Elektron hökumətin əsas atributlarından biri də elektron imzadır. Elektron imza rəqəmsal dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, gücləndirilmiş elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhurlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birlərindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilir.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasındakı “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdan ibarətdir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.

Mövcud şəbəkədə təhlükəsizliklə bağlı yaranan zərurətlər vardır. Bu baxımdan elektron imzanın üstünlükləri bu problemlərin həllinə şərait yaradır. Elektron imzanın bir sıra üstünlükləri var və bunlara qısa nəzər salaq. Elektron imza sənədlərin və məlumatların mübadiləsi zamanı bunu başqalarının izləməsini, göndərilən sənədlərə hər hansı dəyişiklik edilməsini və məsuliyyətdən yayınmanı mümkünsüz edir, iddiaları aradan qaldırır, həqiqiliyə heç bir şübhə qalmır.
Elektron sənəd dövriyyəsi şəraitində sənədlər elektron şəkildə yaradılır və ötürülür. Bəzi hallarda daxil olan sənədlər qeydiyyat mərhələsində elektron şəklə çevrilir. Kağız mətn skan əməliyyatı ilə kompyuterə köçürülərək onun elektron variantı alınır və sonra o, mətn faylına çevrilir. Sənədin sonrakı göndərilməsi elektron şəkildə həyata keçirilir. Bundan sonra sənədlərin elektron imzalanması aparılır.
Sənəd konkret şəxsə göndərilir və sənəddəki imza yalnız onu oxuyacaq şəxs üçün qoyulur. İmzanın məqsədi isə birdir: bu sənədin məhz bu şəxs tərəfindən imzalanmasının təsdiqlənilməsi. Biz imzalanmış kağız-sənədi aldıqda bu sənəddə şəxsin imzasını görürük. İmzalanmış sənəd bizim üçün müəyyən qüvvəyə malikdir və biz onun əsasında fəaliyyət göstəririk.
Lakin kağız sənədləri ilə iş zamanı aydın olanlar elektron sənədlərlə iş zamanı tamamilə naməlum olur. Elektron sənəddə və ya “qeydiyyat kartı” adlanan onun təsvirində sənədin kim tərəfindən və nə zaman imzalandığı haqqında məlumat vardır. Yalnız sənədin potensial oxuyucusu əmin olmaq istəyir ki, sənədi məhz bu şəxs imzalamış və onun imzalandığı andan məzmunu dəyişil­məyib, yəni sənədin əslidir, ona görə də ona kağız sənədi kimi etibar etmək olar. Bu məsələ elektron sənədlər üçün şəxsi imzanın analoqu olan elektron imza kartı tərəfindən həll olunur.
Elektron imzanın elektron hökumət və elektron ticarət məqamlarında istifadəsinə aid bir neçə nümunəyə diqqət yetirək. Elektron imzanın sosial müdafiə sistemində tətbiqi nəticəsində saysız-hesabsız sənədlərin toplanması, arayışların alınması prosesi aradan qalxacaq. Elektron imza sahiblərinin bürokratik əngəllərə rast gəlmələrinə imkan verilməyəcək, hansısa məmurun sənədə imza edəcəyini çox gözləmək lazım olmayacaq. Həmçinin elektron imza vətəndaşların qəbul otaqlarında vaxt itkisini aradan qaldıracaq.
Elektron imzanın sosial və iqtisadi mühitin bütün sahələrində istifadəsi və tətbiqi mümkündür. Sorğuların keçirilməsi, şəxsiyyətin təyini və şəxsiyyət vəsiqəsinin verilməsi, vergi ödəmələri, sosial müdafiə, sağlamlıq kartları, elektron seçkilər, tədris prosesi, elektron imtahan, virtual satın­almalar, elektron bələdiyyə və internet bankçılıq sistemlərində elektron imza tətbiq olunacaq.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti