Ölkəmizdə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili bazarın keyfiyyətli yerli məhsullara olan tələbatının ödənilməsi üçün yaradılan əlverişli iş şəraiti yeni istehsal sahələrinin açılması ilə nəticələnir.
Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq fəaliyyətinə göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində müxtəlif istiqamətli özəl müəssisələr fəaliyyətə başlayır, belə müəssisələr hesabına idxaldan asılılıq aradan qaldırılır.
Muxtar respublikada özəl sektorda xüsusi qeyd olunası cəhətlərdən biri də budur ki, artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də sahibkarlıqla məşğul olan insanlar var.
Qeyd edək ki, sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir ki, cari ilin ilk rübündə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 9 milyon 989 min 600 manat həcmində kreditlər verilib. Hazırda muxtar respublikada 344 növdə məhsula olan tələbat yerli məhsul istehsalı hesabına ödənilir. Bu istehsalda öz yeri olan müəssisələrdən biri də “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Cəmiyyət iki istiqamətdə fəaliyyət göstərir. Bunlardan biri çörəkbişirmə sexi, digəri isə haqqında danışmaq istədiyimiz bulaq suyu istehsalı zavodudur. 
Şahbuz rayonunun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən ucqar dağ kəndi Keçilidə fəaliyyət göstərən “Çınqıllı Bulaq” MMC-nin direktoru Rəsul Əsgərovla söhbət zamanı öyrəndik ki, cəmiyyət 2007-ci ildə yaradılsa da, zavod 2009-cu ildə fəaliyyətə başlayıb.
Qeyd edək ki, muxtar respublikamızda mineral sularla yanaşı, təbii bulaq sularının da istehsalına diqqət artırılıb. “Çınqıllı Bulaq” MMC-nin bulaq suyu istehsalı zavodunda məhz müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir. “Çınqıllı” suyu 3 kilometrlik məsafədən zavoda gətirilir.
Son vaxtlara qədər burada əl əməyindən istifadə olunurdu. Lakin Sahibkarlığa Kömək Fondundan ayrılmış vəsait hesabına Çin Xalq Respublikasından gətirilib quraşdırılmış müasir avadanlıqlar bu çətinliyi aradan qaldırıb. Paslanmayan borular vasitəsilə müəssisəyə gətirilən su ionlaşdırıldıqdan sonra sudoldurucu aparata verilir. Həmin aparatda plastmas butulkalar ionlaşmış su ilə yuyulur, doldurulur, bağlanır, xüsusi ötürücü vasitəsilə etiket aparatına buraxılır. Etiketləndikdən sonra tarixvuran aparata keçir. İstehsal və istifadə tarixi vurulduqdan sonra sonuncu qablaşdırma aparatına aparılır. Buradan isə hazır vəziyyətdə anbara yığılır. Hazırda burada saatda 3000 butulka təbii bulaq suyu istehsal edilir.
"Çınqıllı" suyu bir neçə ölçülü – 0,5 və 1 litrlik butulkalara, həmçinin 5 və 20 litrlik qablara doldurulur. Müəssisənin məhsulları son vaxtlara qədər ancaq muxtar respublikanın ticarət obyektlərinə göndərilirdi. İndi isə sifariş əsasında paytaxt Bakıya göndərilməsinə də başlanılıb. Bu da onu deməyə əsas verir ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara göstərilən diqqət və qayğı öz bəhrələrini verməkdədir.
Müəssisədə işçilər üçün hərtərəfli iş şəraiti yaradılıb.
Bir haşiyə çıxaraq bildirmək istərdik ki, Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərindən bəhs edən “Naxçıvanın təbii sərvətləri” kitabında yazılır ki, muxtar respublikada 200-dən artıq mineral bulaq vardır. El arasında yerin təkindən çıxan qazlı sulara “Tanrı möcüzəsi” kimi inam gətirilərək “yel suyu”, “sirli su”, “şor su” və başqa adlar verilib. Bütün Azərbaycanda olan mineral suların 35 faizi Naxçıvan Muxtar Respublikası ərazisindədir. Şahbuz rayonu ərazisində 50 mineral bulaq vardır ki, onlardan biri də məhz “Çınqıllı” bulağının suyudur.
Ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.
Muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğıdan bəhrələnən “Çınqıllı” MMC istehsal gücünü artırmaqla qarşıdakı illərdə qonşu dövlətlərə də məhsul ixrac etməyi planlaşdırır.
İnanırıq ki, bu istiqamətdə görülən işlər müsbət nəticələrini verəcək və “Çınqıllı” suyu şöhrəti ilə xarici vətəndaşların da gündəlik tələbatına çevriləcək.

Elxan MƏMMƏDOV