Muxtar respublikada əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər bu sahədə yüksək nəticələrə nail olunmasına imkan vermişdir. Həmin tədbirlərdən Culfa rayonuna da xeyli pay düşmüşdür. Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, bu gün bölgə sakinləri ikisi Culfa şəhərində, 12-si kənd yaşayış məntəqələrində olmaqla, 14 avtomat telefon stansiyasının xidmətindən istifadə edir. Müntəzəm olaraq rabitəçilər ATS-lərdə reydlər aparır, texniki göstəricilərin normativlərə uyğun olub-olmadığı yoxlanılır, sıradan çıxmış akkumulyatorlar yeniləri ilə əvəz olunur. Rayonda son 6 ayda 61 yeni telefon xətti çəkilərək, ümumilikdə, abonentlərin sayı 5491-ə çatdırılmışdır. Xətt təsərrüfatında müntəzəm olaraq təmir işləri aparılır, əhalinin keyfiyyətli rabitə xidmətindən istifadəsi yaxşılaşdırılır.
Qeyd olunmalıdır ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, bu rayonda da genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Rayonda internet istifadəçilərinin sayı 800-ə çatıb. Göydərə, Saltaq, Xanəgah və başqa kəndlərdə əhalinin bu rabitə növündən istifadəsinin reallaşdırılması sakinlər tərəfindən razılıqla qarşılanır.

Xəbərlər şöbəsi