Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə həyata keçirilmiş, 1919-cu ildə Bakıdan qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Krasnovodskda yerə enmişdir. 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi xəttə çıxarılmışdır. İki il sonra “Yunkers” təyyarəsi ilə Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin daşınmasına başlanmışdır. 1938-ci il iyunun 2-də isə Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda bu nəqliyyat növünün dünya standartları səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həyatımızın bütün sahələrinin inkişafını diqqətdə saxlayan ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dövründə Gəncədə, Yevlaxda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Naftalanda hava limanları tikilmişdir. Bu limanlar “YAK-40” təyyarələrini qəbul etmək imkanına malik idilər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda digər sahələr kimi, aviasiya da ağır vəziyyətə düşmüşdü. Böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədəki problemlər də aradan qaldırılmışdır.

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. 1800 metrlik uçuş-enmə zolağı olan bu hava limanı o dövrün tələblərinə hesablanmışdı. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı.
Bütün bu reallıqları nəzərə alan ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Hava Limanı ilə bağlı iki dəfə qərar qəbul etmişdir. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirilmiş, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı istifadəyə verilmişdir. O vaxta qədər hava limanı üçüncü dərəcəli təyyarələri qəbul edirdisə, uçuş-enmə zolağının yenidən qurulması nəticəsində hava limanı “TU-154” tipli təyyarələri qəbul etməyə başladı. Gün ərzində 800-1000 nəfər hava limanının xidmətindən istifadə etmək imkanı əldə etdi.

Hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bunu nəzərə alan ulu öndər hava limanının yenidən qurulması barədə qərar qəbul edərək 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirmiş və həmin müşavirədə demişdir: “Naxçıvanda yaşayan insanların təyyarədən istifadəyə ehtiyacı bütün başqa yerlərdə yaşayan insanlara nisbətən çoxdur. Mən çoxdan bu fikirdə idim ki, Naxçıvan Hava Limanını yenidən quraq, yeni bir hava limanı tikək. Birincisi, gərək elə edək ki, təyyarələr buradan təkcə Bakıya, Gəncəyə yox, bir çox istiqamətlərə uçsun. İkincisi də, Naxçıvan öz coğrafi vəziyyətinə görə elə yer tutur ki, burada beynəlxalq standartlara uyğun hava limanının olması təkcə Naxçıvan üçün yox, bütün qonşu ölkələr üçün də çox əhəmiyyətli olacaqdır”.
2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir. Burada uçuşları idarəetmə məntəqəsi, VİP salonu, yük terminalı, yanacaq anbarları, yanğınsöndürmə binası, 2 istilik mərkəzi, transformator yarımstansiyaları, su anbarları istifadəyə verilmiş, avtomobil dayanacağı yaradılmışdır. Binanın ikinci mərtəbəsində müasir standartlara cavab verən yüksək səviyyəli avianaviqasiya qurğuları quraşdırılmışdır. Hava limanından Naxçıvan-Culfa magistralına qədər 350 metr uzunluğunda beton yol salınmış, ətrafdakı ərazidə böyük yaşıllıq zolağı yaradılmışdır. 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmiş, həmin il may ayının 12-də ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə limanın açılışı olmuşdur.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından ölkəmizin şəhərləri ilə yanaşı, İstanbul və Mos­kva şəhərlərinə cədvəl üzrə müntəzəm uçuşlar həyata keçirilir. Hava limanının gələcək perspektiv planında uçuşların sayının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası müntəzəm əsasda möhkəmləndirilir, hava limanına müxtəliftəyinatlı və yüksək texniki göstəriciyə malik yeni maşın-mexanizmlər verilir. Bu il hava limanına təyyarə yanacağı daşıyan “MAN” markalı ağırtonnajlı avtomobil, “Mercedes-Benz” markalı yanacaqvuran avtomobil, “Abus-6300” markalı avtobus, “ISUZU” markalı tibbi avtomobil, avtotrap və avtokonveyerlər, qoşqular və təyyarə dartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, “CAT” markalı ekskavator, 2 “Fiat-Doblo” markalı, 5 “NAZ Lifan X-60” markalı avtomobil, VİP sərnişinlərinə xidmət üçün “Mercedes-Benz” markalı yeni mikroavtobus, “Hobart” tipli təyyarə elektrik qidalandırıcısı və “TUG” markalı təyyarə mühərrikini hava ilə işə salan aqreqat, uçuş-enmə zolağında ilişmə əmsalını ölçən müasir­­tipli skidoometr avadanlığı alınıb gətirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə bütün işıq-elektrik sistemi, rabitə qurğuları daim texniki baxışdan keçirilir, istifadə olunan maşın-mexanizmlər əsaslı təmir edilərək saz vəziyyətdə saxlanılır. Yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi burada saatda 300 sərnişinə xidmət göstərməyə imkan verir. Sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, 2011-ci ildə hava limanında yeni VİP salonu istifadəyə verilmiş, VİP salonuna Naxçıvan-Culfa magistralından yeni yol çəkilmiş, ərazidə avtomobil dayanacaqları yaradılmış, ətrafda yaşıllaşdırma işləri aparılmış, geniş park salınmışdır. Hava limanının beton örtüklü enmə zolağında və təyyarə dayanacağında əsaslı təmir işləri aparılmışdır. Hazırda hava limanı üçün 4 mərtəbəli yeni inzibati bina inşa olunur. Həmçinin bu il aerovağzal terminalında yenidənqurma işləri aparılacaq, sərnişinlərin təyyarəyə birbaşa keçidini təmin etmək məqsədilə 2 ədəd teleskopik trap quraşdırılacaqdır. Bütün bu tədbirlərin həyata keçirilməsi saatda 600 sərnişinə xidmət göstərməyə imkan verəcəkdir.
Bu gün hava limanında daşımaların təşkili və aviasiya təhlükəsizliyi xidmətləri beynəlxalq aviasiya təhlükəsizlik təlimatlarına uyğun olaraq qurulmuşdur. Bununla yanaşı, şəxsi heyətin Milli Aviasiya Akademiyasına müvafiq ixtisaslar üzrə ixtisasartırma, ilkin hazırlıq kurslarına göndərilməsi ixtisaslı kadrlara olan tələbatın ödənilməsinə şərait yaradır.

Muxtar respublikamızda mülki aviasiya işçilərinə böyük diqqət və qayğı göstərilir, onların əməkhaqları artırılır, fərqlənənlərin əməyi qiymətləndirilir. Naxçıvan Beynəlxalq Hava Limanının şəxsi heyəti uçuşların təhlükəsizliyini təmin etmək və sərnişinlərə nümunəvi xidmətin səviyyəsini yüksəltmək üçün səylərini daha da artırır.

“Şərq qapısı”