Ekoloqların fikrincə, Naxçıvan Qafqazda ən quraq coğrafi ərazidir. Buna səbəb muxtar respublikanın dağlıq ərazidə yerləşməsidir. Ancaq min illərdir, burada məskən salan insanlar təbiətlə düzgün davranmaq, onunla “dostluq etmək” üçün yollar axtarıblar. Nəticədə, yayı isti, qışı soyuq, təbii yaşıllıq zolaqları ölkənin digər regionlarına nisbətən az olan Naxçıvanda bəzi təbii problemlər insanlar tərəfindən uğurla həll edilib. Bu istiqamətdə görülən işlərin ən nəzərə çarpanı hər il muxtar respublikada reallaşdırılan yaşıllaşdırma tədbirləridir.
Naxçıvanda yaşıllıq zolaqlarının ərazisi 1990-cı illərin əvvəli ilə müqayisədə dəfələrlə artıb. Əgər həmin illərdə muxtar respublika ərazisinin cəmi 1 faizi yaşıllıqlardan ibarət idisə, hazırda bu rəqəm 10 faizdir. İndi Naxçıvanın bütün rayonlarına istiqamətlənən yolların kənarlarında salınan yaşıllıq zolaqları ən uzaq yolu belə yaxın edir. Avtomobillə gedərkən sanki əks istiqamətdə hərəkət edərək yolçulara xoş gəldin edən və müxtəlif növlərdən ibarət ağac cərgəsi insanı darıxmağa qoymur. Digər tərəfdən yol kənarlarında salınan yaşıllıqlar, sözün əsl mənasında, avtomobillərdən çıxan zərərli qazların təsirini azaltmaq üçün əvəzsiz vasitədir. Avropa ölkələrində bu gün istənilən istiqamətdə uzanan yolların kənarına məhz bu məqsədlə ağaclar əkilir. Hətta mütəxəssislərin fikrincə, meyvə ağaclarında bu xüsusiyyət daha yüksəkdir. Çünki öz məhsulunu kənar təsirlərdən qorumaq üçün meyvə ağacları instiktiv olaraq zərərli qazları yarpaqlarında toplamaqla onları zərərsizləşdirə bilir. Nəticədə isə insanlar üçün faydalı olan oksigen mühiti yaranır.

Bu günlərdə tarixi və dini abidəmiz sayılan Əshabi-Kəhf ziyarətgahının ərazisində yeni yaşıllıqlar salan ekoloqlarla görüşdük. Etiraf edək ki, indiyədək burada təbii şəkildə ağac bitməyib: yalnız müqəddəs sayılan dağdağandan başqa. İndi isə Əshabi-Kəhf ziyarətgahı ərazisində 10 hektardan artıq yeni meyvə bağı salınıb. Ötən illərdə əkilən ağacların bəziləri artıq məhsul verib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yaşıllıqlara aqrotexniki qulluq göstərirdilər. 33 il bu işlə məşğul olan Rüstəm Əliyev ərazidə daha çox badam ağaclarının əkildiyini deyir. Çünki badam həm susuzluğa, həm də quraqlığa davamlı ağacdır. Ona görə də burada onu əkmək daha məsləhətdir. Digər tərəfdən Naxçıvanın iqliminə uyğunlaşan tut, ərik, iydə də Əshabi-Kəhf ziyarətgahında salınan meyvə bağlarının “sakinləridir”. Bu ağaclar da kontinental iqlimi olan Naxçıvan üçün xarakterikdir.
Burada ağaclar uzun illərdir, Naxçıvanda tətbiq edilən damcı üsulu ilə suvarılır. Nəticədə, həm suya qənaət edilir, həm də torpağa əkilən tinglərin inkişafı üçün münbit şərait yaranır. “Ekoloqların məqsədi birdir: əkilən hər bir tingi ərsəyə gətirmək və istənilən halda onu təbiətin şıltaqlığından qorumaq. Kökü torpağa möhkəm bərkiyəndən sonra bu ağaclar özləri təbii hadisələrə qalib gələ biləcəklər. Hələlik, indi onların insan qayğısına ehtiyacı var”. Bu sözləri Rüstəm Əliyev deyir.
Yeni salınan yaşıllıqlar həm də gələcəkdə muxtar respublikada meyvəçiliyin inkişafına əsaslı stimul olacaqdır. Çünki müxtəlif ərazilərdə əkilən minlərlə meyvə ağacı gələcəkdə toplanılacaq tonlarla məhsul deməkdir. “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ərazisindəki yeni yaşıllıq sahəsi buranı ziyarət edən turist-zəvvarlara xoş əhval bəxş edəcək amillərdəndir. Çılpaq dağ yamaclarında Naxçıvan insanının yaratdığı bu möcüzə təbiətə sədaqət nümunəsidir. Yaşıllıqlar həm də muxtar respublika sakinlərinin, onun zəhmətkeş insanlarının təbiətlə ünsiyyətinin, ona olan sevgisinin təzahürüdür. Əks halda, təbiətin özünün ağac, kol bitirmədiyi dağ yamaclarında onu ram etməklə belə təbii gözəlliklər yaratmaq mümkün olmazdı.

Səməd CANBAXŞIYEV