Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.


Müşavirədə nazir Mayis Əliyev çıxış edərək bildirib ki, nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsi aid idarə və müəssisələrlə birlikdə 2021-ci illərin payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlara başlamalı, yeni meyvə bağlarının salınması, bərpa işlərinin planlı aparılması üçün sentyabr ayının birinci yarısınadək ərazilərin sxem – planlarını hazır­lamalı, ting ehtiyatı müəyyənləşdirilməlidir. Toxumla əkin işlərinə geniş yer verilməli, xüsusilə orta dağlıq, dağətəyi ərazilərdə, meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılması üçün hazırlıqlara başlanılmalıdır. Qurumuş ağaclar müəyyənləşdirilməli, kəsilərək hərbi hissələrə verilməlidir. Meşə fondu ərazilərinin talalarında, kəsilmiş quru ağacların yerində yeni yaşıllıqların, ağacların salınması diqqətdə saxlanılmalıdır.
Qeyd olunub ki, Geoloji Axtarış və Kəşfiyyat İdarəsi mövsümə uyğun olaraq çöl işlərinin aparılmasını davam etdirməli, kameral işlərin aparılmasına hazırlıqlar görməlidir. Texnika və avadanlıqların saz hala gətirilməsi məqsədilə araşdırmalar aparılmalı, çatışmazlıqlar haqqında arayış təqdim etməlidir. Ətraf mühit və təbii sərvətlərdən istifadəyə Dövlət nəzarəti şöbəsi, Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi, Xüsusi mühafizə statuslu idarələr və balıq mühafizə stansiyası tərəfindən brakonyerliyə, qanunsuz ov edilməsinə qarşı ciddi mübarizə aparılmalı, xüsusən Heydər Əliyev Su Anbarı, Arpaçay Su Anbarı, Naxçıvançay, Əlincəçay, Gilançay, Vənəndçay və digər çaylarda vaxtaşırı yoxlama-reydlər keçirilməli, qanunazidd halların baş verməməsi üçün maarifləndirmə tədbirləri davam etdirilməlidir. Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsi təbii sərvətlərdən qanunsuz istifadəyə qarşı tədbirlər görməli, bu məqsədlə mütəmadi yoxlama-reydlər təşkil etməlidir.
Vurğulanıb ki, muxtar respublika ərazisində dövlət orqanlarının, vətəndaşların dəqiq hidrometeoroloji, aqrometeoroloji məlumatlarla təmin edilməsi üçün nazirliyin Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi və Hidrometeorologiya İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilməli, texniki avadanlıqlarla təchizat yaxşılaşdırılmalıdır.
Diqqətə çatdırılıb ki, daşduz, qaba yem ehtiyatı indidən fauna ehtiyatlarının daha sıx məskunlaşdığı, o cümlədən miqrasiya etdikləri yerlərdə toplanmalıdır ki, qış aylarında çətinliklər yaranmasın. Payız-qış aylarında fauna ehtiyatlarının inventarlaşdırılması vaxtında aparılmalı, bununla bağlı arayış hazırlanıb təqdim edilməlidir. Xüsusi mühafizə statuslu idarələr inzibati binaların qış aylarına hazırlanması məqsədilə tədbirlər görməli, mövcud çatışmazlıqların aradan qaldırılması barədə təkliflər hazırlamalı, muzey fondlarının zənginləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməlidir.
Sonda məruzə ətrafında çıxışlar olub.

Gülcamal TAHİROVA