Aqrar sahənin inkişafı və əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi həmişə dövlətin qarşısında duran vacib məsələlərdən olmuşdur. Bu baxımdan zəruri ərzaq məhsullarından biri olan tərəvəzçiliyin də inkişaf etdirilməsi və bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin mühüm əhəmiyyəti vardır. İndi ilin bütün fəsillərində bazarlarda və meyvə-tərəvəz dükanlarında satılan təzə, ekoloji təmiz tərəvəz çeşidləri əhalinin bu vacib məhsullara olan tələbatının ödənilməsi məqsədi güdür. Buna görə də muxtar respublikamızda əhalinin yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin olunması sahəsində atılan mühüm addımlardan biri kimi istixana təsərrüfatlarının genişləndirilməsi günün vacib məsələlərindəndir. 

Bir sıra ərzaq məhsullarının istehsalı, satışı və istehlakı zamanı mövsümilik problemi aqrar sahənin özünəməxsus xüsusiyyətlərindəndir. Meyvəçilik və tərəvəzçilikdə isə bu məsələlər özünü daha qabarıq olaraq göstərməkdədir. Yetişdirilmiş və tədarük olunmuş məhsulların soyuducu anbarlarda saxlanılması və il boyu istehlakçılara çatdırılması, yaxud istixana kompleksləri vasitəsilə ilin soyuq aylarında da təzə tərəvəzin yetişdirilməsi texnologiyası bu məsələnin həllinə kömək edir. Bu da çox vacib məsələdir. Çünki bitkiçilik məhsulları arasında təzə meyvə və tərəvəzin faydası hər kəsə məlumdur. İnsanların gündəlik qida normasında tərəvəz məhsullarının payının artırılması vitamin və digər mineral maddələrlə bəslənməni sürətləndirir ki, bu da orqanizmin müqavimətini artırmaqla sağlamlığa öz müsbət təsirini göstərir. Xüsusən uşaqların meyvə-tərəvəzlə qidalanmasına daha ciddi yanaşmaqla biz öz gələcəyimizə də qayğı göstərmiş oluruq. Ona görə gəlirlərimizin artması ilə süfrəmizi bəzəyən nemətlər arasında həmişə təzə-tər meyvə-tərəvəzin də olmasına ciddi diqqət yetirməli, sağlamlığımızın qayğısına qalmaq üçün onların istehlakına üstünlük verməliyik. 

Naxçıvan torpağı öz yüksək keyfiyyətli yerli tərəvəz məhsulları ilə tanınmışdır. Naxçıvanlılar öz mətbəxində təzə meyvə-tərəvəzə üstünlük vermişlər. Tərəvəz yetişən aylardan başqa, digər vaxtlarda isə muxtar respublikamıza idxal olunan məhsulların tədricən yerli məhsullarla əvəz olunması bu sahədə daxili bazarın maraqlarının qorunmasına və valyuta itkisinin qarşısının alınmasına xidmət edir. Ona görə də muxtar respublikamızda enerji təminatı məsələlərinin kompleks həll olunması və sahibkarlara maliyyə dəstəyinin verilməsi təzə tərəvəz yetişdirilməsi sahəsindəki problemlərin həll olunmasına öz təsirini göstərməkdədir. Məsələnin ciddiliyi isə göz qabağındadır. Dükan-bazara çıxıb təzə tərəvəz qiymətlərinə baxanda mövcud qiymətlər hər bir naxçıvanlını düşündürür: bir tərəfdə öz dadı-tamı ilə yaxşı tanınan, ancaq pərakəndə satış qiymətləri “əl yandıran” yerli tərəvəzlər, digər tərəfdə yerli məhsullardan 2-3 dəfə ucuz idxal məhsullar. Kimin hansına üstünlük verəcəyi isə artıq qalır fərdi seçimə. Amma bir fakt var ki, indi nə qışın ortası, nə də yazın əvvəlidir. May ayının ilk günləri olmasına baxmayaraq, yerli tərəvəz məhsulları ilə idxal məhsulların qiymətləri arasında belə fərq olması təkcə alıcıları deyil, sahibkarları və iqtisadçıları da düşündürməlidir.
Məsələ ilə bağlı muxtar respublikamızda fəaliyyət göstərən bir neçə istixana kompleksinə müraciət edib, onların istehsal gücü və bazara çıxardıqları məhsulun həcmi ilə maraqlandıq. İlin bu vaxtında onların bəzilərinin çox da məhsuldar işləməməsi elə bazardakı qiymətlərdən bəlli idi. Sahibkarlar mövcud qiymətləri yetişdirilən tərəvəzin həcminin az olması ilə əlaqələndirməyə çalışdılar. Amma halbuki muxtar respublikada sahibkarlığın inkişafına verilən dəstək və daxili bazarın qorunması istiqamətində görülən işlər ilin-günün bu vaxtında bizim tərəvəz idxalçısı deyil, tərəvəz ixracatçısı olmağımızı şərtləndirir. Bu sahədəki tələbatın mövcud səviyyəsi, əhalinin alıcılıq qabiliyyəti və kiçik sahibkarlığın inkişafına verilən diqqət bunu deməyə əsas verir.

Əli CABBAROV