Ulu öndər Heydər ƏLİYEV: İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqli Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.

  Azərbaycan Respublikasının Prezidenti İlhаm ƏLİYEV: Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan    Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl  yerlərdə olacaqdır.

   Muxtar respublika iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən sosial-iqtisadi modelin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda da sakinlərin rifahının yüksəldilməsinə yönəldilmişdir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan bu modelin yeni keyfiyyət mərhələsində müvəffəqiyyətlə icra olunması nəticəsində Naxçıvan Muxtar Respublikasının genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ərzaq və enerji təhlükəsizliyi, əsas etibarı ilə, təmin olunmuşdur. Blokada şəraitinin yaratdığı çətinliklərə, iqtisadi resurslara çıxış imkanlarının məhdudluğuna baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək templə və yaradıcılıqla həyata keçirilən irimiqyaslı islahatlar bütün sahələrdə öz səmərəli nəticələrini göstərməkdədir.

   Ümumilikdə son 17 ildə iqtisadi inkişafın və intensiv sosial islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi alternativsiz inkişaf yolu muxtar respublikamızda böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.

   Ötən dövr ərzində şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış və yeni təsərrüfat subyektləri yaradılmışdır. Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının geniş tətbiqi iqtisadi tərəqqini xeyli gücləndirmişdir. 

  Ötən 17 il muxtar respublika iqtisadiyyatı üçün uğurlu olmuş, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasında, infrastrukturun təkmilləşdirilməsində, xarici iqtisadi əlaqələrin genişlənməsində və əhalinin rifahının yüksəlməsində mühüm nailiyyətlər əldə edilmiş, Ümumi Daxili Məhsul 42,5 dəfə artmışdır. Bu dövr ərzində reallaşdırılan səmərəli iqtisadi islahatların uğurlu nəticəsidir ki, orta illik inflyasiya 1995-ci ildəki 511,8 faizdən 2012-ci ilin on bir ayı üzrə 0,2 faizlik deflyasiya ilə əvəzlənmişdir. Makroiqtisadi sabitlik və davamlı inkişaf fonunda son 17 il ərzində əsas iqtisadi göstəricilər üzrə sürətli inkişaf meyilləri xarakterik hal almışdır.

    Ötən dövrdə sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə iqtisadi qüdrətin artırılmasına yönəldilmişdir. Hazırda sənaye müəssisələrində innovasiyayönümlü texnologiyalar tətbiq edilir, yeni təsərrüfat subyektlərinin sayı artırılır. Qeyd olunan dövrdə muxtar respublikada 379 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlinə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 1 dekabr 2012-ci ilədək olan dövr ərzində bu müəssisələrin sayı 8 dəfə artaraq 435-ə çatmışdır.
   Ötən illər ərzində elektroenergetika sahəsində intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur yenilənmiş, enerji təhlükəsizliyi təmin edilmişdir. Əgər 1996-cı ilə kimi muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 5-ə çatdırılmışdır. Ötən dövr ərzində 87 mVt gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 mVt gücündə Biləv Su Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 mVt gücündə Su Elektrik Stansiyası tikilmiş, 60 mVt gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur. Hazırda Şərur rayonunda 20,5 mVt gücündə Arpaçay, Ordubad rayonunda 36 mVt gücündə Ordubad Su Elektrik stansiyalarının inşası davam etdirilməkdədir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi kimi 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 657 milyon kvt/saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki göstəricidən 5,9 dəfə çoxdur. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkan yaratmışdır.

    Təbii qaz təminatının bərpası prosesi istehsal-iqtisadi münasibətlərin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdəndir. 1 de­­­­­­kabr 2012-ci il tarixə 79 min 879 əhali abonenti mavi yanacaqla təmin olunmuş, bütün mənzillərdə pulsuz olaraq mətbəx sobaları və qaz sayğacları quraşdırılmışdır. Hazırda aktiv təsərrüfat subyektləri daha səmərəli enerji növü kimi təbii qazdan istifadəyə üstünlük verməkdədirlər.
    Muxtar respublikanın dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynamaqdadır. 2012-ci ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 294 dəfə üstələyərək 896 milyon 597 min manatdan çox olmuşdur.

     1 yanvar 1996-cı ildən 1 dekabr 2012-ci ilədək olan dövr ərzində muxtar respublikada 212 inzibati bina, mənzil təsərrüfatı üzrə 39 obyekt, 52 nasos stansiyası, 280 sub­artezian quyusu, 74 körpü, rabitə və informasiya texnologiyaları sahəsində 347 obyekt və qurğu, 59 xidmət və ticarət mərkəzi, 164 elm və təhsil müəssisəsi, 172 mədəniyyət müəssisəsi, 149 səhiyyə müəssisəsi, 22 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 463 fərdi ev, 558 istehsal və xidmət obyekti tikilərək istifadəyə verilmişdir. Bu dövrdə 237 halda inzibati binaların, mənzil təsərrüfatı üzrə 602 halda obyektlərin, 111 halda nasos stansiyalarının, 100 halda subartezian quyularının, 61 halda körpülərin, 9 xidmət və ticarət mərkəzinin, 111 halda elm və təhsil müəssisələrinin, 145 halda mədəniyyət müəssisələrinin, 47 halda səhiyyə müəssisələrinin, 15 halda idman obyektlərinin, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 21 halda fərdi evlərin yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır.

    İdarəetmənin səmərəli təşkili və ucqar yaşayış məntəqələrinin, kənd­lərin inkişafı da bu müddət ərzində diqqətdə saxlanılmış, 80 kənd mərkəzi istifadəyə verilmişdir.
     Ötən dövr ərzində dayanıqlı əhali məskunluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuşdur. Hazır­da əhalinin maddi-rifah halının yaxşılaşması fərdi yaşayış evlərinin tikintisi üzrə müsbət meyilli dinamikanı daha da gücləndirmişdir. 2012-ci ilin yanvar-noyabr ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 348 min 182 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 1995-ci ildəki göstərici ilə müqayisədə 20,7 dəfə çoxdur.

    Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da diqqətdə saxlanılmaqdadır. Ötən dövr ərzində muxtar respublikada mövcud olan kaptajlar, içməli su xətləri bərpa olunmuş, yeni kaptajlar tikilmiş və içməli su xətləri çəkilmişdir. Bu işlərin davamı kimi, hazırda Naxçıvan şəhərinin, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.
    Muxtar respublikanın müdafiə qabiliyyətinin və ordunun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, bu müddət ərzində 174 obyekt, o cümlədən 17 qərargah binası, səfərbərlik və hərbi xidmətə çağırış, hərbi prokurorluq orqanları və hərbi hissələrin bölük mərkəzləri üçün 13 bina, 27 zabit və əsgər yataqxanası, 20 yeməkxana, 19 yaşayış binası, 4 tədris binası, 1 tam orta məktəb, 2 uşaq bağçası, 4 xəstəxana, 6 tibb məntəqəsi, 3 klub və 58 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.

     Ötən 17 il ərzində reallaşdırılan səmərəli aqrar siyasətə uyğun olaraq, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı müntəzəm əsasda stimullaşdırılmış, kənd təsərrüfatı məhsulu istehsalçılarının müasir texnika, gübrə, toxum ilə təminatı xeyli yaxşılaşdırılmışdır.
   Bu müddət ərzində 2005-2010-cu illəri əhatə edən Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramları qəbul olunaraq konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.
     İdxaldan asılı olmayan dayanıqlı ərzaq təminatına nail olmaq üçün bitkiçiliyin inkişafı ötən dövr ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılmış, bu sahədə ciddi irəliləyişlər əldə olunmuşdur. 2012-ci ilin məhsulu üçün 60 min 118 hektar sahədə əkin işləri həyata keçirilmişdir ki, bu da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur.
    Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhali tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək məqsədilə reallaşdırılan tədbirlərə uyğun olaraq, kartof əkini üçün əlverişli torpaq sahələri müəyyənləşdirilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci ildə 2831 hektar sahədə kartof əkilmiş və bu sahələrdən 39440 ton məhsul yığılmışdır ki, bu da 1995-ci ildəki göstəricidən 99 dəfə çoxdur.

    Artıq muxtar respublikada bitkiçilik məhsullarına olan tələbat, əsas etibarı ilə, yerli istehsal hesabına ödənilməkdədir. 2012-ci ildə muxtar respublikada 101 min 848 ton taxıl, 65 min 809 ton tərəvəz, 41 min 791 ton bostan məhsulları, 55 min 443 ton meyvə və giləmeyvə istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki göstəriciləri müvafiq olaraq 4,3 dəfə, 50,6 dəfə, 104,5 dəfə, 3 dəfə üstələmişdir.

 

    Müasir kənd təsərrüfatı texnikasının istehsal prosesinə intensiv qaydada cəlb olunması tədbirlərinə uyğun olaraq, bu sahədə texnika parkı xeyli genişləndirilmiş və əlavə olaraq 879 ədəd kənd təsərrüfatı maşın və mexanizmləri gətirilərək iş prosesinə cəlb olunmuşdur.

  Kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması baxımından əhəmiyyətliliyini nəzərə alaraq müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması sahəsində ardıcıl tədbirlər davam etdirilir. Bu dövr ərzində tutumu 11 min 720 ton olan 15 soyuducu anbar istifadəyə verilmiş və 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı isə qısa müddətə saxlamaq gücünə malik olan Naxçıvan        Muxtar Respublikası Taxıl Ehtiyatı Anbarı yaradılmışdır.
  Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, kənd təsərrüfatı heyvanlarının baş sayının və heyvandarlıq məhsullarının istehsalının artırılması bü­tün mərhələlər üzrə təşviq olunmaq­­dadır. 2012-ci ilin ötən dövrü ərzində 1995-ci illə müqayisədə ət istehsalı (kəsilmiş çəkidə) 1,6 dəfə artaraq 9214 tona, süd istehsalı isə 2,1 dəfə artaraq 75027 tona çatmışdır.

   Artan əhali tələbatına uyğun olaraq, kənd təsərrüfatının mühüm sahələrindən olan quşçuluq və balıqçı­lığın inkişafı müntəzəm olaraq dəstəklənmiş, 45 yeni quşçuluq və 11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir.

 

   Arıçılığın inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılmış, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. 2012-ci ildə muxtar respublikada 1175 ton bal istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricini 12,2 dəfə üstələyir.
  Kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahədə sahibkarlığa dəstək məqsədilə təkcə cari ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə və ayrı-ayrı fiziki şəxslərə, ümumilikdə, 21 milyon 492 min manatdan artıq və yaxud 1995-ci illə müqayisədə 128 dəfə çox kredit verilmişdir.
  Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, yerli tələbatın ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada 276 milyon 167 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricidən 7,2 dəfə çoxdur.

  Torpaq sahələrinin meliorativ cəhətdən münbitləşdirilməsi və suvarma suyuna olan tələbatının səmərəli ödənilməsi üçün meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin miqyasını genişləndirmək əsas fəaliyyət istiqamətlərindən birini təşkil etməkdədir. Məhz bu baxımdan muxtar respublikamızda meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, müasir hidrotexniki qurğuların istifadə imkanlarının artırılması daim diqqət mərkəzində  saxlanılır. Ötən müddətdə su ehtiyatını artırmaq məqsədilə mövcud su anbarlarında təmir işləri aparılmış, yenilərinin tikilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Heydər Əliyev Su Anbarı istifadəyə verildikdən sonra Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar, ümumilikdə isə 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Su anbarı vasitəsilə suvarılan torpaqların sahəsi 16830 hektara çatmışdır. Arpaçay Su Anbarında əsaslı təmir işləri başa çatdıqdan sonra Şərur, Kəngərli və Sədərək rayonlarında suvarma işləri xeyli yaxşılaşdırılmışdır.

   Hazırda muxtar respublikada ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunmuşdur. Biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirlərinin neytrallaşdırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların effektli şəkildə mühafizəsi istiqamətində davamlı qaydada irimiqyaslı tədbirlər aparılmaqdadır. Meşələrin salınması və bərpası işləri sayəsində meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbəti xeyli artırılmış, bu dövr ərzində təkcə dövlət strukturlarının dəstəyi ilə 11250 hektar sahədə meyvə bağları və yaşıllıq zolaqları salınmışdır.
   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair “Qırmızı kitab”ların hazırlanması sayı azalmaqda olan növlərin qorunub saxlanılmasına və artırılmasına, xüsusi qaydada mühafizə edilməsinə geniş təminat yaratmışdır.

  Yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi, tranzit və ümumi nəqliyyat xidmətlərinin inkişaf etdirilməsi muxtar respublikanın nəqliyyat sisteminin beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyasını genişləndirməkdədir. Naxçıvan Beynəlxalq Hava Limanının, Sədərək, Culfa və Şahtaxtı Sərhəd-Keçid komplekslərinin, Culfa və Şahtaxtı Sərhəd-Keçid məntəqələrində yeni körpülərin istifadəyə verilməsi, “Naxçıvan-Bakı”, “Naxçıvan-Şahtaxtı-Maku-Urmiya” istiqamətlərində və əks istiqamətlərdə müntəzəm avtobus marşrutlarının və yeni hava nəqliyyatı xəttinin açılması nəqliyyat əlaqələrinin genişlənməsində mühüm mərhələ təşkil etmişdir. 

   Son 17 ildə muxtar respublikada 3350 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış və ya əsaslı təmir olunmuş, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 74 körpü tikilmiş, 61 halda isə körpülər əsaslı təmir olunmuşdur. Digər tərəfdən bu müddət ərzində dəmir yolu nəqliyyatının gələcək inkişaf perspektivləri nəzərə alınaraq infrastrukturu davamlı olaraq təkmilləşdirilmiş və muxtar respublika daxilində ahəngdar işi təmin edilmişdir. 1995-ci illə müqayisədə cari ilin ötən dövrü ərzində yük daşınması 19,5 dəfə, sərnişin daşınması isə 3,4 dəfə artmışdır.
   İnformasiya-kommunikasiya texnologiyaları davamlı olaraq inkişaf etdirilmişdir. Bu dövr ərzində muxtar respublika ərazisində 4 mobil rabitə operatorunun fəaliyyətinin təşkil edilməsi, internet xidməti sahəsinin yaradılması, mövcud koordinattipli avtomat telefon stansiyalarının hamısının elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, İran və Türkiyə ərazilərindən keçməklə fiberoptik kabellərin çəkilişi, “Naxtel” simsiz telefon xidmətinin və Yeni Nəsil Telekommunikasiya Şəbəkəsinin istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsi və efir vaxtının artırılması, Naxçıvan Dövlət Universitetində Universitet televiziyası, “Nuhçıxan” radiosu üçün yeni studiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris və İnternet Mərkəzinin və onun rayon filiallarının səmərəli fəaliyyətinin təşkili, iqtisadiyyatın bütün sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi, bu sahə ilə əlaqədar çoxsaylı beynəlxalq simpoziumların və konfransların keçirilməsi muxtar respublikada informasiya və kommunikasiya texnologiyalarının iqtisadi və sosial həyatımıza sürətli inteqrasiyasını təmin etmişdir. Ötən dövr ərzində rəqəmsal televiziyanın yayımına başlanılmış, yeni poçt markaları tədavülə buraxılmış, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmişdir.

 İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, ümumilikdə, bu sahə üzrə göstərilən xidmətlərin həcminin dinamik artımına da zəmin yaratmışdır. Belə ki, 2012-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 40 milyon 61 min manat olmuşdur ki, bu da 1995-ci ildəki müvafiq göstəricidən 95,3 dəfə çoxdur.
 İnkişafın hərəkətverici qüvvəsi sayılan sahibkarlar sinfinin formalaşdırılması ötən dövr ərzində reallaşdırılan iqtisadi siyasətin başlıca istiqamətini təşkil etmişdir. Bu müddət ərzində özəl sektora dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ciddi nailiyyətlər əldə edilmiş, sahibkarların fəaliyyət istiqamətləri, iqtisadi və maliyyə resurslarına çıxış imkanları xeyli genişlənmişdir. 2000-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 1074 layihənin maliyyələşdirilməsinə 87 milyon 900 min manatdan artıq həcmdə kredit verilmişdir.
  Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 318 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 204 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

  Özəl sektorun inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq, 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faiz təşkil etmişdir.
 Sahibkarların maliyyə resurslarına çıxış imkanları xeyli genişləndirilmişdir. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin həcmi 1995-ci illə müqayisədə 220 dəfə artaraq 55 milyon 76 min manat təşkil etmişdir.

  Məşğulluq sahəsində ötən 17 il ərzində muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni müəssisələr yaradılmış, səmərəli məşğulluq üçün mühüm layihələr reallaşdırılmış, yeni iş yerlərinin açılması təşviq olunmuşdur ki, bu da son nəticədə əmək bazarında münasibətləri xeyli yaxşılaşdırmağa imkan yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Pro­qramı”nın ötən dövr ərzində uğurlu icrası məşğulluq məsələlərinin keyfiyyətcə yeni mərhələyə keçirilməsinə yeni imkanlar yaratmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsində 1 yanvar 1996-cı ildən 1 dekabr 2012-ci il tarixədək muxtar respublika üzrə, ümumilikdə, 76659 yeni iş yeri yaradılmışdır ki, bu iş yerlərinin 50220-si və ya 65,5 faizi daimi iş yeridir.

   Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi, idxaləvəzləyici və ixracyönümlü məhsul istehsalının ciddi şəkildə dəstəklənməsi iqtisadi siyasətin əsas istiqaməti kimi saxlanılmış və bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur. Son 17 il ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq, xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmiş və ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranmışdır. 2012-ci ilin yanvar-noyabr ayları ərzində 385 milyon 847 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bunun da 314 milyon 141 min ABŞ dollarını ixrac, 71 milyon 706 min ABŞ dollarını idxal təşkil etmişdir. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 20,3 dəfə, o cümlədən ixracın həcmi 162,2 dəfə artmışdır. Cari ilin ilk 11 ayı üzrə xarici ticarətdə 242 milyon 436 min dollar həcmində müsbət saldo yaranmışdır.

   İqtisadi potensialın hərəkətə gətirilməsi və xarici ticarət əlaqələrinin genişləndirilməsi, sahibkarlığın inkişafı yolu ilə vergi ödəyicilərinin say tərkibinin davamlı artımı, müasirtipli müəssisələr şəbəkəsinin formalaşdırılması büdcə-maliyyə balansının tarazlığını və daxilolmaların ciddi artımını təmin etməyə imkan vermişdir. 2012-ci ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının icmal büdcəsinin həcmi 476 milyon 125 min manat olmuşdur ki, bu da 1995-ci ildəki göstəricini 59,9 dəfə üstələyir.

 Muxtar respublikada maliyyə xidmətləri bazarının əsas seqmentlərinin, o cümlədən bank sektorunun, qeyri-bank kredit təşkilatlarının, lizinq və sığorta bazarının tarazlı inkişafı təmin edilmişdir. Bank sektorunda rəqabətin stimullaşdırılması, bank-maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, elektron ödəniş sistemləri infrastrukturunun təkmilləşdirilməsi və onun əhatə dairəsinin genişləndirilməsi davamlı qaydada təşviq olunur. 1 dekabr 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 16284-ə çatmışdır ki, bunun da 13550-si və ya 83,2 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 4267 bank hesabının 4231-i və ya 99,2 faizi aktiv hesab olmuşdur. 2012-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 4 milyon 361 min manat olmuşdur ki, bu da 2011-ci ilin yanvar-noyabr aylarındakı müvafiq göstəricidən 2 milyon 580 min manat və ya 2,4 dəfə çoxdur.
 Səmərəli iqtisadi siyasətin nəticəsi olaraq, artıq muxtar respublikada formalaşdırılmış dayanıqlı maliyyə sistemi sosialyönümlü layihələrin vaxtında və keyfiyyətlə icrasına geniş imkanlar açmış, bu sahədə mühüm nailiyyətlər qazanılmışdır. Xeyli sayda yeni elm, təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri və digər sosial infrastruktur yaradılmış, dövlətin sosial qayğısı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

  1995-ci ildən muxtar respublikada elm və ali təhsil üzrə 12 obyektin, 40088 şagird yerlik 125 ümumtəhsil məktəbinin, 9 məktəbəqədər müəssisənin, 13 uşaq musiqi məktəbinin və 4 digər təhsil müəssisəsinin tikintisi, elm və ali təhsil üzrə 8 obyektin, 37842 şagird yerlik 66 ümumtəhsil məktəbinin, 6 məktəbəqədər müəssisənin, 10 uşaq musiqi məktəbinin və 12 digər təhsil müəssisəsinin yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
  Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə, təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəblərində 1 dekabr 2012-ci il tarixə istifadə olunan 3160 dəst kom­pyuterin 2623-ü və ya 83 faizi internetə qoşulmuş və təhsilin daha da keyfiyyətli aparılması məqsədilə 465 elektron lövhə quraşdırılmışdır.

   Xalqımızın zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, dekorativ və miniatür sənətinin zəngin ənənələrinin inkişaf etdirilməsi istiqamətlərində zəruri işlər görülməkdədir.

 

    Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, arxeoloji işin səmərəli idarə edilməsi, onun tətbiqini həyata keçirən təşkilatların fəaliyyətinin dəstəklənməsi, arxeoloji zonaların və qədim şəhər yerlərinin tədqiqinin sürətləndirilməsi və həmin ərazilərin mədəniyyət və turizm təyinatlı istifadəyə uyğunlaşdırılması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Tarixi mədəni irsin qorunması və təbliği, mədəni potensialın daha da inkişaf etdirilməsi son 17 il ərzində diqqət mərkəzində saxlanılmış, mədəniyyət obyektlərinin inşası, yenidən qurulması və bərpası davamlı xarakter almışdır. Ötən dövr ərzində Heydər Əliyev Sarayı, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Şahtaxtinskilər Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Ədəbiyyat Muzeyi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Açıq Səma Altında Muzey, Babək, Ordubad, Kəngərli, Şahbuz, Sədərək rayonlarında Tarix-Diyarşünaslıq muzeyləri, muxtar respublikanın şəhər və rayonlarında şəhidlər abidə kompleksləri, yeni parklar, ümumilikdə isə 172 mədəniyyət obyektinin tikintisi, 145 halda mədəniyyət obyektlərinin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır.

 

    Müasir dövrün çağırışlarına uyğun olaraq, mühüm iqtisadi fəaliyyət növü kimi turizmin inkişafı hərtərəfli təşviq olunmaqdadır. Turizm xidmət sahələrinin genişləndirilməsi, bu sahənin rəqabət qabiliyyətinin gücləndirilməsi, informasiya təbliğat işinin səmərəli təşkili səfərə gələn turistlərin sayını daha da artırmaqdadır. Cari ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrdən və respublikamızın digər bölgələrindən, ümumilikdə, 324 min 133 nəfər turist gəlmişdir ki, bu da 1995-ci illə müqayisədə 8,4 dəfə çoxdur.
 İnsanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə ötən dövr ərzində səhiyyə sahəsində mühüm işlər görülmüş, yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, müasir tibbi avadanlıqlarla təchiz edilməsi, bütün növ tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin sağlamlığı üzrə tədbirlərin, sanitariya maarifi işinin təşkili sahəsində müxtəlif layihələrin həyata keçirilməsi təmin olunmuşdur. Zəruri dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olması təmin edilmiş, dərman bazarına lisenziyasız və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısı alınmışdır. Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Quruculuq işləri çərçivəsində bu dövr ərzində Duzdağ Fizioterapiya Mərkəzi, Doğum Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Onkoloji Mərkəz, Kardioloji Mərkəz, Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, ümumilikdə isə 149 səhiyyə obyektinin tikintisi, 47 səhiyyə obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri aparılmışdır.

     Əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanaraq həyata keçirilmiş, habelə həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılmışdır. Ötən 17 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna yönəldilmiş xüsusi dövlət qayğısı prioritet istiqamət kimi saxlanılmış, Azərbaycan Vətən müharibəsi, 1941-1945-ci illər müharibəsi əlillərinə və Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvi zamanı əlil olanlara 319 ədəd avtomobil verilmiş, 188 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bu dövr ərzində ehtiyacı olan 3635 əlilə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, protez-ortopedik məmulatlara ehtiyacı olan 2193 nəfərə xidmət göstərilmiş, respublikanın müxtəlif sanatoriyalarında müalicə olunmaları üçün 1823 nəfər sanatoriya və pansionatlara göndərişlərlə təmin olunmuşdur.
  Aztəminatlı ailələrin maddi-rifah halının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 18 milyon 579 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir.

  Muxtar respublikada əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsi daim diqqət mərkəzində saxlanılmış və hazırda müvafiq tədbirlər həyata keçirilməkdədir. Son 17 il ərzində Naxçıvan şəhərində İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksi, Şahmat Mərkəzi, Şərur şəhərində Olimpiya İdman Kompleksi, Şərur, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarında Şahmat məktəbləri, muxtar respublikanın şəhər və rayonlarında idman meydançaları və digər idman obyektləri istifadəyə verilmişdir. Ümumilikdə, ötən dövr ərzində 22 idman obyekti tikilmiş, 15 idman obyektinin isə yenidən qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.
  Müasir dünyada demoqrafik gərginliyin aradan qaldırılmasının ən doğru yolu ümumi inkişafa nail olmaqla insanların həyat səviyyəsinin yaxşılaşdırılması hesab olunur. Ötən dövr ərzində muxtar respublikamızda demoqrafik vəziyyət yaxşılaşmış, 1 dekabr 2012-ci il tarixə əhalinin sayı 1 yanvar 1996-cı il tarixə olan göstəriciyə nisbətən 88,6 min nəfər artaraq 426,4 min nəfərə çatmışdır.
  2010-cu ildən başlayaraq muxtar respublikada il ərzində doğulan körpələrin sayı 10 min nəfəri üstələməkdədir.

 


    Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, öz növbəsində, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Belə ki, hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər olmuşdursa, 2012-ci ilin ötən dövrü ərzində bu göstərici azalaraq 0,8 nəfər təşkil etmişdir.
    İdarəetmədə yüksək nəticələri şərtləndirən mühüm amillərdən biri səmərəli institusional islahatların təşkili prosesidir. Bu istiqamətdə tədbirlərə uyğun olaraq, ötən dövr ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Heydərabad qəsəbəsi və bir yeni inzibati rayon – Kəngərli rayonu, 96 inzibati ərazi dairəsi, 4 sahə inzibati ərazi dairəsi, 300-dən artıq dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı, dövlət mülkiyyətində olan digər idarə, müəssisə və təşkilat yaradılmışdır ki, bu da idarəetmənin əhatəli və səmərəli təşkili üçün münbit şərait yaratmaqdadır.

   İqtisadi və sosial həyatımızın ötən 17 ili üzrə qazanılmış əsaslı nailiyyətlər, çətin şəraitdə böyük əzmkarlıqla təmin olunmuş makroiqtisadi sabitlik və davamlı inkişaf muxtar respublikamızın inkişaf və yüksəliş yolunda olduğunun daha bir göstəricisidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası 
Dövlət Statistika Komitəsi