Azərbaycan Respublikasının Baş Prokurorluğu Şuşa rayonu ərazisində iki mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı yeni məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, dekabrın 9-u Şuşa rayonu ərazisində iki mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən ilkin araşdırma aparılıb. Müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev həmin ərazidə təmir-tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.