Dekabrın 13-dən 19-dək dünyada koronavirusa 4.177.622 yoluxma və bu xəstəlikdən 616 ölüm halı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə müvafiq olaraq, 2 faiz və 9 faiz azdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.

Bununla yanaşı, xəstəliyə yoluxmanın (53 faiz) və ölüm hallarının (15 faiz) nəzərəçarpacaq dərəcədə artımı Afrikada qeydə alınıb. Afrika ilə bərabər, xəstəlik yalnız Qərbi Sakit okean regionunda (12 faiz) artıb, bu regionda ölüm hallarının sayı isə azalıb (6 faiz).

Həftə ərzində yoluxmaların 63 faizi və ölüm hallarının 60 faizi Avropanın payına düşür. Bununla belə, xəstəliyə yoluxmaların sayında 3 faiz, ölüm hallarında 7 faiz azalma qeydə alınıb. Amerikada yeni yoluxma hallarının sayı 10 faiz, Cənub-Şərqi Asiya və Qərbi Aralıq dənizi regionunda isə 12 faiz azalıb. Ölüm hallarının sayının aşağı düşməsi Amerikada (15 faiz) və Şərqi Aralıq dənizi regionunda (12 faiz) müşahidə olunub.

Həftə ərzində yoluxanların ən böyük sayı barədə ABŞ (725.750) xəbər verib. Sonrakı yerlərdə Böyük Britaniya (507.984), Fransa (358.175) və Almaniya (283.673) gəlir.

ÜST-nin 21 dekabra olan məlumatına görə, pandemiya başlayandan bəri dünyada 274.628.461 yoluxma və 5.358.978 ölüm faktları təsdiqlənib. Yoluxanların sayı sutka ərzində 543.414 nəfər, ölüm halları – 6.488 nəfər artıb. ÜST-yə daxil olan məlumata əsasən, koronavirusa təsdiqlənmiş yoluxma halları daha çox ABŞ-da (50.565.638) qeydə alınıb. Sonrakı yerləri Hindistan (34.752.164) və Braziliya (22.213.762) tutur. Ən çox ölüm halları ABŞ-dadır (799.942), ikinci yerdə Braziliya (617.803), üçüncü yerdə isə Hindistandır (478.007).