Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 564 milyon 377 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 13,3 faiz çoxdur. 

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 11,6 faiz artaraq 1316,5 manata (1677,7 ABŞ dollarına) çatmışdır.

*     *     *

2013-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 274 milyon 181 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,4 faiz üstələmişdir.

 

*     *     *

Qeyd olunan dövrdə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 300 milyon 547 min manat həcmində investisiya yönəldilmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,8 faiz artmışdır.

*     *     *

Cari ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə xidmətlərinin həcmi 14 milyon 952 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 709 min manat olmaqla, bir il öncəki göstəricini 6,5 faiz üstələmişdir.

*     *     *

2013-cü ilin yanvar-aprel aylarında muxtar respublikada 30 milyon 100 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4,5 faiz üstələmişdir. Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 6,6 min ton ət (diri çəkidə), 23,6 min ton süd, 31 milyon 300 min ədədə yaxın yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 5,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 1,2 faiz artmışdır.

*     *     *

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 436 milyon 91 min manat, onun hər bir nəfərə düşən həcmi isə 7,5 faiz yüksələrək 1017 manat təşkil etmişdir.

*     *     *

Aparılan məqsədyönlü iqtisadi siyasət muxtar respublikada əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmışdır. 2013-cü ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 373,2 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artmışdır.

*     *     *

1 may 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 19982-yə çatmışdır ki, bunun da 17055-i və ya 85,4 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-aprel ayları ərzində açılmış 3060 bank hesabının 3022-si və ya 98,8 faizi aktiv hesablardır.

*     *     *

2013-cü ilin yanvar-aprel aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 128 milyon 686 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 6 faiz artaraq 79 milyon 690 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 30 milyon 694 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

*     *     *

Bu ilin qeyd olunan dövründə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 13 milyon 847 min manat həcmində kreditlər verilmişdir.

*     *     *

1 may 2013-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8728 nəfər və ya 2,1 faiz artaraq 430103 nəfər təşkil etmişdir. 2013-cü ilin yanvar-aprel aylarında 3500 körpə doğulmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 nəfər çoxdur.

 

 

Â