Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Tədbirdə çıxış edən nazir Nicat Babayev bildirib ki, avqust ayının 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirəsində nazirliyə payız-qış mövsümündə, tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı tədbirlər görülməsi, hərbi hissələr üçün isti geyimlərin toxunması işinin bu il də davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla əlaqədar Tədbirlər planı təsdiq olunub və nazirlik daxilində komissiya yaradılıb.
Bildirilib ki, ötən ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 3000 boyunluq, 920 şərf və 1400 jilet haqqı ödənilməklə təhvil alınaraq hərbi hissələrə verilmişdir. Həmçinin Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 770 müəssisənin qazanxanalarında işləyən mövsümi işçilər üçün maarifləndirmə tədbirləri icra olunmuşdur. Bununla yanaşı, peşə təhsilinə malik olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslərin vakant iş yerlərinə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti peşəsi üzrə təşkil olunmuş 8 kursa 140, cəzaçəkmə müəssisəsində təşkil edilmiş eyniadlı kursa 12, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər ixtisasartırma kursuna isə 21 nəfər cəlb edilmişdir. Mövsümi hazırlıqlarla əlaqədar sosial könüllülərin iştirakı ilə muxtar respublikanın bütün şəhər və rayonlarında sosial xidmətə qəbul edilmiş tənha ahıllara və sağlamlıq imkanları məhdud şəxslərə evlərində baş çəkilmiş, hava şəraiti ilə əlaqədar ehtiyaclarına uyğun mövsümi ləvazimatlar təqdim olunmuşdur. Bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin payız-qış mövsümünə hazırlığı ilə bağlı zəruri tədbirlər görülmüş, oradakı qazanxana sistemlərində yeni suqızdırıcı avadanlıqlar quraşdırılmışdır.
Qeyd olunub ki, görülən bu işlərlə yanaşı, cari il ərzində də nazirlik və struktur təşkilatlarında qazanxanaların yoxlanılması, istilik sistemlərinin qışa hazır vəziyyətə gətirilməsi və aşkar olunan çatışmazlıqların aradan qaldırılması, xidməti avtomobillərin payız-qış mövsümünə hazır vəziyyətə gətirilərək yoxlanışa hazır­lanması və digər zəruri tədbirlərin icrası nəzarətdə saxlanılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətində keçirilən tədbiri giriş sözü ilə xidmətin rəisi Vəli Novruzov açaraq bildirib ki, 28 avqust tarixdə keçirilmiş müşavirədə muxtar respublika rəhbərinin Dövlət Baytarlıq Xidmətinə heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanması, mövsümə uyğun baytarlıq nəzarəti tədbirlərinin görülməsi, torpaq mülkiyyətçiləri və fermerlərin maarifləndirilməsi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. O cümlədən muxtar respublikada mövcud olan bütün növ ev heyvanlarının sağlamlığının qorunması, istehsal olunan heyvandarlıq məhsullarının keyfiyyətinin yüksəldilməsi, zoonoz xəstəliklər də daxil olmaqla, heyvanlarda xəstəliklərin zamanında aşkar edilməsi, diaqnozun düzgün və vaxtında təyin olunması, müalicə və profilaktik tədbirlərinin yubadılmadan həyata keçirilməsi əsas şərtdir. Ona görə də muxtar respublika üzrə ərzaq ehtiyatının artırılması və təhlükəsizliyinin təmin edilməsində xüsusi çəkiyə malik baytarlıq xidməti bu il də payız-qış mövsümündə əhalinin etibarlı heyvandarlıq məhsulları ilə təmin olunması məqsədilə tədbirləri davam etdirir.
Qeyd olunub ki, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar yaylaqlardan oba köçündən sonra və aran yerlərdə, ümumilikdə, mal-qaranın saxlandığı tövlələrdə, yataq yerlərində baytar sanitariya işinin əsas göstəricilərindən hesab olunan dezinfeksiya, dezinseksiya və dezakarizasiya tədbirlərinin vaxtında həyata keçirilməsi öncədən infeksion və invazion xəstəliklərin yayılmasının qarşısını alır. Ona görə də qışlama binalarına köç başlanmazdan əvvəl tövlələrin təmir olunması, divarların suvanması, ağardılması və sair təmizlik işləri həyata keçirilməlidir. Ona görə də mütəmadi olaraq sahibkarlarla tövsiyə xarakterli söhbətlər aparılmalı və onlara yaxından köməklik göstərilməlidir.
Vurğulanıb ki, payız-qış mövsümü ilə əlaqədar olaraq tələbata uyğun yem bazasının toplanması, tədarük olunmuş yemin açıq havada saxlanılması, yağış və qar suyundan xarab olmasının qarşısının alınması üçün qapalı yerlərdə və ya polietilen vasitəsilə mühafizəsi, heyvanlar yemləndirilməzdən əvvəl yemlərin doğranması, ehtiyac olarsa, isladılması, yemin içərisindən yad cisimlərin təmizlənməsi sahibkarlara tövsiyə olunmalıdır. Çünki bu amillər də mal-qaranın sağlamlığının qorunmasına böyük təsir göstərir.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi