Ötən ilin, bizim elin uğurları

Bir ili də geridə qoyduq. 2021-ci il  həm də “Şərq qapısı” qəzetinin 100, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması ilə yadda qaldı. Hər iki tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmiş, Naxçıvanda mətbuat və rəssamlıq sahəsi ilə bağlı dəyərli fikirlər səsləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə bir sıra qəzet və nəşriyyat əməkdaşları, həmçinin dövlətimizin başçısının oktyabrın 16-da  Ali Məclis Sədrinin isə 2021-ci il 15 iyul tarixdə imzaladığı müvafiq sərəncamlarla mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə  rəssamlar təltif edilmişlər. Onlarla həmsöhbət olduq, fəaliyyətləri barədə öyrəndik…  

 

“Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunan, “Şərq qapısı” qəzeti ilə, ümumiyyətlə, mətbuatla hələ orta məktəbdə oxuduğu və müəllim kimi fəaliyyət göstərdiyi dövrlərdən sıx bağlı olan “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov dedi ki, mətbuatda ilk yazısı 1970-ci ildə, o vaxt “Yeni Ordubad” (indiki “El həyatı”) adı ilə nəşr olunan qəzetdə işıq üzü görüb. Bir qədər sonra “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Təşviqatçı”, “Müxbir” jurnallarında məqalələri dərc olunub: – Ötən il 100 yaşını böyük təntənə ilə qeyd etdiyimiz “Şərq qapısı”nda 20 ildir ki, fəaliyyət göstərirəm. Bu müddətdə qəzetə, qəzet əməkdaşlarına göstərilən diqqət və qayğının şahidi olmuşam. Sıravi müxbirlikdən məsul katib vəzifəsinə qədər bir yol keçmişəm. Əməyim həmişə yüksək dəyərləndirilib. Doğma “Şərq qapısı”nın 90 illik yubileyində mənzillə təmin olunmuşam. Bu o vaxt idi ki, ölkə Prezidentinin mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlarına əsasən Bakıda tikiləcək ictimai yaşayış binasının bünövrəsi qoyulurdu. Bu böyük qayğının ayağı sayalı oldu. 2015-ci ildə milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişəm. Doğma “Şərq qapısı” qəzetinin 100 illik yubileyi ilə əlaqədar keçirilən yaradıcılıq müsabiqəsində I yerə çıxaraq diplom almışam. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. Bütün bunlar Naxçıvanda mətbuatın inkişafına, mətbuat işçilərinə göstərilən ən böyük qayğıdır. Təbii ki, belə qayğı, ümumilikdə, muxtar respublikada jurnalistikanın inkişafına öz müsbət təsirini göstərir. Mən də bundan ruhlanaraq mətbuatda işlədiyim dövrdə 4 kitab nəşr etdirmişəm. Mətbuata göstərdiyi böyük qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm.
“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan Şərəf Mənsumova, qəzet əməkdaşlarının təbirincə desək, – Şərəf xala ilə həmsöbət olduq, sevincini bölüşərək bildirdi ki, 44 ildir, ömrünü nəşriyyat, mətbuat işinə sərf edib: – Əvvəllər qəzet səhifələri linotip adlı həcmcə böyük maşınlarda yığılır və çap edilirdi. Bu zaman həm vaxt itkisi yaşayır, həm də iş prosesindəki qurğuşun zəhərinin təsirindən sağlamlığımızı ciddi təhlükə qarşısında qoymalı olur, əllərimiz qaraya boyanırdı. Əvvəllər şrift dəstləri də çox məhdud idi. İndi elə kompüter proqramları vardır ki, qəzetçiyə bəzən onlarca, yüzlərlə şrift forması təqdim edir. Muxtar respublika rəhbərinin qayğısı ilə hələ 1996-cı ildə mətbəəyə ilk kompüter verildi, işimiz xeyli yüngülləşdi. 2000-ci ildə “Şərq qapısı” qəzeti ayrılıqda öz fəaliyyətinə başladı ki, elə həmin ildən burada kompüter operatoru kimi fəaliyyətimi davam etdirirəm. Bu gün qəzetimizdə hər cür şərait yaradılıb, redaksiyamız müasir maddi-texniki baza ilə təmin olunub. Bir sözlə, işimizi rahat və keyfiyyətli şəkildə yerinə yetirə bilirik. Mətnlər jurnalistlər tərəfindən yazılıb bizə verildikdən sonra həmin əlyazmaları kompüterə köçürür və çapa hazırlayırıq. Beləliklə, jurnalist məqalələrinin ilk oxucusu da özümüz oluruq.
Şərəf xaladan qəzetdə bu qədər uzun müddət çalışmağın sirrini də öyrənirəm: – Bir dəfə bezdim, sıxıldım deməmişəm. Hər gün işə olan sevgim, məhəbbətim daha da artır, gördüyüm işdən zövq alıram, hələ də ilkgünkü kimi eyni həvəslə işə gəlirəm. Bizim işimiz məsuliyyətlidir, dəqiqlik tələb edir. Bu, həm də qəzetin oxucusuna hörmət deməkdir. Ötən il dekabrın 18-də qəzetimizin 100 illik yubileyi təntənə ilə qeyd edildi. Mənim də fəaliyyətim yüksək qiymətləndirildi.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan əməkdaşlarından Çingiz Ağayevlə söhbət etdik. Müsahibim bildirdi ki, 2010-cu ildən mətbəədə montajçı işləyir: – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri nəşriyyat işini, nəşriyyat işçilərini həmişə öz diqqətində saxlayır. Bizə göstərilən qayğının bir nümunəsi də “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmağımızdır. Buna görə çox minnətdaram. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, çalışacağıq ki, işimizi düzgün və məsuliyyətlə yerinə yetirək.
Nəşriyyatın digər bir əməkdaşı Esmira Heydərova ilə söhbətimiz zamanı öyrənirik ki, mətbəədə 2012-2014-cü illərdə cildləyici, 2014-ci ildən sahə ustası vəzifəsində çalışır: – Üzərimizə düşən vəzifələri həmişə məsuliyyətlə yerinə yetirməyə çalışmışıq. Böyük uğurlarımızdan biri mənim iştirakımla “Naxçıvan dastanı”, “Naxçıvan haqqında ballada”, şəhid baş leytenant Raqib Hüseynova həsr olunmuş “Bir zirvənin fatehi” adlı miniatür kitabları hazırlamağımızdır. Əməyimin yüksək qiymətləndirilməsi sevindircidir, qürurvericidir. Bunun üçün dövlətimizə minnətdaram.

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilən rəssamlarla da həmsöhbət olduq.
Öyrəndik ki, Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunu olan Fikrət Babayevin rəsm əsərləri 1970-ci illərdən Moskva, Bakı və Naxçıvanda keçirilən müxtəlif sərgilərdə nümayiş etdirilib. 1987-ci ildə SSRİ Rəssamlar İttifaqının gənclər bölməsinə üzv qəbul olunub. Yaradıcılığında portret, mənzərə, natürmort, kompozisiya və digər janrlara üstünlük təşkil edən rəssamın əsərləri Türkiyə və İran İslam Respublikasında müxtəlif şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olan müsahibim bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatının bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılması muxtar respublikada təsviri incəsənətin inkişafında mühüm addım olmuş, müstəqillik illərində Rəssamlar Birliyi üçün yeni bina, sərgi salonu və emalatxananın istifadəyə verilməsi ilə rəssamlar üçün müasir iş şəraiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi barədə müvafiq Sərəncamına əsasən iyulun 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin tədbirdə qədim və zəngin tarixə malik Naxçıvan rəssamlıq məktəbi haqqında dediyi sözlər diyarımızda incəsənətə, həmin məktəbin davamçıları olan bizlərin yaradıcılığına göstərilən böyük qayğının təcəssümüdür. Həmçinin mənim ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar rəssam” fəxri adı ilə təltif olunmağım, ümumiyyətlə, ölkəmizdə rəssamların fəaliyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Bundan sonra da rəssamlıq sənətini yaşadacaq, Naxçıvanımızı layiqincə təbliğ edəcəyik.
Növbəti müsahibimiz 50 ildən artıqdır, peşəkar rəssamlıqla məşğul olan Qəhrəman Tağıyevdir. Söhbət zamanı öyrəndik ki, 1960-cı illərdə Naxçıvan şəhərində fəaliyyət göstərən yeganə rəssamlıq emalatxanasında bu sənətin sirlərinə yiyələnən rəssamın əsərləri dünyaca məşhur azərbaycanlı rəssam Tahir Salahov tərəfindən də yüksək qiymətləndirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirən Qəhrəman müəllim təhsilini bitirdikdən sonra fəaliyyətini doğma Naxçıvanda davam etdirib. Yaradıcılığında milli-mədəni irsimizin təbliği, zəngin təbiət lövhələri üstünlük təşkil edən, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan müsahibimin dediklərindən: – Bu gün muxtar respublikamızda incəsənətin inkişafına, rəssamlara çox böyük qayğı vardır. Rəssamların yetişməsi, fəaliyyəti üçün hər cür şərait yaradılıb. Onların əməyi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Mən də ötən il Prezidentin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişəm. Bunu ailəm, rəssam dostlarım böyük sevinclə qarşıladı. Fəaliyyətimə verilən böyük qiymət məni daha da ruhlandırır və yeni yaradıcılıq uğurlarına sövq edir. Bu böyük dəyər üçün dövlət başçısına, eyni zamanda muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.
İstər mətbuat sahəsində çalışanlarla, istərsə də təsviri sənət ustaları ilə söhbətlərimizdən məlum oldu ki, fəaliyyətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu yaradıcı insanlar yeni ildə daha böyük ruh yüksəkliyi, ikiqat əzmkarlıqla fəaliyyətə başlayıblar. Onlara yeni uğurlar diləyi ilə...

 Güntac ŞAHMƏMMƏDLİ