Muxtar respublikanın qaynar həyat ritminə çevrilən tikinti-quruculuq tədbirlərinin coğrafiyası cari ildə bir qədər də genişləndirilib. Bu tədbirlərdən ənənəvi olaraq mədəniyyət sahəsinə də xeyli pay düşüb. Hazırda muxtar respublikada bir neçə ünvanda yeni mədəniyyət obyektləri inşa olunur, mövcud binalarda yenidənqurma və əsaslı təmir işləri aparılır. Belə obyektlərdən biri də Naxçıvan şəhərinin “İstiqlal” küçəsində yerləşən Bəhruz Kəngərli Muzeyinin binasıdır. 2012-ci ilin iyun ayından “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir qrup inşaatçısı binanın əsaslı təmiri ilə məşğuldur. İş icraçısı Süleyman Rüstəmovdan aldığımız məlumata görə, binanın özülünü möhkəmləndirmək üçün əlavə inşaat tədbirləri aparılıb. Əsaslı təmir işlərini keyfiyyətlə həyata keçirən inşaatçılar binanın çardaq hissəsini yenidən qurublar. Obyektdəki bütün qapı-pəncərələr yeniləri ilə əvəz olunub. Binanın döşəmə və tavanı yenilənib, kommunikasiya xətləri dəyişdirilib.
Binanın yerləşdiyi ərazidə abadlıq işləri görülür. Bu tədbirləri isə Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları həyata keçirirlər.

Xəbərlər şöbəsi