Aprel ayından inşasına başlanılan Şərur Rayon Texniki Təlim və Peşə Məktəbinin və məktəbin yataqxana binasında tikinti işlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Binaların hər biri zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq.
Üçkorpuslu məktəbin 2 korpusunda qəlib-beton işləri başa çatdırılıb, 3-cü korpusda isə bu işlər davam etdirilir. Binanın zirzəmi divarları yüksək keyfiyyətli materialla rütubətə qarşı izolyasiya edilib. Hazırda zirzəmi və birinci mərtəbədə hörgü və suvaq işlərinə başlanılıb. Binanın zirzəmisində hərbi kabinə, paltardəyişmə və idman müəllimi üçün otaqlar, beş emalatxana, elektrik və təsərrüfat otaqları, qarderob yerləşəcək.
İkinci və üçüncü mərtəbələrdə isə psixoloq, mühasib və müəllimlər otaqları, 15 sinif, 2 laboratoriya, 3 kompyuter sinfi, 2 elektron lövhəli sinif, 5 emalatxana və iclas zalı fəaliyyət göstərəcək. 270 şagird yerlik texniki təlim və peşə məktəbində inşaat işlərinin bu ilin oktyabr ayında yekunlaşdırılması nəzərdə tutulub.
40 otaqlı, 91 çarpayılıq yataqxana binasında da tikinti işləri sürətlə aparılır. Burada da üç mərtəbədə ar­tıq qəlib-beton işləri tamamlanıb, dördüncü mərtəbədə isə qəlib-beton işləri yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Şərur şəhərində inşa olunan bu obyektlərə kifayət qədər işçi qüvvəsi və texnika cəlb edilib, inşaatçılara hərtərəfli şərait yaradılıb. Bu da onlara tapşırılan vəzifəni keyfiyyətlə həyata keçirməyə imkan verir.

Xəbərlər şöbəsi