Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə sertifikatlar təqdim edilib, ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Bu münasibətlə keçirilən buraxılış mərasimlərində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.


Mərasimlərdə çıxış edənlər kurslar zamanı peşəkarlaşan gənclərimizi yeni hərbi vəzifələrə təyin olunmaları və eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bundan sonrakı xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırıldıqdan sonra oktyabr ayında həqiqi hərbi xidmətə çağırılan əsgərlərimiz tərəfindən müxtəlif hərbi ixtisaslar üzrə qazanılan bilik və bacarıqlar nümayiş etdirilib.
Gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub, tribuna önündən təntənəli keçidlə mərasimlər başa çatıb.

Nəriman Nəcəfov