Dövlət İmtahan Mərkəzində (DİM) informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən bildirilib ki, gündəlik məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

Şöbə müdiri Afiqə Batıyeva iclasın gündəlik məsələsi barədə ətraflı məlumat verib. O, informatika fənnindən qəbul imtahanı proqramının DİM-in rəsmi internet saytında yerləşdirildiyini və təqdim olunan imtahan modelinin bu proqrama uyğun hazırlandığını diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi İsmayıl Sadıqov imtahan modelini iştirakçılara təqdim edib. O, modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verildiyini qeyd edib.

Müzakirə olunan məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev, Azərbaycan Tibb Universitetinin mühəndis-proqramçısı Zaur Hacıyev, Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri Qabil Əliyev, Bakı Dövlət Universitetinin müəllimi Anar Rəşidov fikir və təkliflərlərini bildiriblər. Qeyd olunan fikir və təkliflər modeldə nəzərə alınıb. İmtahan modeli yaxın günlərdə DİM-in rəsmi internet saytında yerləşdiriləcək.