Hərtərəfli dövlət qayğısı bu sərhəd kəndini müasir yaşayış məntəqəsinə çevirir

Ən böyük Vətən sevgisi

Dünyada sayı-hesabı olmayan yollardan biri məni Şərur rayonunun sərhəd yaşayış məntəqəsinə – Şahbulaq kəndinə aparır. Sərhəd kəndlərimiz Vətən torpaqlarımızın başlandığı yer, müqəddəs məkandır. Belə bölgələrimizdə yaşayan qoçaq və mərd insanlara olan məhəbbət hisslərini sözlə ifadə etməkdə qələmin gücü acizdir. Çünki onlar torpağı əkib-becərməklə yanaşı, həm də belə yurd yerlərimizin daimi, ayıq-sayıq sərhədçiləridir. Və yaxşı bilirlər ki, hər bir qarış torpağımız bizə ata-baba əmanətidir. Onu qorumaq, gələcək nəsillərə ərməğan etmək ən böyük və ən müqəddəs vəzifəmizdir. Öz yurduna qəlbən bağlı olan Şahbulaq sakinlərinin düşmənin bir addımlığında, onunla üzbəüz mərdi-mərdanə dayanması, torpaqlarımızın hər qarışı üstündə əsməsi isə ən böyük Vətən sevgisidir.
Rayon mərkəzindən 24 kilometr aralıda, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, hər tərəfdən əlçatmaz, ünyetməz dağlar əhatəsində, mənfur ermənilərlə sərhəd zolağında yerləşən bu yaşayış məntəqəsinə gedərkən xəyalımda müxtəlif səhnələr canlanırdı: “Nə görəcəyəm, kiminlə rastlaşaca­ğam, bu qədim yurd yerində gördüklərimi qələmə almağa gücüm çatacaqmı?” – deyə yol boyu düşüncələrə dalmışdım. Arpaçay dəryaçasının yaxınlığına çatanda məni bu düşüncələrdən sürücü Ramil Tağıyev ayırdı:
– Gümüşlü kəndindən uzanan bu yol uca dağların arası ilə bizi düz Şahbulağa aparacaq. Bu dağlarda minbir dərdin dərmanı olan müalicəvi otlar bitir. Düzdür, indi bu yolların əsl maşını “NİVA” sayılır. Bir azdan isə görəcəksiniz ki, Gümüşlü-Şahbulaq arası 7 kilometrlik yol yenidən qurulur, asfalt salınır. Bir neçə aydan sonra daha bu yolda bütün markalardan olan maşınlar sərbəst hərəkət edə biləcəklər.

Doğrudan da, möhtəşəm bir mənzərə ilə qarşılaşırıq. Burada dağların köksünü yararaq geniş yol çəkən insan əllərinin qüdrətinə heyran qalırsan. Dolaylarla uca dağlara qalxan yolun ətrafında təbii dayaqlar, istinad divarları, sürüşmə, yaxud uçqun ehtimalı olan yerlər sahmana salınır. Hara baxırsan, irili-xırdalı qum-çınqıl, torpaq təpələri düzülüb. Yolun yenidən qurulması Şərur Rayon Yol Təmir-Tikinti İdarəsinə həvalə olunub. İdarənin baş mühəndisi Mübariz Ağayev deyir:
– Tikintiyə mart ayının ikinci yarısından başlamışıq. 3-4 metrlik yolun enini 8 metrə çatdırırıq. Artıq yolun 6 kilometrliyində kənarlar hamarlanıb. Daha bir kilometrdə isə işlər davam etdirilir. Bu gün-sabah asfalt döşənməsinə başlayacağıq. Kifayət qədər işçi qüvvəmiz və texnikamız vardır.
Müasir tələblərə cavab verən belə bir yolun çəkilişi sakinlərin ürəyincədir. Axı mədəniyyət yoldan başlanır.

Kəndin incisi, möcüzəsi Şapur bulağı

“NİVA” yenidən sürət götürür. Yolumuza davam edirik. Yolçəkənlər arxada qalırlar. Qəlbləri ovsunlayan yolun kənarı ilə axan suya baxırıq. Bu dəfə yol yoldaşımız, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Məmmədov sükutu pozur:
– Artıq Şapur bulağına çatırıq. Gördüyünüz bu çayla axan su da Şapurundur. Bir azdan hər şeyi öz gözlərinizlə görəcəksiniz – bulağın saflığını da, necə çağlamasını da...
Baş-başa vermiş dağların köksündən keçən yolumuzu məcrasına sığmayan dağ çayının gur suları bürüyür. “NİVA” heç nə olmamış kimi suyu yararaq quru yola çıxır. Rafiq müəllim əli ilə hündür dağın ətəyindən süzülən bulağa işarə edib deyir:
– Bu da Şahbulağın incisi Şapur bulağı...
Şahbulaq kəndi göz yaşları kimi duru və sərin sulu Şapur bulağından başlayır. Qayanın dibindən çağlayıb çıxan bu həyat çeşməsinin sirri əsrlər boyu insanları maraqlandırıb, hətta adamlarda özünə qarşı etiqad hissləri də yaradıb. Şapur bulağının üstündəki qaya taxçaları “Əhdigah piri” adlanır. Neçə əsrlərdir ki, uzaq səfərə çıxanlar, öz sevgilisinə qovuşmaq istəyənlər, övlad həsrətində olanlar ürəklərində inam Şapur bulağına gəlir, onun pak suyunda əl-üzünü yuyur, bulaqdan daş götürüb “Əhdigah”a atırlar. Daş “Əhdigah”ın hansısa bir taxçasında qalırsa, həmin adamda niyyətinin qəbul olunacağına inam yaranır.

Azərbaycan əsgəri sərhədlərimizi etibarlı şəkildə qoruyur

Şapur bulağından bir qədər yuxarı ərazidə yerləşən Şahbulaq kəndi dağlarının, dərələrinin, landşaftının özünəməxsusluğu ilə digər yerlərdən fərqlənir. Dərələrin quzey yamaclarında yemişan, həmərsin, ardıc, dağdağan və digər kol bitkilərinə tez-tez rast gəlmək olur. Kəndin güney yamacları isə birillik və çoxillik ot bitkiləri ilə zəngindir. Buradakı dərələr qədimliyini öz bitki örtüyü ilə qoruyub saxlayır. “Əncirlik”, “İnnablıq”, “Armudlu”, “Dağdağanlı”, “Sulu dərə”... hələ də öz adlarını yaşatmaqdadır.
Şahbulaqda 140 təsərrüfatda birləşən 515 nəfər əhali yaşayır. Kəndin ümumi torpaq sahəsi 1160 hektardır. İlin bu çağlarında Şahbulağın dərələrindən, çöllərindən nə göz doyur, nə də könül. Dağlara qədər uzanan torpaqlar, yamaclar, elə bil ki, dil açıb danışır: əlvan xalıları xatırladan rəngbərəng ətirli gülləri, çiçəkləri ilə...
Ətrafda bu çölləri, dərələri, yamacları üzük kimi dövrəyə alan dağlar görünür. Dağların başında Azərbaycan Ordusunun əsgərləri məğrur dayanıb torpaqlarımızı yağı düşməndən mətanətlə qoruyurlar. Əlini gözlərinin üstünə qoyub onları diqqətlə nəzərdən keçirən kənd sakini, bir vaxtlar Şahbulağın müdafiəsini təşkil edən hərbi hazırlıq müəllimi Musa Cəfərov dillənir:
– Ötən əsrin 90-cı illərində bax gördüyünüz bu dağların zirvəsində dörd post qurmuşduq. Gecə-gündüz keşik çəkirdik. Onda ordumuz yox idi. Kəndimizin döyüşçülərinə muxtar respublikamızın digər bölgələrindən də köməyə çoxlu könüllü gəlmişdi. O vaxtlar kəndimizə 100-ə qədər top mərmisi düşmüşdü. Ancaq biz düşmənin qarşısından qaçmadıq, hər dəfə də düşmənin burnunu əzdik. Kəndimizi, torpaqlarımızı göz bəbəyi kimi qoruduq, yurdumuzun bir qarışını da yağı düşmənə vermədik.
Kəndin fəal müdafiəçilərindən biri, Azərbaycan Vətən müharibəsi veteranı, tarix müəllimi Mirabbas Eminov da fikirlərini bizimlə bölüşdü:
– Belə bir fikir var: “Əsl vətəndaş öz taleyini Vətənin taleyindən ayrı dərk etməyən şəxsdir”. Əsl vətəndaş Vətən naminə çalışmalıdır, Vətən üçün yaşamalıdır, doğma torpağı qorumalıdır. Vətən sevgisi insanı həyata bağlayır, formalaşdırır. Bir də sevgi əməldə olmalıdır, işdə olmalıdır. İnsan əməli ilə Vətən qarşısında borcunu yerinə yetirməlidir. Biz yurdumuzu, torpağımızı qorumağı özümüzə şərəf işi saymışıq. İndi əmin-amanlıq şəraitində yaşayırıq.
Kəndin daha bir sakini Vəfadar Rzayev söhbətə qoşulur:
– 7-8 il olardı ki, ailəlikcə Bakıda yaşayırdıq. Bakının havası, suyu düşmürdü, tez-tez xəstələnirdik. Kirayə yaşamaqdan da bezmişdik. Heyif deyil, adamın özünün evi-eşiyi, torpağı-bacası ola. İki il olar, öz doğma yurdumuza, kəndimizə qayıtmışıq, öz ocağımızı yandırmağa başlamışıq. Kəndimizdəki məktəbdə müəllim işləyirəm, mal-heyvan saxlayırıq, gözəl meyvə bağımız var. Qurban olum Şahbulağın havasına, suyuna. Xəstəliyin daşını birdəfəlik atmışıq. Dolanışığımız da ürəyimizcədir. Bu gün şanlı Azərbaycan Ordusu arxamız, dayağımızdır. Ordumuz Vətənin keşikçisi, xalqın güvənc yeridir. Azərbaycan əsgərinin ayıq-sayıqlığı Vətənin sabitliyi, düşmənə gözdağıdır. Bu oğullara baxanda içimdən bir səs qopur: daim beləcə, vüqarla dayan, Azərbaycan əsgəri!

Şahbulaqda yeni quruculuq ünvanları

Dərə çayı Şahbulağı iki hissəyə ayırır. İndi bu çayın üstündə körpü tikirlər. Körpünün uzunluğu 20,8, eni isə 10 metr olacaqdır. Aprel ayının ortalarından tikintisinə başlanan obyektdə artıq 3 metrlik sütunlar qaldırılıb. Daha 1,7 metr ucaldılacaq sütunlarda inşaat işləri davam etdirilir. 50 metr uzunluğunda çəkilən beton kanal da körpünün altındakı selov arxına birləşdiriləcək. Bununla da, Şahbulağın daha bir problemi öz həllini tapacaqdır. Yeni kanal çəkildikdən və körpü tikildikdən sonra sel suları daha kəndə ziyan vurmayacaq, selov arxı ilə axıb gedəcəkdir.
Şahbulaq kəndinin sakinləri fasiləsiz təbii qazdan və elektrik enerjisindən istifadə edir, poçt və rabitə xidməti normal səviyyədədir. Tibb və mədəniyyət müəssisələri, tam orta məktəb dağ kəndi adamlarının xidmətindədir.
“Heydər Əliyev ili”ndə Şahbulaqda kompleks quruculuq işləri aparılır. İcra nümayəndəsi bizi daha bir neçə yeni obyektə baxmağa dəvət etdi. Üz tutduq kənd mərkəzi və məktəb üçün yeni binalar tikilən əraziyə. Şərur Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları bir neçə aydır ki, bu kənddə çalışırlar. Burada iki mərtəbədən ibarət kənd mərkəzi tikilir. İnşaatçılara hər cür şərait yaradılıb. Ucqar dağ kəndi olmasına baxmayaraq, tikintinin inşaat materialları ilə təchizatı diqqət mərkəzində saxlanılır. Kənd mərkəzi ilə yanaşı, digər bir bina məktəb üçün nəzərdə tutulub. Məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Digər bir obyekt isə burada inşa edilən xidmət mərkəzidir.

Dağlarda işıq yanır...

Kəndin ziyalı təbəqəsinin çalışdığı təhsil ocağına da baş çəkdik. Məktəbdə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilirdi. Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Salman Cəfərov dedi:
– Ucqar dağ kəndində təzə məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, müasir tələblər səviyyəsində yol çəkilməsi, körpü salınması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi qurucu­luq siyasətinin muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir. Bu eyni zamanda ulu öndərə böyük sevgi və ehtiramın ifadəsidir. Məktəbimizin kollektivi bu qayğıya əməli işlə cavab verməyə, daha yaxşı işləməyə borcludur. Keçən il 3 məzunumuz ali məktəbə qəbul olunub. Kollektivimizin üzərinə 2013-cü il – “Heydər Əliyev ili”ndə daha böyük vəzifələr düşür. Biz uğurlarımızı daha da artırmalıyıq.
Məktəbə dəvət olunmuş kəndin qocaman sakini Allahverdi Cəfərovla tədbirdən sonra həmsöhbət olduq. Onun ürək sözlərini qeyd dəftərçəmə köçürdüm:
– Artıq yaşım 85-i haqlayıb. Bu dünyadan köçəndə nisgilli köçməyəcəyəm. Çünki görmək istədiyim, arzuladığım işlərin, demək olar ki, böyük əksəriyyəti həyata keçib. 5-10 il bundan əvvəl mənə desəydilər ki, dağlar qoynundakı Şahbulağa – doğma yurduma asfalt yol, qaz kəməri, telefon xətti çəkiləcək, gecə-gündüz işıqlarımız yanacaq, inanmazdım. Düşünərdim ki, yəqin, nağıl söyləyirlər. Amma bütün bunlar baş verdi. Elə ev yoxdur ki, orada radioqəbuledici, televizor olmasın. Pensiyalar, maaşlar artırılır, vaxtlı-vaxtında verilir. Bütün bunlara görə ölkə Prezidentinə, Ali Məclisin Sədrinə minnətdarıq. Elə təkcə bu yol nəyə desən, dəyər. İndi sevincimiz yerə-göyə sığmır. Axı biz bu günləri çoxdan gözləyirdik. Allah dövlətimizin bayrağını uca eləsin, varı-karı başından aşsın.

Belə xoş təəssüratlarla Şərur elinin dağ kəndi olan, mənfur düşmənlərin qarşısında keçilməz və alınmaz qalaya çevrilən, bu gün xoş və firavan günlərini yaşayan Şahbulaq kəndindən ayrılmaq vaxtı çatır. Kəndi tərk edərkən narın-narın yağış yağmağa başlamışdı. Göy üzü lacivərd bir rəngdə idi. Dağlardan xəfif meh əsirdi. İnsan qəlbinə xoş təravət bəxş edən bu mənzərə, burada gördüklərim, eşitdiklərim mənim də duyğularımı qanadlandırmışdı.
Dönüb arxaya baxıram. Dağlarda işıq yanır. Düşmənin bağrını çatladan bu işıqdan Şahbulaqda hər kəsə pay düşür...

Cəfər ƏLİYEV