22 dekabr 2012-ci il tarixdə keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən bank qurumları qarşısında da bir sıra vəzifələr müəyyənləşdirmişdir. Ötən dövr ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər və görüləcək işlər barədə suallarımızı idarənin Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi Şəmsəddin Sevdimalıyev cavablandırır. 

– Bu ilin ilk 4 ayı ərzində nə qədər kredit verilib?
– Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 may 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 85 milyon 950 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 19 milyon 202 min manat, uzunmüddətli kredit qoyuluşu isə 66 milyon 748 min manat təşkil edir.
Muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu, əsasən, real sektorun inkişafına yönəldilmişdir ki, bu da yerli sənaye və istehlak malları istehsalının həcminin artmasında, yeni iş yerlərinin yaranmasında mühüm rol oynamışdır.

Səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına təsir göstərən əsas amillərdən biri olmuşdur. Bank və digər kredit təşkilatları tərəfindən 2013-cü ilin ilk 4 ayı ərzində 13 milyon 847 min manat kredit verilmişdir. Bunun da 4 milyon 693 min manatı qısamüddətli, 9 milyon 154 min manatı isə uzunmüddətli kreditdir. Cari ilin ilk 4 ayı ərzində verilmiş kreditin 2 milyon 982 min manatı kənd təsərrüfatı, 488 min manatı sənaye, 4 milyon 100 min manatı tikinti, 300 min manatı nəqliyyat sahələrinə, 683 min manatı kommersiya, 60 min manatı maliyyə fəaliyyəti üçün, 230 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 5 milyon 4 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilmişdir.
Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərən 4 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə 6 mindən çox şəxsə kənd təsərrüfatı məhsulları istehsalı və biznes üçün 3 milyon 149 min manat, o cümlədən 2 milyon 877 min manat qısamüddətli, 272 min manat isə uzunmüddətli kredit verilmişdir. Həmin kreditlərin 22,7 faizi bank olmayan kredit təşkilatlarının payına düşür. Gələcəkdə bu cür kreditlər verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır.
– Bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində hansı işlər görülür?
– Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də lazımi tədbirlər həyata keçirilmişdir. Banklar tərəfindən 2013-cü ilin ilk 4 ayında 2171 hüquqi, 17811 fiziki şəxs olmaqla, 19982 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 17055-i işlək hesab olmuşdur ki, onların 1223-ü hüquqi, 15832-si fiziki şəxsdir.
Qeyd olunan dövrdə 16 hüquqi, 3044 fiziki şəxs olmaqla, 3060 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 3022-si fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatının artırılması və emissiyanın artım tempinin aşağı salınması istiqamətində də lazımi işlər görülmüşdür.
Qeyd olunan dövrdə Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 155 milyon 360 min manat nağd pul dövriyyəyə buraxılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 655 min manat və ya 11,2 faiz çoxdur. Bu isə onu göstərir ki, muxtar respublikanın iqtisadiyyatına yönəldilən investisiyanın həcmi durmadan artır və sosial-iqtisadi həyat dinamik inkişaf edir.
– Elektron ödəniş sisteminə keçid hansı səviyyədədir?
– Muxtar respublikada ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılır. 1 may 2013-cü il tarixə onların sayı 177 ədəd olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 89 ədəd artmışdır.
Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 84 ədəd bankomatla xidmət göstərilmişdir. Həmin bankomatların 50-si Naxçıvan şəhərində, 34-ü isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrindədir. Muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunmuşdur. Eyni zamanda əlavə bankomatların gətirilərək böyük kənd­lərdə qurulması istiqamətində işlər aparılır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 148 min 943 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartı alanların ümumi sayı 170 min 846 ədədə çatmışdır.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq əməkhaqqı, pensiya və digər sosial ödəmələrin ödəniş kartları ilə verilməsi ilə yanaşı, büdcə və büdcədənkənar xərclərin aparılmasında 100 faiz hüquqi şəxslərə verilən korporativ kartlardan istifadə olunur.
– Valyuta mübadilə şöbələrinin işini qənaətbəxş saymaq olarmı?
– Muxtar respublikada Mərkəzi Bankın lisenziyası ilə 21 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir. Bu şöbələrdə əhaliyə xarici valyuta mübadiləsi və digər xidmətlər göstərilir.
Regionda fəaliyyət göstərən 13 bank qurumunun hamısında 19 növ təcili pul köçürmələri sistemi vardır. 2013-cü ilin ilk 4 ayı ərzində təcili pul köçürmələri vasitəsilə dünyanın 45-dən çox ölkəsindən muxtar respublika sakinlərinin adına 2 milyon 430 min ABŞ dolları məbləğində pul köçürülmüş və banklar vasitəsilə ödənilmişdir.
– Keçmiş SSRİ dövründən qalmış əmanətlərin qaytarılması prosesi necə gedir?
– Əvvəlcə onu qeyd edim ki, 1 may 2013-cü il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 3 milyon 576 min manat, o cümlədən xarici valyuta ilə 1 milyon 22 min manat təşkil edir. Eyni zamanda banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq, 4 faizdən 20 faizədək illik faiz ödənilir.
1 iyun 2012-ci il tarixdən etibarən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Naxçıvan Muxtar Respublikası idarə və şöbələrində olan əmanətçilərinin ərizələrinin qəbuluna və birdəfəlik fərdi ödəmələrə başlanılmışdır. Muxtar respublika üzrə 64 min 944 nəfər əmanətçidən 1 may 2013-cü il tarixə 37 min 459 nəfərin ərizəsi qəbul olunmuş, 1 may 2013-cü il tarixə 37 min 459 nəfərə 13 milyon 983 min 941 manat birdəfəlik fərdi ödəmə həyata keçirilmişdir.
– Qarşıda duran vəzifələr və görüləcək işlər barədə nə deyə bilərsiniz?
– Bu il özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə verilən kreditlərin coğrafiyası tələbata uyğun genişləndiriləcək, kənd təsərrüfatı kreditlərinin verilməsində daha münasib faiz dərəcələrinin tətbiqi və verilmiş kreditlərin vaxtında qaytarılması diqqət mərkəzində saxlanılacaqdır. Nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, emissiyanın artım tempinin aşağı salınması, sabit pul-kredit siyasətinin həyata keçirilməsi, bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi, bank infra­strukturunun inkişafı, qeyri-nağd ödənişlərin miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi nəzarətdə saxlanılaraq Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən icrası təmin olunacaqdır.
– Müsahibə üçün sağ olun.

Muxtar MƏMMƏDOV