“Naxçıvanqaz” İstehsalat Birliyindən aldığımız məlumata görə, “Etimad-Naxçıvan” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssisləri tərəfindən tikintisi həyata keçirilən Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində son tamamlama işləri görülür. Layihəyə uyğun olaraq, uzunluğu 81,6 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəmərinin tikintisində Türkiyə istehsalı olan izolyasiyalı metal borulardan istifadə edilib, diametri 559 millimetr, divarının qalınlığı 8 millimetr olan borular 1,8 metr dərinlikdən çəkilib. Yüksək keyfiyyətli qoruma sistemi ilə təchiz edilmiş örtük metal boruları korroziyadan qoruyaraq onun istismar müddətini xeyli artıracaqdır. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz boru xəttinin Xok, Qıvraq, Tənənəm, Dizə, Maxta və Sədərək ərazisindən keçən hissələrində 6 ədəd qazpaylayıcı stansiya quraşdırılıb. Kəmərin 530 millimetrlik Culfa-Naxçıvan xətti ilə birləşmə və Sədərək rayonu ərazisindəki son nöqtələrində xəttin təmizlənməsi məqsədilə 2 ədəd xüsusi avadanlıq quraşdırılıb. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri vasitəsilə yay aylarında gündəlik 80 min kubmetr, qış aylarında isə gündəlik 360 min kubmetr mavi yanacaq nəql olunacaqdır.

Xəbərlər şöbəsi