Şərurda meyvə bağlarının sahəsi genişlənir

Düzgün ekoloji siyasətin bəhrələri muxtar respublikamızda da qabarıq hiss olunur. Son illərdə doğma diyarımızda 100 hektardan artıq yeni meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqlarının yaradılması, yüz hektarlarla sahədə meşəbərpa işlərinin aparılması bunun parlaq təzahürüdür. Bu yaşıllıqların fonunda muxtar respublikamızda həyata keçirilən misilsiz tikinti-quruculuq işləri daha füsunkar və diqqətçəkici görünür. Təqdirəlayiq haldır ki, tikilib istifadəyə verilən hər bir obyektin həyətində, ətrafında geniş abadlıq və yaşıllaşdırma tədbirləri görülür. Bu isə regionumuzda yaşıllaşdırma işlərini quruculuq tədbirlərinin tərkib hissəsi kimi səciyyələndirməyə əsas verir.

Deməli, bunun üçün də dövlətimiz böyük vəsait sərf edir. Əsas məqsəd isə insanların sağlamlığını təmin etmək, ekoloji cəhətdən saf və təmiz mühitdə yaşam tərzinə nail olmaqdır. Bunun əhəmiyyətini dərk edən insanlar da yaşıllaşdırma tədbirlərində fəal iştirak edir, bu sahədə qüvvələrini əsirgəmirlər. Muxtar respublikamızda artıq neçə illərdir ki, ənənəvi qaydada keçirilən iməciliklərdə insanların mütəşəkkillik nümayiş etdirməsi, əsl vətəndaşlıq fəallığı göstərməsi onların bu xeyirxah işə necə önəm verdiklərinin göstəricisidir.

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da yaşıllaşdırma tədbirləri məqsədyönlü şəkildə həyata keçirilir. Rayonda yaşıllıq əraziləri getdikcə genişlənir. Bölgədə yeni meyvə bağlarının salınmasına diqqət artırılır. Çünki iqtisadi baxımdan da bu bağlar müstəsna əhəmiyyət kəsb edir. Püsyan kəndi ərazisindəki 40, Dəmirçi kəndi ərazisindəki 35 hektarlıq meyvə bağları bu il məhsul vermişdir. Ümumiyyətlə, hazırda Şərurda 1000 hektara yaxın meyvə bağı mövcuddur ki, təkcə ötən il həmin bağlardan 17 min 971 ton məhsul dərilmişdir. Bağların sahəsi ilbəil genişləndirilir. 2012-ci ildə də rayon ərazisində 11,5 hektar sahədə yeni bağ salınmış, 45 hektar sahədə bərpa işləri aparılmışdır. İl ərzində 24 min 438 ədəd meyvə, 21 min 150 ədəd meşə ağacı, 5 min 290 ədəd gül kolu, 3 min 50 ədəd dekorativ ağac olmaqla, ümumilikdə, 53 min 928 ədəd ting və gül kolu əkilmiş, yaşıllıqların suvarılması diqqət mərkəzində saxlanılmışdır.
Rayonda yeni meyvə bağlarının salınması və meşəbərpa işləri cari ildə də uğurla davam etdirilmişdir. Gümüşlü kəndindəki 8 hektarlıq bağ uzaqdan diqqəti cəlb edir. Bura 650 ədəd cəviz, 4800 ədəd digər meyvə tingləri, 300 ədəd çinar, 12 ədəd palıd və 530 ədəd həmişəyaşıl ağaclar əkilmişdir. Ələkli kəndinin yaxınlığında 1,2 hektarlıq ərazidə bu il meyvə bağı salınmışdır. Yüksək aqrotexniki səviyyədə qulluq edildiyindən 650 ədəd tingin hamısı tutmuşdur.
Tut Şərurun qədim meyvə ağaclarından biridir. Bu ilin yazında Yuxarı Daşarx kəndindəki Arpaçay sahilində 2 hektarlıq ərazidə tut bağı salınmışdır. Sahəyə 800 ədəd tut tingi basdırılmışdır. Yeri gəlmişkən onu da deyək ki, bu il həmçinin Cəlilkənd-Dəmirçi kəndləri arasındakı 6 kilometrlik magistral yol kənarlarına da 1500 ədəd tut tingi əkilmişdir. Yuxarı Daşarx-Xanlıqlar kəndləri arasındakı 6,5, Xanlıqlar-Püsyan kəndləri arasındakı 7 kilometrlik yol kənarlarının hərəsinə isə 2000 ədəd meyvə tingləri əkilib ərsəyə gətirilmişdir. Ötən aylar ərzində rayon ərazisində 2500 ədəd iydə, 800 ədəd meşə ağacı torpağa basdırılmış və 3,4 hektar sahədə meşəbərpa işləri görülmüşdür. Şərur şəhərinin park və xiyabanları 15 min 500, Dizə-Gümüşlü arasındakı yol kənarları isə 13 min 600 ədəd 8 növ gül şitili ilə bəzədilmişdir. Ümumiyyətlə, cari ilin birinci yarısında bölgədə yeni salınmış 11,2 hektarlıq bağa 8442 ədəd meyvə tingi, Naxçıvan-Sədərək magistralının Şərur rayonu ərazisindən keçən 19,5 kilometrlik yol kənarlarına 8800 ədəd meşə ağacı və müxtəlif meyvə tingləri əkilmiş, 29100 ədəd 8 növ gül şitili basdırılmışdır.
Şərurda üzümçülüyün inkişaf etdirilməsi qayğısına da qalınır. Hazırda rayonda cəmi 73 hektar sahədə üzüm bağı vardır ki, bu da potensial imkanlardan çox aşağıdır. Odur ki, üzümçülüyün təbliğinə diqqət artırılmışdır. Bunun nəticəsidir ki, yazda fərdi təsərrüfatlarda 50 mindən artıq üzüm çiliyi basdırılmışdır. Bu da öz bəhrəsini növbəti illərdə göstərəcək, yeni üzüm bağlarının salınmasında böyük rol oynayacaqdır.
Dövlətimizin yaratdığı şəraitdən ayrı-ayrı insanlar da lazımınca bəhrələnərək şəxsi bağ-bağat salır, bu sahə ilə daha ciddi məşğul olmağa maraq göstərirlər. Rayonun Yuxarı Daşarx, Danyeri, Xanlıqlar, Vərməziyar, Şəhriyar, Püsyan, Dəmirçi və başqa kəndlərində yeni meyvə bağlarının salınmasına təşəbbüs göstərən zəhmətsevər insanların işi, sözün həqiqi mənasında, təqdirəlayiqdir.
...Şərur-Naxçıvan magistral yolunun sağında, Xanlıqlar kəndinin ərazisində səliqə ilə əkilmiş müxtəlif meyvə ağacları nəzərdən yayınmır. 7 hektarlıq sahədə ərsəyə gətirilmiş ağaclar göz oxşayır. Ötüb-keçən maşınların pəncərəsindən görünən yamyaşıl bağ-bağat insanda xoş duyğular oyadır. Bu gözəlliyi yaradan bağban Ədalət Quliyevdir.
Ədalətin ana torpağa vurduğu naxışlar əkdiyi ağaclar, calaq etdiyi tinglər, yetişdirdiyi güllər, çiçəklərdir. Onlara əllərinin və qəlbinin hərarətini verir Ədalət. Hər ağaca və tingə fərdi yanaşır, onun suvarılmasını və becərilməsini, zərərvericilərə və xəstəliklərə qarşı mübarizəni vaxtlı-vaxtında aparır. Ədalət təbiətin vurğunudur. Amma söz düşəndə deyir ki, bağbanlıqda vurğunluq azdır, gərək bu peşənin zərgəri olasan.
Ədalət bağçılığa dair kitablar, jurnallar oxuyur, biliyini, təcrübəsini getdikcə zənginləşdirir.
Ədalət Quliyevin qonşuluğunda isə Ramiz Həsənov 5 hektarlıq meyvə bağı salmışdır. Yaz-payız onu da baş-başa vermiş qollu-budaqlı ağaclar arasında görmək olar. Saldığı bağdan mənəvi rahatlıq tapan bağban Ramiz bu barədə söhbət düşəndə fərəh hissi keçirdiyini də gizlətmədi: – Dünyada savab iş çoxdur: su çəkmək, yol salmaq, körpü tikmək... Bu siyahını istənilən qədər uzatmaq olar. Ağac əkmək də xeyirxah əməl sayılır. 4-5 il bundan əvvəl pay torpağımda meyvə bağı salmaq fikrimi reallaşdırdım. Bu istəyim rayonun müvafiq orqanları tərəfindən də məmnunluqla qarşılandı və söz verdilər ki, bunun üçün hər cür köməklik göstəriləcəkdir. Və belə də oldu. Ərazidə salınan bağın su təminatı dövlətimiz tərəfindən qısa bir zamanda həll olundu. Bundan ruhlanaraq meyvə bağımın sahəsini bir qədər də genişləndirdim. Ötən ilin payızında bağın aşağı hissəsindəki sahədə daha 150-200 meyvə tingi əkmişəm. Doğrusu, gördüyüm işdən zövq alıram. İstəyirəm ki, Şərur-Naxçıvan yolundan ötən saysız-hesabsız insanlar da bu bağdan zövq alsınlar. Həm də yoldan ötənləri dadlı-tamlı, ləzzətli meyvələrə qonaq edirəm. Axı varlığa nə darlıq? Alıcı da həmişə başımın üstündə olur. Bəzən də məhsulumu Şərur və Naxçıvan şəhərlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına çıxarıram. Allah bərəkət versin, qazancım istənilən qədərdir. Yeri gəlmişkən, onu da deyim ki, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” əl-qolumu daha da açıb, meyvəçiliyə həvəsimi birə-on qat artırıb. Təbii ki, torpaqla ülfət bağlasan, cəfa çəksən, səfa görərsən. Mənim üçün bundan böyük xoşbəxtlik yoxdur. Xoşbəxtliyin açarı isə torpaqdadır.
Doğrudan da, torpağa bu cür sevgi, doğma münasibət insanlara ancaq xoşbəxtlik gətirə bilər.

 Cəfər ƏLİYEV