Naxçıvan Muxtar Respublikasında dövlət tədris müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması sahəsində tədbirlər mütəmadi olaraq davam etdirilir. Belə tədbirlərin davamı kimi, dövlət musiqi təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün test imtahanlarının keçirilməsinə start verilib.

Elan olunmuş müsabiqə üzrə qeydiyyatdan keçmiş 313 namizəd müsabiqəyə çıxarılmış 255 vakant vəzifənin tutulması üçün biliklərini sınayacaq. Ən çox müraciət Babək rayonu (81), Naxçıvan şəhəri (52) və Şərur rayonu (51) üzrə qeydiyyata alınıb. Müsabiqəyə daha çox tar (30), konsertmeyster-fortepiano (30) və qarmon (28) ixtisasları üzrə vakant vəzifələr çıxarılıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə fortepiano (49), musiqi ədəbiyyatı (47) və konsertmeyster-fortepiano (39) ixtisaslarına olub.
Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Ayrılmış 75 dəqiqə vaxt çərçivəsində test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və imtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. Keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılır. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
Sentyabrın 16-a qədər davam edəcək imtahanların nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti