Regionumuzun təbii resurslarından səmərəli istifadə yeni elektrik stansiyalarının tikintisinə geniş imkanlar açmış, 2011-ci ilin fevral ayında Şərur rayonu ərazisindəki Arpaçay üzərində gücü 20,5 meqavat olan Arpaçay və noyabr ayında Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik stansiyalarının, 2012-ci ildə Arpaçayın aşağı gölü üzərində 1,4 meqavat güclü “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinə başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən aldığımız məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayından başlanılan Arpaçay Su Elektrik Stansiyasında 3 turbin və 3 generator quraşdırılmış, stansiya binasının tikintisi başa çatdırılmışdır. Ərazidə yeni elektrik yarımstansiyası qurulmuş, istehsal olunan elektrik enerjisinin şəbəkəyə ötürülməsi məqsədilə 14 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Arpaçay Su Anbarından stansiyaya qədər 1100 metr uzunluğunda tunel çəkilmiş, 45 metr dərinliyində havaboşaldıcı və su anbarından tunelə suyun ötürülməsi məqsədilə su­ötürücü dəmir-beton qurğu inşa edilmişdir.
Elektrik stansiyasının gücü 20,5 meqavat, illik istehsalı isə 60 milyon kilovat-saatdır. Hazırda elektrik stansiyası 17 meqavat güc ilə sınaq rejimində işləyir. İdarəetmə otağında quraşdırılan müasir avadanlıqlar və kompyuter dəstləri stansiyanın iş rejimini daim nəzarətdə saxlamağa imkan verir.

“Arpaçay -2” Su Elektrik Stansiyasında hər birinin gücü 0,7 meqavat olan 2 ədəd Avstriya və Fransada istehsal edilmiş turbin və generator, 250 kva güclü 35/04 kilovoltluq transformator qoyulacaq. Suqəbuledici qurğu və 55 metr uzunluğunda suaparıcı kanal inşa ediləcək. Turbinlərin tam gücü ilə işləməsi üçün stansiyaya saniyədə 17 kubmetr su veriləcəkdir. İstehsal olunan elektrik enerjisi yaxınlıqdan keçən 35 kilovoltluq elektrik verilişi xətti ilə şəbəkəyə ötürüləcəkdir. Hazırda turbin binasında tikinti-quraşdırma işləri davam etdirilir. 
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün buraya “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmuşdur. Obyektdə texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməklə normal iş şəraiti yaradılmışdır.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, regionda elektrik enerjisinə olan tələbatın su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına tamamilə ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edə biləcək.

Xəbərlər şöbəsi