Muxtar respublikamızda geniş vüsət alan quruculuq işləri daha da genişləndikcə yurdumuzun yaşayış məntəqələri öz simasını dəyişərək abadlaşır, gözəlləşir. Gərgin zəhmətlə ərsəyə gələn hər yeni bina, hər geniş yol sayəsində həyat daha da keyfiyyətli hala gəlir, torpağa bağlılıq dərinləşir. Bu baxımdan Şahbuz rayonunda da həyata keçirilən quruculuq işləri bu rayonun ən ucqar kəndlərinə qədər uzanıb gedərək quruculuğun sərhəd tanımadığını bir daha göstərməkdədir.
Əgər Şahbuz istiqamətinə çox deyil, cəmi bir il bundan əvvəl yolu düşənlər indi ilin bu gözəl çağında bir də təşrif buyursalar, dediklərimizə özləri şahid olarlar. Naxçıvan şəhərindən başlayan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun hələ ilk kilometrindən insan əli ilə yaradılan möcüzələrin təəssüratı altına düşürsən. Doğrudan da, çox uzaq olmayan keçmişdə inşası illərlə uzanıb gedən yol, körpü tikintisi işlərinin indi bir neçə ay müddətində belə keyfiyyətlə yerinə yetirilməsi inandırıcı gəlmir. Deməli, dəyişən çox şeylər vardır. Dəyişən təkcə görülən işlərdə istifadə olunan yeni texnika deyil, həm də onlardan istifadə texnologiyası və işə yaradıcı, doğma münasibətdir. Tikilən, qurulan nə varsa, bizim və bizim övladlarımız üçündür. İlin bu gözəl çağında Şahbuzun təkcə füsunkar təbiəti ilə deyil, həm də müasir sosial-iqtisadi inkişafı ilə tanış olmaq üçün bu rayona yollandıq.

Şahbuz yolu üzərində əlverişli bir neçə nöqtədə maşını saxlayıb ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm su anbarının panoramasına tamaşa etməyə dəyər. Bu seyr yazını işləməyə açar sözlər verəcək düşüncə dəqiqələridir. Bir-biri ilə növbələşən yamyaşıl relyef mənzərələri, dərin dərə və keçidlərdən çəkilən geniş yollar, dağlar qoynundakı yaşıllıqlarla qucaqlaşmış abad kənd evləri bu yerlərdə təbiətlə insanların ən etibarlı dost və sirdaş olduğundan xəbər verir.

Şahbuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Yerli əhali burada, əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, habelə taxılçılıq və tərəvəzçiliklə də məşğul olur. Şahbuzun yerli məhsulları öz keyfiyyəti ilə seçildiyindən onların tanıdılmasına ehtiyac yoxdur. İlin bu çağından başlayaraq bu dağların bütün dadlı nemətləri – əti, südü, pendiri, balı, qaymağı, pencəri, meyvəsi, tərəvəzi, bir sözlə, burda nə yetişirsə, bazara çıxarılıb şəhərlinin süfrəsini bəzəyəcək, kəndli də səhər tezdən saat altıdan başlayan təsərrüfat qayğılarının bəhrəsini il boyu yeyəcək. Bu məqamda şahbuzlunun müasir həyat tərzinə mühüm təsir edən quruculuq tədbirləri rayon camaatını işdən daha möhkəm yapışmağa sövq edən, torpaq və su resurslarından, əlverişli iqlim şəraitindən daha səmərəli istifadəyə cəlb edən mühüm bir stimuldur desək, yerinə düşər. 
Quruculuq dövrün tələbidir. İstifadə müddəti bitmiş yolun, evin, sosial obyektin yenilənməsi, yenisinin inşa olunması daha yaxşı yaşamağa çalışan insanın ən real tələbatlarındandır. Gəlirlər çoxalıb, sabaha inam da artdıqca insan hər gününü daha keyfiyyətlə keçirməyə can atır. Bunu uzaqlarda deyil, evin içində tapanda isə bu firavanlığı yaradanın əməyi hər şeydən dəyərli gəlir. Şahbuzda da son illərin inkişaf rəqəmlərinə baxanda rayonun bu illər ərzində tamamilə yenidən qurulduğunu görürsən. Belə ki, ötən illər ərzində Şahbuzda 44 inzibati bina inşa edilmiş, 21 ictimai binada əsaslı təmir işləri aparılmışdır. Rayonun qəsəbə və kəndlərində 14 kənd mərkəzi, 9 xidmət mərkəzi, 15-dən artıq bulaq-abidə kompleksi istifadəyə verilmişdir. Rayonda həyata keçirilən quruculuq tədbirləri təhsil, səhiyyə, mədəniyyət və digər sahələri də əhatə etmişdir. Ötən illər ərzində rayonda 21 təhsil, 35 mədəniyyət, 15 səhiyyə müəssisəsi üçün müasir tələblərə cavab verən binalar tikilmişdir.
Hazırda Şahbuz rayonunda quruculuq ünvanları çoxdur. Bunların arasında Şahbuz şəhərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün tikilən binanı, Sələsüz kəndində tikilən kənd və xidmət mərkəzlərini, əsaslı təmir olunan məktəb binasını, Ayrınc kəndində inşa olunan kənd və xidmət mərkəzlərini, Qızıl Qışlaq kəndində tikilən məktəbi, kənd və xidmət mərkəzlərini, Güney Qışlaq kəndində tikilən kənd və xidmət mərkəzlərini, rayonun böyük yaşayış məntəqələrindən biri olan Kükü kəndində tikilən məktəb, kənd və xidmət mərkəzlərini, həkim ambulatoriyasını göstərmək olar. Bunlardan başqa, rayon mərkəzində çəkilişi davam etdirilən içməli su və kanalizasiya xətləri, Ağbulaq kəndində tikintisi yekunlaşdırılmaq üzrə olan istirahət və turizm kompleksi, Naxçıvan-Şahbuz-Batabat magistral yolunun yenidən qurulması rayonun sosial-iqtisadi, mədəni və təsərrüfat həyatında mühüm hadisədir.
Yuxarıda qeyd etdiyimiz kimi, Şahbuz aqrar rayondur. Rayonda təsərrüfatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlərlə tanış olarkən torpağın zəhmət çəkən insana qarşı nə qədər səxavətli olduğuna şahid olursan. 27 min nəfərə yaxın əhalisi olan Şahbuzda nə az, nə çox, 19 minə yaxın arı ailəsinin olması bu fikrimizi təsdiq edir. Zəngəzur və Dərələyəz dağlarının gül-çiçəyinin şirəsindən ərsəyə gələn Şahbuz balının keyfiyyəti və namı haqda danışmaq isə artıqdır. Təqribən bir aydan sonra ölkəmizin paytaxtından tutmuş hər yerdən Şahbuz balını tapıb almaq üçün sifarişlər gələcək. Kənd təsərrüfatının digər sahələrindəki mövcud vəziyyət də uğurlardan xəbər verir. Rayondan aldığımız məlumatlara görə, bu il Şahbuzdakı təsərrüfatlarda 20 min başdan çox iribuynuzlu mal-qara, 109 min başa yaxın xırdabuynuzlu heyvan və 95 minə yaxın quş vardır. Cari ilin məhsulu üçün 1127 hektarı taxıl, 460 hektarı kartof olmaqla, 2655 hektar sahədə əkin işləri aparılmışdır.

Beləliklə, özünün adi təsərrüfat qayğıları ilə yaşayan Şahbuzun muxtar respublikamızın qurucu­luq xəritəsində tutduğu yer bu rayonun iqtisadi, sosial və mədəni sahələrdə inkişafını daha da sürətləndirmiş, ona yeni görkəm qazandırmışdır.

Əli CABBAROV