Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sədərək rayonunda yerləşən “N” hərbi hissənin əsgərləri ilə görüş olub.

Görüşdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissənin kollektivini səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib, vətənpərvər və peşəkar şəxsi heyət formalaşdırılıb. Ölkə Prezidentinin siyasi iradəsi və qətiyyəti, ordumuzun gücü, döyüş əzmi, həmçinin xalq-ordu birliyi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsas amillərindəndir.
Sonda yerli istehsal olan müxtəlif növ bayram sovqatları hərbi hissəyə təhvil verilib.

Xəbərlər şöbəsi