sahələrdədir. Taxıl biçilən kimi kip vurulmasına başlanılıb. Onlar çalışırlar ki, bu işi də tezliklə yekunlaşdırsınlar. Çünki gələn ilin məhsulu üçün sahələrin şumlanmasını da vaxtında həyata keçirmək lazımdır.

Öyrəndik ki, taxıl tədarükündə bütün qüvvələr səfərbərliyə alındığı üçün qısa müddətdə 400 hektar sahənin taxılı biçilib. Məhsuldarlıq orta hesabla 27 sentner təşkil edib. Kənd sakinlərinin özlərinə məxsus 2 kombaynla yanaşı, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikalarından da istifadə olunur. Yeri gəlmişkən onu da deyək ki, kənddə sahələrin şumlanmasında, toxum səpinində, kip vurulmasında ciddi problem yaşanmır. Çünki Xokda fiziki şəxslərə məxsus olan 12 traktor, 2 toxumsəpən, 4 kipvuran və digər zəruri kənd təsərrüfatı texnikaları var. 
5665 sakinin 1367 təsərrüfatda birləşdiyi kənddə hamı torpağı halal qazanc mənbəyi sayır, torpaqlardan səmərəli istifadə etməyə çalışır. Kəndin 94 yaşlı sakini Zərrə Zeynalova deyir ki, Xokun bərəkətli torpaq sahələrində hələ dövri-qədimdən bol məhsul yetişdirilib. Bu gün həmin torpaqlar kənd camaatının özünündür. Kim nə istəyir, əkir, becərir. Məhsulu satmaq üçün də çətinlik yoxdur. Odur ki, hər bir xoklu torpaq adamı bu qiymətli sərvətdən ikiəlli yapışıb.
Təqaüdçü müəllim Davud Abbasovun söhbəti sağlamlığının qeydinə qalmaq istəyən hər bir adam üçün maraqlıdır:
– Bu gün dövlətimizin kənd adamlarına yaratdığı şəraiti görəndə qəlbim dağa dönür. Təəssüf ki, az da olsa, bu şəraitdən lazımınca istifadə etməyənlər də var, – bu, onların öz işidir. Sözümün canı nədədir? Bir ağsaqqal, bir ziyalı kimi həmişə düşünürəm ki, ekoloji cəhətdən təmiz məhsul yetişdirmək üçün yaradılan imkanlardan bəhrələnən hər bir torpaq adamı yetişdirdiyi məhsulu yaxşı qiymətə sata bilər. Bunu ucuz yolla da etmək mümkündür. Bəs insanların sağlamlığı? Ona görə də muxtar respublikada insanların ərzaq təhlükəsizliyinin təmin olunması, onların keyfiyyətli məhsullardan istifadə etməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi məni ürəkdən sevindirir. Xoklular da dövlətimizin yaratdığı belə şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.
Qeyd edək ki, bu yaşayış məntəqəsində əkinçiliklə yanaşı, bağçılığa da böyük önəm verilir. Bu səbəbdəndir ki, hələ ictimai təsərrüfatlar dövrü mövcud olan bağlarda bərpa işləri aparılaraq bol məhsul götürülür. İməciliklər yolu ilə yeni bağ sahələri salınması da diqqətdə saxlanılır. Hazırda kənddə 20 hektardan çox bağ sahəsi var. Bunun 10 hektarı Xaləddin Zeynalova məxsusdur. O, təsərrüfatın, demək olar ki, bütün sahələrində öz gücünü sınayır və yaxşı da göstəricilərə nail olur. Xaləddin Zeynalov ötən ilin payızında 50 hektar sahədə taxıl əkini keçirmişdi. Rayonda taxıl biçinini də ilk olaraq o başa vurub. Onun həm də böyük heyvandarlıq təsərrüfatı var.
Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən qayğının nəticəsidir ki, Xokda ondan çox fermer var. Onlar dövlətdən kredit götürməklə emal və istehsal sahələri yaradıblar. İlham Abdullayev dövlətdən 100 min manat kredit götürüb. 150 baş iribuynuzlu heyvan saxlayır. 50 hektar torpaq sahəsi var. Dostəli Tağıyev 15 hektar torpaq sahəsindən maldarlığın və əkinçiliyin inkişafı üçün istifadə edir. Nəriman Babayev də dövlət qayğısından bəhrələnən fermerlərdən biridir. O, dövlətdən 10 min manat kredit götürüb. Hər gün qapısından örüşə 150 baş xırdabuynuzlu heyvan çıxır.
Kənddə 60-dan çox xoklunun özünə iş yeri tapdığı 4 çörək sexi fəaliyyət göstərir. Urfan Məmməd­ovun tikinti materialları istehsalı sahəsində 12 nəfər çalışır. Daha 18 nəfər xoklu isə 3 gəc sexində işlə təmin olunub.

Kənddə kompleks quruculuq işləri aparılır

Qeyd edək ki, son illər ərzində Kəngərli rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bu bölgənin siması tanınmaz dərəcədə dəyişib. Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məntəqəsini əhatə edən rayonda genişmiqyaslı sosial infrastruktur layihələr həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilib və ya yenidən qurulub, yollar salınıb.
Tikinti-quruculuq işləri cari ildə Xok kəndinə də ayaq açıb. Kompleks quruculuq tədbirlərinin həyata keçirildiyi ünvanda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsinin rəisi Vəzir Əliyevlə görüşdük. O bildirdi ki, burada kənd mərkəzi, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir, məktəb binası yenidən qurulur, kəndarası yollarda təmir işləri aparılır.
Tikintisi davam etdirilən kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. İki mərtəbədən ibarət həkim ambulatoriyasının binasında son tamamlama işləri görülür, obyektin fasad hissəsinin üzlənməsi işi aparılır.
Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də mövcud məktəb binasının yenidən qurulmasıdır. Layihəyə əsasən, mövcud binaya bitişik əlavə 3 korpus inşa olunub, ikimərtəbəli tam orta məktəb binasına daha bir mərtəbə əlavə edilib. 1026 şagird yerlik nəzərdə tutulan binanın iki korpusunda son tamamlama işləri görülür. Digər korpusda tikinti işləri sürətlə davam etdirilir. Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amili diqqətdə saxlanılır.

Müasirləşən kəndin qədim tarixi haqqında bir neçə söz

Adətim üzrə bu qədim yurd yerinin tarixini, adının etimologiyasını öyrənmək istədim. Xokun tarixindən danışan kənd məktəbinin müəllimi Abbas Hüseynov bildirdi ki, bununla bağlı tədqiqatçılar İ.Şopenin, M.Vəliyevin maraqlı mülahizələri var. Fikrimizcə, filologiya elmləri doktoru Adil Bağırovun qənaəti daha dəqiqdir. Alimə görə, 1590-cı ildə bu kənd “Əhməd­ağa Dizəsi” adı ilə tanınıb. XIX əsrdə 9 kəndi əhatə edən mahal mərkəzi və XX əsrin əvvəllərində Qıvraq rayonunun tərkibinə daxil olub. Burada memarlıq abidəsi kimi qorunan dördkünc formalı hamam binası var. Binanın üstü tağbəndlərlə saxlanan iki günbəzlə örtülüb. Hamamın tikinti üslubu Şahtaxtı hamamı ilə oxşardır. Memarlıq abidəsinin tikilmə tarixi XIX əsrə aid edilib. “Xok” sözünün etimologiyasına gəldikdə isə bununla da bağlı bir neçə versiya mövcuddur. Yenə də Adil Bağırovun qənaətinin həqiqətə uyğun olduğu fikrinə gəlmək mümkündür. O bildirir ki, bu toponim türk dillərində “çəmən”, “otlaq” mənasında işlədilən xok//xak sözü ilə əlaqədardır.

Kəndin torpaq mülkiyyətçiləri, burada həyata keçirilən kompleks quruculuq tədbirlərində çalışan insanlarla söhbətlər, onların daha xoş sabahlara olan inamları, həyata baxışları məndə də xoş təəssüratlar yaratdı. Kənd sakini Heydər Novruzov görülən bu işlərə görə minnətdarlığını bildirdi. 70 illik sovet dönəmində bölgənin bu böyük yaşayış məntəqəsində çox cüzi işlər görüldüyünü dilə gətirdi. Qeyd etdi ki, bir kənddə eyni vaxtda bu həcmdə işlərin görülməsi muxtar respublikanın nail olduğu sosial-iqtisadi inkişafın göstəricisidir. Onu da xüsusilə vurğuladı ki, bu gün regionumuzda elə bir bölgə tapmaq olmaz ki, orada belə tədbirlər həyata keçirilməsin. Bütün bunlar isə insanların qurub-yaratmaq əzmini daha da yüksəldir.

Muxtar MƏMMƏDOV
Əli XUDİYEV ( foto )