Çalxanqala. Kəngərli rayonunun dağətəyi zonada yerləşən qədim yaşayış məntəqəsi, ulu tarixin izlərini bu gün də yaşadan yurd yeri. Kəndin yaxınlığındakı dördkünc formada olan abidə-qala Çalxan dağının üzərində hündür bir ərazidə yerləşir. 1969-cu ildən burada tədqiqatlar aparılmasına başlanılıb. Müəyyən edilib ki, qalanın tarixi eramızdan əvvəl ikinci min­illiyə aiddir. 0,7 hektar sahəni əhatə edən qalanın divarları iri daşlardan hörülüb. Divarların üst tərəfinin inşasında çiy kərpicdən istifadə edilib. Qalanın əsas giriş yolu cənub tərəfdəndir. Daha doğrusu, Cəhriçayın sağ sahilindən başlayır. Bu yolla qalaya qalxmaq mümkündür. Yol boyu qayaaltı sığınacaqlar var. Tədqiqatçıların fikrincə, bu sığınacaqlardan yaşayış yeri kimi istifadə edilib. Cəhriçay vadisində məskunlaşmış əhalinin müdafiəsi məqsədi ilə inşa edilmiş qalanın içərisində düzbucaqlı planda tikilmiş yaşayış binalarının qalıqlarına rast gəlinib. Burada təbii qayaların üzərində qazılmış daş hovuzlardan əhalinin su təminatında istifadə olunub.
    Kəndin tarixi ilə bağlı daha bir mühüm fakt Çalxanqala kurqanlarıdır. Kənd yaxınlığında, Naxçıvan şəhərindən 40 kilometr şimal-qərbdə Orta Tunc dövrünə aid edilən bu arxeoloji abidələrin diametri 8-10, hündürlüyü 1,2 metrdir. Kurqanlardan boyalı qablar, tuncdan düzəldilmiş xəncər, sancaq, muncuq tapılıb. Buradan tapılan romb formalı yastı nizə ucu Qobustan kurqanından tapılmış eyniadlı silahın oxşarıdır və bu, Kür-Araz mədəniyyəti üçün xarakterikdir. Çalxanqala kurqanları Naxçıvan ərazisində tədqiq edilmiş ilk kurqandır və tapıntılar bu qədim diyarın Tunc dövrünü, həmçinin Yaxın Şərq ölkələri ilə o dövrün iqtisadi və mədəni əlaqələrini öyrənmək üçün mənbədir.

    Burada ötən əsrin sonlarında baş verən məlum hadisələr dövrü Qərbi Azərbaycandan – ata-baba torpaqlarımızdan didərgin düşərək ölkəmizə pənah gətirən soydaşlarımız məskunlaşıblar. Həmin insanlara dövlətimiz həyan durub, onların problemlərinin həllinə həssaslıqla yanaşıb. 2002-2004-cü illərdə bütün məişət şəraiti ilə təmin edilmiş 40-a yaxın ev tikilib, adamlar torpaq sahələri ilə təmin olunublar. Torpaqdan səmərəli istifadə edilməsi üçün onlara şərait yaradılıb, dövlətdən kredit götürənlər də olub. Bu vəsaitlə müxtəlif təsərrüfat sahələrini inkişaf etdirməklə həm öz rifah hallarını yaxşı­laşdırıblar, həm də daxili bazara töhfələrini veriblər.
    Çalxanqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xalıqverdi Xalıqverdiyevin söhbəti:  
    – Doğma yurd-yuvasından ayrı düşən bu insanların hərəsi bir yerdən gələrək burada bir el kimi birləşiblər. Onların problemlərinin həll olunması üçün dövlətimiz bütün imkanlardan istifadə edib. Bu gün Çalxanqalada hər hansı xeyir və ya şər məclislərində iştirak etsəniz, düşünərsiniz ki, onlar elə burada doğulub boya-başa çatıblar, sanki yüz illərdir bir-birləri ilə qonşu və ya qohumdurlar.

Qədim məkan yeni dövrünü
yaşayır
Muxtar respublikamızda aparılan quruculuq işlərindən bu yaşayış məntəqəsinə də pay düşməsini çalxanqalalılar onlara göstərilən davamlı dövlət qayğısının nəticəsi hesab edirlər. Deyirlər ki, bu qayğı onlara qaçqın olmaq hissini unutdurub. Kənd camaatının su ilə təchizatını yaxşılaşdırmaq üçün mövcud 33 kəhrizdən bir neçəsində əsaslı təmir işləri aparılaraq işlək vəziyyətə gətirilib. Cari il isə çalxanqalalıların yaddaşında uzun müddət yaşayacaq. Belə ki, kənddə kompleks quruculuq tədbirləri həyata keçirilib, oktyabr ayının 23-də bir neçə yeni sosial obyekt istifadəyə verilib.
    Həmin obyektlərdən biri Çalxanqala kənd tam orta məktəbinin binasıdır. Burada şagirdlərin bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsinə hər cür şərait yaradılıb. Gələcək perspektiv də nəzərə alınaraq inşa edilmiş 378 şagird yerlik yeni məktəb binasında 218 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 44 müəllim məşğul olur. Məktəbdə     3-ü elektron lövhəli olmaqla, 21 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, hərbi kabinə, kitabxana və kompyuter sinifləri müəllim və şagirdlərin istifadəsinə verilib.
    Kəndə gəlmişkən məktəbdə olduq, müəllimlərlə görüşdük. Müəllimlər dövlətimizin burada məskunlaşan insanlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər. Öyrəndik ki, ötən tədris ilində məktəbin məzunlarından 2-si ali məktəblərə, 3-ü doqquzuncu sinif təhsil bazasından Naxçıvan Musiqi Kollecinə, 2-si on birinci sinif baza­sından Naxçıvan Tibb Kollecinə, 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.
    Çalxanqala kənd tam orta məktəbində internetə çıxışları olan 38 yeni kompyuter quraşdırılıb. Bu isə hər 6 şagirdə 1 kompyuterin düşməsi deməkdir. Eyni zamanda məktəbin kitabxana fondu da zənginləşdirilib.
    Binada fərdi qazanxana quraşdırılıb, bufet istifadəyə verilib, həyətdə geniş abadlıq işləri aparılıb, açıq idman qurğuları quraşdırılıb.
    Həmin gün kənddə Uşaq Musiqi Məktəbinin yeni binasının istifadəyə verilməsinin də sevinci yaşanmışdır. Məktəb zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni inşa olunan binada 26 sinif otağı, musiqi alətlərinin təmiri, direktor və müəllimlər otaqları, kitabxana və tədbirlər zalı vardır. Məlumat üçün qeyd edək ki, bu gün Çalxanqala kənd tam orta məktəbinin şagirdlərindən 158-i həm də musiqi təhsili alır. Kənd musiqi məktəbində 48 müəllim çalışır. Əvvəllər musiqi məktəbində 3 şöbə fəaliyyət göstərirdi. Yeni bina istifadəyə verildikdən sonra məktəbdə əlavə olaraq fortepiano şöbəsi də yaradılıb. Bu gün məktəbdə xalq çalğı alətləri, fortepiano, zərb alətləri və nəzəri fənlər şöbələri vardır. Burada tar, saz, kamança, nağara və qarmon ixtisasları üzrə dərslər tədris olunur.
    Çalxanqalada kompleks qurucu­luq tədbirləri çərçivəsində yüksək keyfiyyətlə inşa olunaraq istifadəyə verilən həkim ambulatoriyası 2400-ə yaxın kənd sakininə xidmət edir. İki mərtəbədən ibarət olan həkim ambu­latoriyasında 12 otaq vardır. Burada stomatoloq kabinəsi, əczaxana, doğuş, peyvənd, mama və manipulyasiya otaqları, palatalar yerləşir. Ambulatoriyada 12 tibb işçisi çalışır.
    Muxtar respublikamızda mahiyyət və məzmunca yeni təfəkkürün bəhrəsi olan kənd mərkəzlərinin sayı getdikcə artır. Çalxanqalada da artıq belə mərkəzin tikilməsi regionda bu istiqamətdə həyata ke­çirilən tədbirlərin davamlı olduğunu göstərir. İki mərtəbədən ibarət olan binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq və polis sahə məntəqələri, kənd mədəniyyət evi və 53 yerlik zal yerləşir. Binada təşkilatların fəaliyyəti üçün lazımi şərait yaradılıb, iş otaqları müasir mebel avadanlıqları ilə təmin olunub.
    Mərkəzin birinci mərtəbəsində yerləşən rabitə evində 384 nömrəlik elektron ATS quraşdırılıb. ATS-dən hazırda 311 abonent istifadə edir. Rabitə evində internet və danışıq kartlarının, qəzetlərin satışı da təmin olunub.
    Yeddi nəfərin işlə təmin olunduğu yeni xidmət mərkəzi də cari ilin quruculuq tədbirlərindən biridir.
    Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulub. Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilib. İki hərəkət zolağından ibarət olan yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa olunub, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilib. Yolun yaşayış məntəqələrindən keçən hissəsində 4416 metr uzunluğunda hasar çəkilib, əsas yola birləşən köməkçi yollar təmir edilib.
    Çalxanqala kəndində əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər görülüb, su sərfi saatda 45 kubmetr, 65 metr dərinliyi olan yeni artezian quyusu qazılıb. Quyudan subölücüyə qədər 2,3 kilometr uzunluğunda yeni su xətti çəkilib, 16 evə və yeni tikililərə, kənd qəbiristanlığına su verilişi təmin olunub, bulaq-abidə tikilib. Kənddəki mövcud 600 metrlik içməli su xətti yeni borularla əvəzlənib, 20 evi içməli su ilə təmin edən supaylayıcı qurğu inşa olunub. Bundan əlavə, suvarma suyuna olan tələbatı ödəmək məqsədi ilə 350 metr yeraltı suvarma xətti çəkilib, 300 metr beton kanal tikilib. Qeyd edək ki, bundan əvvəl kənddə mövcud olan 3 nasos stansiyasının və Təzəkənddəki su anbarının gücündən də səmərəli istifadə olunur.
Sakinlərlə söhbət və ya dövlət qayğısından minnətdarlıq
hisslərinin ifadəsi
Kəndə gəlmişkən bu yaşayış məntəqəsinin sakinləri ilə görüşməyə, onlarla həmsöhbət olmağa ehtiyac duyduq. İlk müsahibimiz kənd sakini Telman Məm­məd­ov oldu. O bildirdi ki, ata-baba yurd yerlərimizdən ayrılıb Naxçıvana üz tutmuşuq. Gəlib Çalxanqalada məskunlaşmışıq. Dövlətimizin qayğısı  yaşamaq-yaratmaq əzmimizi özümüzə qaytarıb. Bütün kənd adamları adından dövlətimizə minnətdarlığımı bildirirəm. Bu gün həyatımızın bütün sahələrini, muxtar diyarımızın ən ucqar dağ və sərhəd, ən kiçik yaşayış məntəqələrini əhatə edən qayğı hesabına regionumuz özünün intibah dövrünə qədəm qoyub. Elə Kəngərli rayonunda iqtisadiyyatın inkişafı, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq probleminin həlli üçün məqsədyönlü addımlar atılır, tikinti-quruculuq işlərinin həcmi getdikcə öz coğrafiyasını genişləndirir.
    Söhbətə qoşulan Bəxtiyar Qurbanov dedi:
    – Çalxanqala Kəngərli rayonunun ən səfalı yaşayış məntəqələrindən biridir. Bərəkətli torpaqları var. İndi hər bir çalxanqalalı bu torpaqları özünə daimi iş yeri sayır. Əkinçilik, heyvandarlıq, arıçılıq və meyvəçiliklə məşğul olan kənd adamlarının gün-güzəranları getdikcə yaxşılaşır. Bunun nəticəsidir ki, hər il kənddə 5-6 yeni ev tikilir, 100-ə yaxın sakinin şəxsi avtomaşını var.
    Sözsüz ki, iki saata yaxın davam edən bu söhbətləri olduğu kimi bir qəzet yazısında əhatə etmək mümkün deyil. Ancaq bütün bunların yaratdığı qənaət ondan ibarət idi ki, muxtar respublikanın digər bölgələri kimi, Kəngərli rayonunun da kəndlərində gedən quruculuq və inkişaf prosesləri sosial-iqtisadi inkişafın nəticəsi kimi dəyərləndirilir.

Yaxşı gün-güzəranın səbəbi həm də torpağa bağlılıqdır

Çalxanqala Kənd Mərkəzinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Dövlətimizin kənd yaşayış məntəqələrinə qayğısı təkcə müasir infrastrukturun yaradılması ilə tamam­lanmır. Dövlətimiz həm də əhalinin sosial-rifah halının yüksəldilməsinə, onların məşğulluq təminatına xüsusi diqqət yetirir. Çalxanqala kəndində yaşayan əhalinin 511 nəfəri dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət alır, sakinlərin bir qismi yeni açılan xidmət sahələrində və fərdi təsərrüfatlarda çalışırlar. Bütün bunlar dövlətimizin kəndlərin inkişafına, insanların rahatlığına göstərdiyi yüksək diqqət və qayğının nümunələridir. Kənd yaşayış yerlərində əkinçiliyin, bağçılığın, meyvəçiliyin, heyvandarlığın inkişaf etdirilməsi dövlətimizin həyata keçirdiyi aqrar-iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Ona görə də kəndlərimizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, güzəştli kreditlər ayrılır, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət maliyyə dəstəyi göstərilir. Bu tədbirlərin də hər biri, ilk növbədə, kəndlərimizin inkişafına, kənd və şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir”.
    Bunu bütövlükdə bu yaşayış məntəqəsinin timsalında görmək olar. Kənddə 596 təsərrüfatda 2276 nəfər yaşayır. Əhali müxtəlif təsərrüfat sahələri ilə məşğul olur. Bu sahələr içərisində, ilk olaraq, əkinçiliyi qeyd etmək lazımdır. Maraqlı cəhət orasıdır ki, dağətəyi zona olmasına baxmayaraq, taxılçılığa diqqət ildən-ilə artır. Cari ildə çalxanqalalılar 403 hektar sahədən məhsul tədarük ediblər. Bir neçə ildir, taxılçılıqla məşğul olan Yusif Səmədov deyir ki, keyfiyyətli toxumla təchiz olunuruq, dövlətdən müxtəlif yardımlar alırıq, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və şəxsi təsərrüfatlarda olan texnikaların xidmətindən istifadə edirik. Kənddə gələn ilin bol məhsulunun əsası qoyulur. Bu günədək 160 hektar sahədə şum qaldırılıb, əkin aparılıb.
    Qaldı ki, əkinçiliyin digər sahələri, bu barədə də geniş danışmaq olar. Çalxanqalada cari ildə 20 hektar sahədən kartof tədarük edilib. Bostan-tərəvəz əkini sahələri də sahiblərinə xeyli gəlir gətirib.
    Qeyd edim ki, bu yurd yerimiz həm də özünün dadlı-tamlı meyvələri ilə tanınır. Aqrar islahatlar başlanana qədər kənddə mövcud olan meyvə bağları qorunub saxlanılmaqla yanaşı, daha 49 hektar sahədə yeni meyvə bağları salınıb. Artıq həmin sahələrdən də meyvə tədarük edilir.
    Çalxanqalada heyvandarlıq aparıcı sahələrdən biridir. Kənd sakini Vəzir Abdullayev fermer təsərrüfatı yaradıb. Onun fermer təsərrüfatında 9 nəfər işlə təmin olunub. 2500 baş xırdabuynuzlu heyvan saxlayır. Bəxtiyar Qurbanov da belə təsərrüfat sahibidir. 1000-dən çox xırdabuynuzlu heyvanı var. O isə öz təsərrüfatında 5 Çalxanqala sakininə iş verib. Onlar heyvanlarının baş sayını artırmaq üçün kredit də götürüblər. Çalxanqalada iqtisadi cəhətdən xeyli gəlirli olan heyvandar­lığa marağın ildən-ilə artmasını kənd adamları bu sahənin inkişafına hərtərəfli qayğı göstərilməsi, dağlıq ərazilərdə ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsul yetişdirilməsinin mümkünlüyü ilə izah etdilər. Eyni sözləri arıçılığa da aid etmək olar. Bu gün kənddə 738 arı ailəsinin olması o deməkdir ki, bütün evlərdə bu gəlirli təsərrüfat sahəsi ilə məşğul olunur. Yusif Səmədov 170 arı ailəsi saxlayır. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən arıçılığın inkişafı üçün 10 min manat kredit götürmüş Elbrus Qasımovun 90 arı ailəsi var. Digər ailələrdə də arıçılığa maraq get-gedə artır.
Doqquz övlad boya-başa çatdıran, ömrünün onuncu onilliyini yaşayan Telli Şəmilova deyir ki, bu kənddə məskunlaşdığımız ilk illərdə bizə nə qədər qayğı göstərsələr də, çətinliklərimizlə maraqlansalar da, burada yaşayacağıma inanmırdım. Budur, Çalxanqalaya gəldiyimizdən 20 ildən artıq bir dövr keçib. Dönüb o illərə baxanda kəndi tanıya bilmirəm. Uşaqlarım da ev-eşik sahibi olub. Kənd adamları özlərinə yaxşı gün-güzəran qurublar. Sağ olsun, dövlətimizi. Bundan artıq bizə nə etməlidir ki? Kənddə məskunlaşan digər insanlar da bizə göstərilən qayğıdan razılıq edirlər. Niyə də etməsinlər?


- Muxtar MƏMMƏDOV