Şərur Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə görüş keçirilib. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, nağdsız hesablaşmaların üstünlükləri və POS-terminallardan ödəniş aparılmasının əhəmiyyəti, vergi qanunvericiliyinə dair vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə keçirilən tədbiri giriş sözü ilə rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri İsmayıl Fətullayev açıb.
O, vergi sistemində aparılan islahatlar nəticəsində muxtar respublikamızda müasir vergi inzibatçılığının formalaşdırıldığını, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi qurulduğunu, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin, POS-terminalların yaradıldığını, “Elektron hökumət” layihəsi sahəsində mühüm işlər görüldüyünü vurğulayıb, 2013-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri ətraflı təhlil edib.
Şöbənin vergi ödəyicilərinə xidmət bölməsinin rəisi, kiçik vergi xidməti müşaviri Allahverdi İsmayılov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” təsdiq edilib. Həmin qaydalara uyğun olaraq, POS-terminalların ticarət, ictimai iaşə, məişət və digər növ xidmət müəssisələrində, yəni idman və sağlamlıq komplekslərində, səhiyyə, istirahət və əyləncə obyektlərində, mehmanxanalarda, turizm şirkətlərində, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində və sair bu kimi xidmət sahələrində quraşdırılması nəzərdə tutulub.

Vurğulanıb ki, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində də POS-terminallar tətbiq ediləcək.
Tədbirdə qeyd edilib ki, rayon Vergilər Şöbəsində POS-terminalların tətbiqi və istifadəsi ilə bağlı nəzarət-təşkilati qrup yaradılıb. Həmin qrup tərəfindən meyarlara uyğun POS-terminal tətbiq ediləsi obyektlər müəyyənləşdirilib və onlara bununla bağlı bildirişlər göndərilib.
Vergi ödəyiciləri ilə, eləcə də bu sahə üzrə ictimaiyyətin daha da məlumatlandırılması məqsədilə maarifləndirici seminar-məşğələlər keçirilib, nağdsız ödənişlərin əhəmiyyəti barədə maarifləndirmə işləri genişləndirilib.
Bildirilib ki, görülən işlər nəticəsində 2013-cü ilin ötən dövrü ərzində rayonun ticarət, iaşə və digər xidmət obyektlərində 13 ədəd POS-terminalın quraşdırılmasına, vergi orqanlarında qeydiyyatdan keçirilməsinə nail olunub.
Tədbirdə o da diqqətə çatdırılıb ki, vergi ödəyiciləri ilə ardıcıl olaraq keçirilən belə görüşlər vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və etimadın yüksəlməsinə, sahibkarların üzləşdikləri problemlərin yerindəcə həll edilməsinə, vergidənyayınma hallarının aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında ödənilməsinə müsbət təsir göstərir.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Cəfər ƏLİYEV