Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.


Vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edən xidmət rəisi bildirib ki, vətəndaşlıq faktı ilə şəxslərin vəzifələri müəyyənləşir. Vətəndaşlar onların üzərinə qoyulmuş vəzifələri icra edir, qanuni mənafelərini həyata keçirir, dövlət isə, öz növbəsində, vətəndaşların qanuni maraqlarını müdafiə edir.
Vurğulanıb ki, ölkəmizin artan sosial-iqtisadi və hərbi qüdrətinin nəticəsidir ki, zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası da bu gün inkişafın məhz intibah dövrünü yaşayır. Bütün parametrlər üzrə əldə edilən davamlı və dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarına xüsusi diqqətlə, həssaslıqla yanaşma, həmçinin təhlükəsizlik və əmin-amanlıq sayəsində muxtar respublikamızda yaşamaq, işləmək və təhsil almaqla bərabər, ölkəmizin vətəndaşı olmaq istəyənlərin sayı da hər ötən il artmaqdadır. Həmçinin qeyd edilib ki, reallaşdırılan məqsədyönlü və uğurlu siyasət respublikanı tərk edib digər ölkələrə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtmasına çox ciddi təsir edir.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli Sərəncamı ilə vətəndaşlığa qəbul olunan 7 nəfər təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Ölkə vətəndaşlığına qəbul olunan şəxslər Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını və bu böyük etimada görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunma ilə bağlı müvafiq sənədlər təqdim edilib.
Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Miqrasiya Xidmətinin mətbuat xidməti