Hərbi simulyasiyalı layihənin düşərgəsində məskunlaşan gənclər Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin rəhbərliyi ilə saat 0700-da səhər idmanına başlayıb, sıra hazırlığı məşğələsi və parada hazırlıqla bağlı məşq prosesində iştirak ediblər.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Əməkdar məşqçi Rəsul Məmmədov tərəfindən icra olunan “Əlbəyaxa döyüş” təlimi də iştirakçıların böyük marağına səbəb olub. Mütəxəssis özünümüdafiə xarakterli bu döyüş üslubunun əhəmiyyəti barədə danışıb, düşmən və ya hər hansı cinayətkar şəxslə təktbətək epizodlarda tətbiq oluna biləcək fəndləri nümayiş etdirib.

Əlahiddə Ümumqoşun Ordunun helikopter və qırıcı təyyarələrinin düşərgə üzərindəki uçuş manevrləri iştirakçılar üçün həyəcanlı və qürurverici anlar yaşadıb. Pilotlarımızın yüksək peşəkarlığı iştirakçılar tərəfindən alqış və dəstək şüarları ilə qarşılanıb.
Gənclər, həmçinin komanda şəklində “Axtar tap” intellektual oyununda iştirak ediblər. Daha sonra iştirakçılar Şahbuz rayonuna yola düşüblər. Onlar burada yerləşən "N" hərbi hissədə nahar edib, ön xətdə xidmət edən hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılar müşahidə məntəqələrindən ordumuzun nəzarətində olan əraziləri izləyiblər. Layihə çərçivəsində Batabat gölü, Zorbulaq və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyalar təşkil olunub. Şam yeməyininin ardınca “Milli azlıqlar, tolerantlıq” mövzusunda komanda təqdimatları olub. Bununla da layihənin 3 günü sona çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti