Bu il aprel ayının birinci ongünlüyündən Sədərək kənd 1 nömrəli tam orta məktəb binasının yenidən qurulmasına başlanılmışdır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları yenidənqurma işlərini yeni dərs ilinədək tam başa çatdırmaq üçün səylə çalışırlar. Məktəbin əvvəlki binasında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, gələcək perspektiv nəzərə alınaraq buraya yeni korpus da əlavə olunacaqdır.
Artıq birinci və ikinci mərtəbələrdə arakəsmə divarlarının hörgüsü başa çatdırılmışdır. Birinci mərtəbədə istilik sisteminin və elektrik xətlərinin çəkilişi tamamlanmış, suvaq işlərinə başlanmışdır. Yeni korpusun təməli qazılmış, sütunlar işlənmişdir.
Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkar­lıqla və milli memarlıq element­lərindən istifadə etməklə yerinə yetirilir.

Qeyd edək ki, 6 min 81 kvadratmetrlik ərazidə yenidən qurulan 1108 şagird yerlik üçmərtəbəli tam orta məktəb binasında 58 sinif otağı, direktor, müəllimlər otaqları, yeməkxana, kitabxana, idman və iclas zalları yaradılacaq. Məktəbdə hərbi dərslərin keyfiyyətlə tədris olunması üçün hər cür şəraitə malik hərbi kabinə istifadəyə veriləcək. Təhsil ocağında dəqiq elmlərin yüksək səviyyədə mənimsənilməsi məqsədilə ən müasir sınaq-təcrübə avadanlıqları ilə təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları yaradılacaq. Bundan əlavə, şagirdlərin müasir informasiya-kommunikasiya texnologiyalarının sirlərinə bələd olmaları, həmçinin keçilən dərslərin yüksək səviyyədə tədrisi üçün məktəbdə üç elektron lövhəli sinif və 3 kompyuter sinfi də fəaliyyət göstərəcəkdir.
Məktəb binasının yenidən qurulması kənddə hamının böyük sevincinə səbəb olmuşdur. Təkcə şagirdlər, müəllimlər deyil, valideynlər də razı­lıq edirlər. Kənd sakini Əli Məmmədovla obyektin ətrafında qarşılaşdıq. Onun dediklərindən:
– Bu günlərdə sevincimizin həddi-hüdudu yoxdur. Belə bir gözəl binada balalarımıza dərs keçiləcəyi günü səbirsizliklə gözləyirik. Bunun üçün dövlətimizə minnətdarıq. Çünki məktəb bina etmək ən müqəddəs, ən xeyirxah əməldir. Həm də bu, sərhəd rayonunun Sədərək kəndinə göstərilən ilk dövlət qayğısı deyil. Yaşayış məntəqəsində təzə tikilən kənd mərkəzi, uşaq bağçası, ticarət, xidmət mərkəzi və bazar kompleksi də göz oxşayır. Kənddə park salınmışdır. Yollar genişləndirilmiş, kənarında piyadalar üçün səkilər salınmış, ətraflarına ağaclar əkilmişdir. Yenidən qurulan məktəb binası da kəndin ən əzəmətli, gözəl və yaraşıqlı tikililərindən biri olacaqdır.

Xəbərlər şöbəsi