Naxçıvan şəhərinin Heydər Əliyev prospekti bu gün böyük tikinti meydançasını xatırladır. Belə ki, prospektin ayrı-ayrı ünvanlarında müxtəliftəyinatlı quruculuq tədbirləri həyata keçirilir. Onlardan biri də 32 nömrəli yaşayış binasıdır. Ötən əsrin 40-cı illərinin sonlarında inşa edilmiş bu bina müasir tələblərə cavab vermədiyindən müəyyən hissələri sökülərək yenidən qurulur. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin bir qrup inşaatçısı bir aya yaxındır ki, bu binada çalışır. Tikintinin iş icraçısı Aqil Mirzəyevdən aldığımız məlumata görə, yeni layihəyə əsasən, 2 mərtəbəli binaya daha bir mərtəbə əlavə ediləcək, bütün mənzillərin yaşayış sahəsi 20 kvadratmetrədək artırılacaq. Bunun üçün binanın özülünün möhkəmləndirilməsinə başlanılıb. Binada digər quruculuq işləri də paralel olaraq sürətlə davam etdirilir.

Səbuhi HƏSƏNOV