Mayın 25-də Qəbələ şəhərində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici-İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə Biznes-Forumu keçirilmişdir.
Hər üç ölkədən dövlət və hökumət nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının becərilməsi, saxlanılması, emalı və daşınması), tikinti, turizm, tekstil, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Gürcüstan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayan biznes-forumda muxtar respublikanı “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərindəki ofislərinin nümayəndələri təmsil etmişlər.
Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçirilmişdir. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Forumun iştirakçıları bir sıra istehsal müəssisələrinin fəaliyyəti, eləcə də Qəbələdəki turizm imkanları ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti