Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük “Aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı təlim təşkil olunub.


Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib. Bildirilib ki, mühasibat uçotunun müasir uçot sistemi və beynəlxalq standartların prinsiplərinə uyğun təşkil olunması dövrün əsas tələbidir. Bu isə paralel olaraq mühasibat uçotu sahəsində çalışan işçilərin ixtisaslarının təkmilləşdirilməsini, onların inkişaf etmiş ölkələrin təcrübəsinin, peşəkar mühasib etikası normalarının öyrənilməsini mühüm vəzifə kimi qarşıya qoyur.
Təlimin ilk günü Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanovun təqdimatında “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” mövzusu ilə bağlı təlim keçirilib.
Təlimin növbəti günündə “Uzunmüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” mövzusu tədris edilərək təşkilatda baş verən müxtəlif əməliyyatlar zamanı uzunmüddətli aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılası və uçotda əks etdirilməsi qaydaları praktiki olaraq izah edilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti