Ölkəmizin ictimai fikir tarixində belə bir deyim formalaşmışdır ki, Azərbaycanın mütərəqqi ideyaları Naxçıvandan gəlir. Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Fərmanı ilə görkəmli səhiyyə təşkilatçısı Əqil Mehdiyevin anadan olmasının 100 illiyinin təntənəli tədbirlər silsiləsi ilə keçirilməsindən sonra professor Tamerlan Əliyevin 100 illiyinin qeyd edilməsi bu qənaətin əsassız olmadığını göstərir. 

Gənc yaşlarından elmi fəaliyyətlə məşğul olan və çox böyük nailiyyətlər əldə edən Tamerlan Əliyevin bir həkim və elm adamı kimi fəaliyyəti, keçdiyi mənalı ömür yolu bu gün tibb təhsili alan tələbələr və gənc alimlər üçün bir nümunədir.

Tamerlan Əliyev şəfqətli həkim, görkəmli alim və pedaqoq ömrü yaşayıb və ölkəmiz üçün tibb sahəsində yüksəkixtisaslı elmi kadrların hazır­lanmasında əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetirmələrinin adları nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda da böyük ehtiramla çəkilir.
Tamerlan Əliyev 1921-ci il ok­tyabrın 3-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb, alicənablıq, həssaslıq və ziyalılıq ruhunda tərbiyə alıb. 1929-cu ildə Bakıdakı 3 nömrəli ibtidai məktəbdə oxumağa başlayıb, sonralar təhsilini 176 nömrəli orta ümumtəhsil məktəbində davam etdirib. 1940-cı ildə orta məktəbi “əla” qiymətlərlə bitirən Tamerlan Əliyev o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilib və həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Oxuduğu müddətdə özünün səyi, çalışqanlığı, bacarığı, erudisiyası və əməksevərliyi ilə müəllimlərinin rəğbətini qazanıb, təhsildə və ictimai işlərdə fəallığına görə dövrünün ən yüksək tələbə təqaüdü sayılan Stalin təqaüdçüsü olub və o zaman yüksək təltif hesab olunan Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb.
Tamerlan Əliyev hələ 1943-cü ilin sentyabrında sonuncu kursda oxuyarkən artıq Bakı şəhərindəki Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda epidemioloq kimi əmək fəaliyyətinə başlamış, 1944-cü ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya kafedrasında assistent kimi fəaliyyət göstərmişdir. Gənc məzun 1945-ci ildən etibarən Azərbaycan Dövlət Tibb İnstitutunun fakültativ terapiya – Azərbaycan Tibb Universitetinin indiki II Müalicə – profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasında kliniki ordinator, assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmış, beləliklə, onun bütün sonrakı fəaliyyəti Azərbaycan Tibb Universiteti ilə bağlı olmuşdur.
Onun çoxcəhətli elmi tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Həkimlik fəaliyyətinə başladığı ilk illərdə Azərbaycan kurort amillərinin, o cümlədən İstisu və Darıdağ sularının, Naftalan neftinin insan və heyvan orqanizminə təsir mexanizmlərinin öyrənilməsi ilə məşğul olmuş, Naftalan neftinin orqanizmin reaktivliyinə təsirinin öyrənilməsinə böyük əmək sərf etmiş və 1954-cü ildə “Heyvan orqanizminin immun reaktivliyinin Naftalan neftinin təsiri altında dəyişməsinin xarakteristikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
O apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən 1969-cu ildə “Şəkərli diabetin müxtəlif formaları olan xəstələrdə periferik damarların vəziyyəti; metabolizmin və qanın laxtalanmasının bəzi göstəriciləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
1970-ci ildə SSRİ Ali Attestasiya Komissiyası onun professor alimlik adını təsdiq etmiş və elə həmin ildən Tamerlan Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 20 il bu vəzifədə çalışmış, 1990-cı ildə öz yetirməsinin həmin vəzifəyə seçilməsinə zəmanət vermiş, özü isə 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində çalışmışdır.
1975-ci ildə görkəmli alimin şəxsi təşəbbüsü və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 çarpayılıq Endokrinologiya şöbəsi yaradılıb. Həmin dövrdə Tamerlan Əliyevin təşəbbüsü ilə Daxili xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım, reanimasiya və intensiv terapiya bloku, Funksional diaqnostika şöbəsi təşkil edilib.
Azərbaycanda kardioloji xidmət sisteminin təşkili sahəsinin inkişafında da onun böyük əməyi olub. Novator alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə 4 nömrəli Klinik Xəstəxananın nəzdində miokard infarktı və şəkərli diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardımı, həmçinin intensiv terapiyası təşkil edilib və beləliklə, respublikada həmin xəstəliklərdən ölüm faizi azalıb.
Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də onun təşəbbüskarlığı, təşkilatçılığı ilə inşa edilərək fəaliyyətə başlayan Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Belə bir möhtəşəm müalicə diaqnostika mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin, tibb elminin inkişafına güclü təkan vermişdir.
1983-cü ildə onun səyi və təşəbbüsü ilə Ümumittifaq Endokrinoloqlar Cəmiyyətinin səyyar elmi sessiyasının Bakıda keçirilməsinə nail olunması Azərbaycan səhiyyəsində böyük tarixi hadisəyə çevrilmişdir.
Görkəmli alim uzun illər Azərbaycan Respublikası Səhiyyə Nazir­liyinin baş terapevti, Bakı Şəhər Səhiyyə İdarəsinin baş endokrinoloqu, Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin məsləhətçisi, ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, “Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü və sair kimi vəzifələri yerinə yetirmiş, SSRİ Ümumittifaq Endokrinoloqlar, Kardioloqlar və Nefroloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən Terapiya ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri vəzifəsində çalışmış, bu sahə üzrə gənc elmi kadrların yetişməsində öz köməyini əsirgəməmişdir.
Professor Tamerlan Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitinin, metodik tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çox sayda elmi-kütləvi məqalənin müəllifi olub. Onun “Klinik-diaqnostik laborator tədqiqat üsulları”, “Şəkərli diabet haqqında ətraflı məlumat”, “Biokimyəvi tədqiqat üsulları”, “Şəkərli diabet”, “Prediabet”, “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstə­liyi”, “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi”, “Endokrinologiya” adlı əsərlər indi də öz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə edilir. Alim, həmçinin tərcüməçilik işi ilə də məşğul olub, A.V.Sumarokov və A.A.Mixaylovun “EKQ üzrə vəsait” adlı kitabını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir.
Tamerlan Əliyev uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı “Endokrinologiya” dərsliyi bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli əsərdir. Onun “Klinik-diaqnostik laborator tədqiqat üsulları” monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına və Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.
Görkəmli alimin elmi məsləhətçiliyi və rəhbərliyi altında 5 doktorluq və 25 namizədlik dissertasiyası yerinə yetirilib. Onun hazırladığı kadrlar Azərbaycanın hüdudlarından kənarda da uğurla fəaliyyət göstərərək müəllimlərinə başucalığı gətiriblər.
Tamerlan Əliyev Türkiyə, ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa ölkələrdə keçirilmiş elmi toplantılarda özünün maraqlı məruzələri ilə Azərbaycanı layiqincə təmsil etmişdir.
XX əsrin 70-80-ci illərində tədrisin islahatlar yolu ilə təkmilləşməsinə böyük töhfələr vermiş alim tədris-metodik işlərin müasir tələblər səviyyəsində aparılmasına, tədrisin keyfiyyət göstəricilərinin, həmçinin nəticələri səhiyyə praktikasına tətbiq olunan elmi-tədqiqat işlərinin sayının və sanbalının artmasına nail olmuş, nümunəvi bir kafedra yaratmışdır. Qeyd edək ki, Tamerlan Əliyev ölkədə tədris-metodik işlərin ən gözəl bilicilərindən biri kimi tanınırdı.
Tamerlan Əliyev səhiyyə, təhsil və elm sahəsində əldə etdiyi nailiyyətlərə görə dövlət tərəfindən bir sıra fəxri ad, orden və medallara – “Əməkdar elm xadimi” fəxri adına, “Şərəf nişanı” və “Oktyabr İnqilabı” ordenlərinə, “Azərbaycan SSR Dövlət Mükafatı” laureatı adına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalına, “Səhiyyə əlaçısı” döş nişanına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına və digər təltiflərə layiq görülmüş, sanballı elmi-metodik işlərinin dəyərli nəticələrinin müqabilində dəfələrlə SSRİ İxtiralar və Kəşflər üzrə Dövlət Komitəsinin sertifikatlarını almışdır.
Hamıya məlumdur ki, Tibb Universitetində tibbi təhsilin metodikasını öyrədən heç bir fənn yoxdur və biz həkim-müəllimlər təbabətin tədrisi məsələlərini öz müəllimlərimiz olan Kamil Balakişiyev, Mustafa Topçubaşov, Böyükbəy Mahmudbəyov, Cəlil Hüseynov, Emin Əfəndiyev, Böyükkişi Ağayev, Adilə Namazova, Tamerlan Əliyev kimi dünya şöhrətli həkimlərimizdən öyrənmişik. Hippokrat andı içmiş həkimlərin müəllimlik fəaliyyətlərində də andlarına sadiq qalmaları onların öz peşələrinin tədrisi prosesinin də yüksək səviyyədə keçməsini təmin edir. Tamerlan Əliyev və digər korifey həkim-müəllimlərin tədris-tərbiyə prosesində aşıladıqları professionallıq, vətənpərvərlik və həyat dərslərinin bariz nəticələri kimi yüzlərlə həkimin I və II Qarabağ müharibələri və mövcud pandemiya dövründə öz məsləkləri uğrunda şəhidlik zirvəsinə yüksəlmələrini misal göstərmək olar.

1997-ci il aprelin 7-də dünyasını dəyişmiş, əbədiyyətə qovuşmuş unudulmaz alimin əziz xatirəsi daim qəlbimizdə yaşayır və yad edilir. Son dərəcə səmimi, təvazökar, obyektiv, qayğıkeş, özünə və əməkdaşlarına qarşı ciddi və tələbkeş, eyni zamanda həssas qəlbli bir insan olan Tamerlan Əliyevin tarixə çevrilmiş zəngin elmi və pedaqoji irsi, gəncləri elmə həvəsləndirən mütərəqqi ideyaları diqqətlə öyrənilir və bundan sonra da öyrəniləcək, bütün dövrlərdə öz mütərəqqi təsiri ilə tibbi kadrların elmi-praktik fəaliyyətlərində sönməz bir mayak kimi onlara yol göstərəcəkdir.

İsa ABDULLAYEV
tibb elmləri doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi