Bu istiqamətdə aparılan maarifləndirici tədbirlər yetərli deyil

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının inkişafı mühüm əhəmiyyət daşıyır. Ona görə də bu gün həmin vəzifələrin həlli üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Belə ki, torpaq mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad ediliblər. Məhsul istehsalını stimullaşdırmaq məqsədilə torpaq mülkiyyətçilərinə istifadə etdikləri yanacaq və motor yağlarına görə subsidiyalar verilir, tələb olunan gübrənin 50 faizinin güzəştli satışı təmin edilir. Həmçinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilmiş müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları, keyfiyyətli toxum və damazlıq cins mal-qara lizinq yolu ilə məhsul istehsalçılarına satılır. Bütün bunların müqabilində kənd adamlarının iş yerinə çevrilən torpaqlardan təyinatı üzrə istifadə olunurmu? Bu suala cavab tapmaq üçün muxtar respublikanın müxtəlif rayonlarında araşdırmalar apardıq.

Naxçıvanda sahibkarlıq fəaliyyətinin böyük bir hissəsi aqrar bölmənin payına düşür. İctimai təsərrüfatlarda olan torpaq sahələrinin əhaliyə paylanılması, bu torpaqlardan səmərəli istifadə edilməsi üçün son illərdə yaradılmış şərait bir sıra uğurlara stimul olub, torpaq mülkiyyətçilərinin regionda ərzaq təhlükəsizliyinin təminatında fəal iştirakını sürətləndirib. Torpaqlardan elmi-texniki metodologiyaya uyğun olaraq istifadə etmək bu günün tələbidir. Bunun üçün də muxtar respublikada bütün imkanlardan istifadənin reallaşdırılması diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Müxtəlif dövlət strukturları qarşısında qoyulan vəzifələr də bu məqsədə xidmət edir. 2011-ci il may ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə keçirilmiş müşavirədə Ali Məclisin Sədri torpaqların və əkinlərin rayonlaşdırılması və pasportlaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, torpaqların tərkibinin öyrənilməsi, əkilən bitki növlərinə müvafiq olaraq torpaqların və əkinlərin rayonlaşdırılmasının elmi əsaslarla təşkil olunması ilə əlaqədar tapşırıqlar verib.

Müşavirədə qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin keçirilməsi ilə bağlı yerlərdə sahibkarlar və torpaq mülkiyyətçiləri arasında məlumat və maarifləndirmə xarakterli tədbirlər görməlidirlər. Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın bütün rayonlarının torpaq xəritələri, coğrafi şəraiti və ərazisində yayılmış torpaq tiplərinə görə kənd təsərrüfatında əkinçiliyin əsas istiqamətlərinə dair tövsiyələr – əkin atlasları hazırlanıb. Bu iş Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilib. Məlumat üçün bildirək ki, tövsiyələrdə torpaq növləri, torpaqların qida maddələri ilə təminolunma dərəcələri, digər məsələlər öz əksini tapıb. Torpaq mülkiyyətçiləri öz işlərini həmin məlumatlar əsasında qurarsa, bol məhsul istehsalına nail ola bilərlər. Bunun üçün maarifləndirici tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır.
Bir qədər araşdırma apardıqdan sonra belə qənaətə gəldik ki, tövsiyələrdəki məlumatlar bu gün torpaq mülkiyyətçiləri üçün etibarlı mənbə olsa da, hələlik, onlardan istifadənin vəziyyəti qənaətbəxş deyildir. Yuxarıda adıçəkilən təşkilatlar mütəxəssislərin və təcrübəli torpaq mülkiyyətçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçiriblər. Həmin tədbirlərin əksəriyyətində biz də iştirak etmişik. Gəldiyimiz nəticə ondan ibarət olub ki, bu gün torpaq mülkiyyətçilərinin təcrübəli təsərrüfatçılara və əkin atlaslarından istifadəyə ehtiyacları var. Təcrübəli təsərrüfatçılar isə muxtar respublikamızda yüzlərlədir. Babək rayonunda Tofiq Abutalıbov, Ordubad rayonunda İsrafil Məmmədov, İmran İbrahimov, Abbas Ağayev, İsfəndiyar Şabanov, Culfa rayonunda Savalan Qənbərov və başqaları bütün ömürləri boyu torpaqla təmasda olublar. Bu qiymətli sərvətin dilini yaxşı bilirlər. Bu gün onların təcrübəsindən istifadə etmək olmazmı? Harada ki belə insanların təcrübəsindən istifadə edirlər, bol və keyfiyyətli məhsul istehsalına nail olunur. Dövlətin bu məsələ üçün ayırdığı vəsait də itmir. Həmçinin muxtar respublikaya digər yerlərdən baha qiymətə gətirilən, genefondu bəlli olmayan ərzaq məhsullarının idxalının qarşısı alınır. Nəticə etibarilə, bu həm də insan sağlamlığına xidmət edir.
Təəssüf ki, adıçəkilən qurumlar tərəfindən belə tədbirlərin mütəmadi keçirilməsinə diqqət yetirilmir. Bu istiqamətdə görülən az-çox iş də tədbir xatirinə tədbir keçirmək təsiri bağışlayır. Şərur, Culfa və Kəngərli rayonlarında gördüklərimiz, torpaq mülkiyyətçiləri ilə söhbətlərimiz belə deməyə əsas verir ki, torpaq xəritələrindən istifadənin vəziyyəti qənaətbəxş deyil. Bu rayonların elə icra nümayəndəlikləri və bələdiyyələri var ki, onlar heç həmin xəritələrlə təmin belə olunmayıblar. Məsələn, Şərur rayonunun Şəhriyar, Kürçülü, Kürkənd, Maxta yaşayış məntəqələrində olduq. Kənd adamları ilə söhbət zamanı bildirdilər ki, ümumiyyətlə, yuxarıda adları çəkilən təşkilatlardan və digər aidiyyəti orqanlardan bu yaşayış məntəqələrinə gələn olmayıb. Zeyvə və Düdəngə kəndlərinin torpaqlarının qida maddələri ilə təminolunma kartoqramı olsa da, həmin kəndlərdə də bu mövzuda söhbətlər aparılmayıb.
Eyni sözləri Kəngərli rayonuna da aid etmək olar. Rayonun ən böyük yaşayış məntəqəsi Qarabağlar kəndidir. Bu yaşayış məntəqəsinin məhsuldar torpaq sahələri var. Kəndin suvarma suyuna olan tələbatı da ödənilib. Torpaq mülkiyyətçiləri ötən ilin payızında 192 hektar sahədə taxıl əkini keçiriblər. Bu iş yazda da davam etdirilib, digər əkinçilik məhsulları istehsalı üçün mövcud imkanlardan istifadə olunub. Ancaq bu kənddə də maarifləndirici tədbir aparılması barədə söhbət gedə bilməz. Rayonun Şahtaxtı, Yurdçu və digər kəndlərində də vəziyyət ürək­açan deyil. Bu yaşayış məntəqələrinin torpaq mülkiyyətçiləri də əkin atlasları ilə bağlı heç bir söhbət aparılmadığını bildirdilər.
Əkinçilik üçün hərtərəfli imkanlar mövcud olan Culfa rayonunda da bu vacib məsələyə münasibətin xoşagələn olmadığını gördük. Rayonun Camaldın, Əbrəqunus, Bənəniyar, Saltaq, Kırna və digər yaşayış məntəqələrinin sakinləri onlarla heç bir maarifləndirici tədbirin keçirilmədiyini dedilər. Buna ehtiyacları olduğunu dilə gətirdilər.
Araşdırmalarımızın nəticələri ilə qısaca da olsa, oxucularımızı və aidiyyəti təşkilatları tanış etdik. Xatırlatmaq istəyirik ki, bu il mart ayının 29-da Naxçıvan Biznes Mərkəzinin açılışında muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla keçirilən işgüzar görüşdə kənd təsərrüfatı məhsullarının istehsalında hər bir rayonun yerli iqlim və torpaq xüsusiyyətlərinin, eləcə də təsərrüfatçılıq ənənələrinin nəzərə alınmasının vacibliyini bildirən Ali Məclisin Sədri demişdir: “Bu barədə bir neçə dəfə aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilsə də, rayonların məhsul istehsalı üzrə ixtisaslaşması istiqamətində ciddi irəliləyişə nail olunmayıb. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyətləri tərəfindən bu məsələ diqqət mərkəzində saxlanmalı, nəyin harda və necə əkilməsinin üstünlükləri ilə bağlı yerlərdə sahibkarlar arasında daim ma­arifləndirici tədbirlər həyata keçirilməli, kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunmalıdır”.
İstər-istəməz düşünürsən: aqrar sahənin inkişafına, bol məhsul istehsalına hərtərəfli münbit şərait yaradılan muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması üçün cavabdeh təşkilatlar nə üçün tapşırılan vəzifələri layiqincə yerinə yetirmirlər?
Həmin təşkilatlarda bu vacib məsələyə belə biganə və barmaqarası münasibəti başa düşmək olmur. Onlar bilməlidirlər ki, ömrünü torpağa bağlayan, ruzisini bu qiymətli sərvətdən əldə edən insanların minbir zəhmətlə yetişdirib bazara çıxardıqları məhsullar bizim üçündür. Kənd təsərrüfatı məhsulları bol olarsa, daxili bazarın tələbatı da ödənilər, idxal məhsullarına sərf olunan vəsait muxtar respublikada digər sahələrin inkişafına yönəldilər. Bunun üçün torpaq mülkiyyətçilərinə elmi-metodik kömək göstərilərsə, onlar çəkdikləri zəhmətin müqabilində məhsuldarlığı birə-beş qat artıra bilərlər.
Ümid edirik ki, gələcəkdə araşdırma aparacağımız digər rayonlarımızda bunun şahidi olacağıq.

Muxtar MƏMMƏDOV