Əlahiddə Ümumqoşun Ordunun peşəkar zenitçiləri hədəfləri dəqiqliklə məhv edirlər

44 günlük Vətən Müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanından götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir olunaraq silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə “Zastava” qurğularının heyətləri düşməndən fərqli olaraq yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdirdilər.

 

“Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri “Həyəcan” siqnalı ilə qaldırılıb. Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub. İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri tərəfindən müxtəlif hündürlük diapazonunda fəaliyyət göstərən şərti hava düşməninin hücumunun qarşısının alınması tapşırıqları icra edilib.
Hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularından döyüş atışları yerinə yetirilib. Aşağı məsafədən uçan hava hücum vasitələrini məhv etmək üçün təyin olunan və MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.

Aviasiya vasitələrinə qarşı döyüş işi üzrə təlimatın və atəş qaydalarının tələblərinə uyğun fəaliyyətlərin icra olunduğu taktiki-xüsusi təlimlərdə şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişləri təkmilləşdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimin döyüş atışlı mərhələsi başa çatdıqdan sonra 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularının təhkim edildiyi bölmələrimizin birində zabit və əsgərlərin təəssüratlarını öyrənmək üçün həmsöhbət oldum. Bölmənin zabiti Təhmasib Rüstəmov bildirdi ki, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi götürülmüş 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularında qısa bir müddətdə istismar qaydalarına uyğun olaraq təmir işləri aparılıb. Qurğuların texniki vəziyyətinin və istismara yararlılığının müəyyən edilməsi məqsədilə mütəxəssislərimiz tərəfindən sınaq atışları keçirilib. Sınaq atışlarından sonra 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularının təyinatı, ümumi quruluşu, istismar və döyüş tətbiqi qaydaları şəxsi heyətə öyrədilib. Tədris prosesinə cəlb edilmiş şəxsi heyətin nəzəri bilikləri və praktik bacarıqlarının yoxlanılması məqsədilə təlim atış çalışmaları yerinə yetirilib. Qurğulara təyin edilmiş heyətlərin nəzəri bilikləri və praktik vərdişləri yüksək səviyyədə olduğundan atışın nəticələri müsbət qiymətləndirilir. Gələcəkdə də 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğularının istismar və döyüş tətbiqi istiqamətində tədbirlər plana uyğun olaraq davam etdiriləcək.

Zenit-artilleriya bölməsinin digər bir zabiti Yunis Tarverdiyev real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması zamanı heyətlərin yüksək peşəkarlıq və ustalıq nümayiş etdirdiyini vurğuladı. Müsahibim bölmənin əsgərlərindən bir neçəsinin adını çəkərək bildirdi ki, Elçin, Nicat, Zahir, Səyyad, Mahmud, Səfdər, Samiq və digərləri, ümumiyyətlə, bütün şəxsi heyət hərbçi ustalığı ilə təlimdə qarşıya qoyulmuş məqsədlərə çatmaqda yüksək bacarıq nümayiş etdirdi.

Müasir ümumqoşun döyüşünün çevik dəyişən şəraiti bütün heyətdən zenit-artilleriya bölmələrinin manevr qabiliyyətinin yüksək olmasını tələb etdiyindən təlimlərdə qısa zamanda qurğulardan hava hədəfinə atəş açaraq sıradan çıxarılması və çətin dağlıq şəraitdə yerdəyişməsi tapşırıqları yerinə yetirilir. Ordu aviasiyası və pilotsuz uçuş aparatlarının praktik uçuşlarla məşq və təlimlərə cəlb edilməsi komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayır. Obyektlərin və birləşmələrin hava hücumundan müdafiəsini təmin edərkən qorunan ümumqoşun birliklərinin döyüş fəaliyyətlərindən asılı olaraq zenit-raket qoşunlarının hissə və bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri arasında qarşılıqlı əlaqə yaradılır. Atışlar zamanı isə əsas diqqət alçaq və ən alçaq hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilir.

Beləliklə də 24 saat döyüş növbətçiliyi aparan Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələrində hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımız Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi aparırlar.

Nəriman Nəcəfov