Naxçıvan şəhərindəki quruculuq ünvanlarından biri də Heydər Əliyev prospektindəki mərkəzi yoldur. Bir neçə gündür ki, yolun yenidən qurulmasına başlanılmışdır. Bu quruculuq tədbirini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. İş icraçısı Hacıfazil Düləkdən aldığımız məlumata görə, yenidənqurma yolun 2100 metr məsafəsini əhatə edir. Eni 18-21 metr arası olan yolun asfalt örtüyü tamamilə götürülmüş, bu ərazidən keçən kommunikasiya xətlərinin yeniləşdirilməsinə başlanılmışdır. Yola yaxın olan elektrik dirəkləri ərazidən uzaqlaşdırılmışdır. Yenidənqurma işləri aparılan ərazi hamarlanır, buraya torpaq və çınqıl döşənir, sonra yola asfalt örtüyü salınır. Bu günədək yolun 900 metrədək hissəsinə asfalt döşənmişdir. Quruculuq tədbiri sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi