Həyat vəfasızdır deyirlər. Haçansa payız ruzigarı əsir və qarşısına çıxan hər şeyi süpürüb aparır.

Əcəl gözlənilməzdir deyirlər.Qaşla-gözün arasındadır, görə bilmirik.Haradansa qaranlıq düşür və ömrün nurunu zülmətlərə qərq edir. Əcəl xəbəri də gözlənilməz olur. Heç kim ölümə inanmaq istəmir, inana bilmir.O ki qala Yaqub Zürufçu.

Sentyabrın 14-də gələn acı xəbər qəfil küləklər pəncərəyə çırpıldığı kimi ayrılığın, itkinliyin tül pərdələrini üzümüzə çırpdı. Dünyaya gələn bir gün getməlidir, Süleymana qalmayan dünyadıbu-doğru. Amma kam almadı, nisgili,dəsrəti ilə köçdü bu dünyadan Yaqub Zürufçu. Xalqdan gəldi, xalqdan getdi.İzini, sözünü, özünü xalqın yaddaş kitabında qoydu getdi.

 

1987-ci ildə Naxçıvan televiziyasında  müəllifliyim və aparıcılığımla “Ayrılıq” verilişi efirə vəsiqə almışdı. Yaqub Zürufçunun ifasında “ Ayrılıq” mahnı ilə açılır, onunla bağlanırdı. Məktub da yazmışdı ünvanıma: “ Naxçıvan televiziyasının “Ayrılıq” verilişinin hər dəfə mənim ifa etdiyim eyniadlı mahnı ilə başlaması məni qəlbən sevindirdi. Bu mahnını Naxçıvanla bahəm İranın sərhədboyu kənd və şəhərlərində də dinləyirlər. Güman edirəm ki, vətən həsrəti olmasaydı, çətin ki, “Ayrılıq” mahnısı da yaranaydı. Doğrudur, bu mahnı bir neçə ifada səslənib. Amma mənim ifamda hədəf odur ki, gərək o tay, bu tay arasında dəmir pərdə götürülə, bir-birimizə get-gəl ola. 

Mən şadam ki, şümali Azərbaycana gəldim,xalqımı gördüm,o ki istəyimə yetişdim, ta canıma yüz ölüm  gəlsə də fərq etməz. Ölsəm də Azərbaycan iftixarında öləcəyəm və fəxr edəcəyəm.”

Özünü isə ilk dəfə aqub Bakının Azadlıq meydanında gördüm. Zurufçu ata ocağı Təbrizdən  Almaniyaya, Hamburqdan Amerikaya üz tutmuş, Miamidə ayrılığa dözə bilməyib bir həsrətin qanadında qitələri dolaşa-dolaşa Bakının Azadlıq meydanına gəlmişdi. Azadlıq eşqi coşmuş milyonların qarşısında Ayrılıq, Ayrılıq aman Ayrılıq oxuya-oxuya Güney Azərbaycanın 10 milyonlarının səsini səsimizə, Təbrizin ana nəfəsini nəfəsimizə qatdı. İllər uzunu o hüznlü səsi hayqırtıya çevirib Xəzər üzərindən dalğa-dalğa dünyaya yaydı. Yaydı ki, kor Dünya ayrılığımıza bir daha şahid olsun.

Sonra 2000-ci illərin əvvəllərində Naxçıvanda görüşüb axşamüstü birgə çay içib söhbət elədik. Naxçıvandakı konsertindən sonra verdiyi müsahibəsində Naxçıvanı qədim mədəniyyətimizin beşiyi adlandırmış, Nuh diyarında olmağını taleyinin xoşbəxtliyi hesab etmişdi. 

Yaqub Zurufçu mənim üçün özlüyündə bir dəyərdi. Təkcə ona görə yox ki, o gözəl sənətçi və bir-birindən möhtəşəm mahnıların müəllifidir... Həm də ona görə ki, O, öz sinəsindəTəbrizin, Bakının, Qarabağın, Naxçıvanın havasını gəzdirməyi bacarırdı. 90-cı illərdə xalqımız öz azadlığı uğrunda ayağa qalxanda Yaqub Zurufçu və onun “Ayrılığ"ı dillərdə dastan, ürəklərdə həsrət və nisgil, sabaha inam, bizi birləşdirən böyük mənəvi güc, qırılan tikanlı məftillər idi. Şirin Təbriz ləhcəsində səslənən “Ayrılığ”ı bizim uşaqlığımızın ən gözəl xatirəsi, sanki görmədiyimiz Təbrizin canlı portreti idi...

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olar yaman ayrılıq...

Heyf, Yaqub Zurufçu kimi bir sənətkar, Azərbaycan sevdalısı insanlığı xəcalətdə qoyan virusa qurban getdi. Çox böyük itkidi. Bu gün böyük sənətkarımızın azad ruhu Təbrizə qovuşub. Təbriz şəhərinin Çərandab məhəlləsində “Xana-xana evlər”i dolaşır. Ruhun şad olsun Yaqub Zurufçu!

                                                    Hüseyn Əsgərov