Artıq ixtisas qrupları üzrə qəbul imtahanları sona çatıb. Bundan sonra bütün qruplar üzrə  növbəti mərhələyə adlayan abituriyentlərin qarşısında düzgün ixtisas seçmək kimi əhəmiyyətli bir məsələ durur.İxtisas seçimini necə düzgün şəkildə həyata keçirmək olar? Ümumilikdə, ixtisas seçimi yeniyetmə yaşlarında baş tutur. Bu dövr ən ziddiyyətli və heç də sadə olmayan dövrdür. Həmçinin bu yaşda uşaqların fikirləri müxtəlif istiqamətlərdə yayılmış vəziyyətdə olur və onların bir çox məktəb fənlərindən xoşları gəlir. Nəticədə, müxtəliflik içərisində dolaşıb qalmış abituriyentlər gələcəkdə daha asan oxuya biləcəkləri ixtisasları seçirlər. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək. Gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir.

 

 Təhsil professionallığa söykənməlidir…

Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və s. bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır. İxtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisas seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Yüksək bal toplayan abituriyentlər ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.

 

Düzgün seçim necə edilməlidir?

İxtisas seçərkən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisaslar yazılmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir. Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir.

 

Abituriyentin 3 əsas xarakteri.. Arzulayın və arzunuza doğru gedin 

Yadda saxlamaq lazımdır ki, bütün ixtisaslar lazımlı və faydalıdır. Lakin bütün bu ixtisaslardan biri sizə daha yaxındır. Nəyə qarşı istedadınızın olduğunu aşkara çıxarmaq lazımdır. Yəqin ki, məktəbdə siz də hər hansı bacarıq və qabiliyyətinizə görə digər şagirdlərdən fərqlənməyi bacarırdınız. Belə isə, özünüzə bu sualla müraciət edin: “Mənim istedadım nəyə qadirdir?”.

Üç xüsusiyyət – üç tapmacadır. Sizi xarakterizə edən üç əsas keyfiyyətinizi müəyyən edin. Çox vaxt bu təhlil metodu sizi axtardığınız cavaba doğru aparacaq. Xarakterinizin bir xüsusiyyətini deyil, üçünü birlikdə təhlil edin. Məntiqinizin səsi bu mümkün deyil deyə səslənə bilmədiyi zamanlarda, uşaq olarkən nəyi arzu edirdiniz? Güclü olmağı və hər kəsə qalib gəlməyi arzu edirdiniz? Ola bilsin, siz gələcəyin idmançısısınız. İnsan peşəsinə qarşı sevgi, həvəslə işləmədikdə çətin ki, işdə böyük uğurlara nail olsun. O adi, sıradan bir işçi olaraq qalacaq. Lakin insan arzusunda olduğu ixtisası seçdikdə nəinki yüksək nəticələrə nail olacaq, həmçinin işdə də hər zaman sayılan və seçilənlərdən olacaq. Arzulayın və arzunuza doğru gedin.

 

Məntiqinizə söykənin gələcəyin mütəxəssisi olun 

Əgər məntiqinizin səsi daha çox tələbatın olduğu peşəni seçməyinizi tələb edirsə, 10 ildən sonra hansı peşəyə daha çox tələbatın olacağını aydınlaşdırın.  Ola bilsin ki, bu seçiminizlə uzun illər boyu özünüzü təmin edə bildiniz. İnsanlar sizinlə eyni addımlaya bilər, lakin sizi ötüb keçə bilməzlər. Bir çoxları valideynlərinin təklif etdiyi ixtisasları seçirlər. Bəs gələcəkdə bu ixtisasda kim işləyəcək? Başqalarının arzularını reallaşdırmayın. Əksər insanlar uğur qazanmış insanların həyat tarixçələrini oxuyaraq onları özlərinə ideal şəxs olaraq seçir və onların uğurlarını təkrarlamağa çalışırlar. Uğur qazanmış insanların tarixçələrini oxuyun. Ola bilsin onlar sizə motivasiya qazandıracaq və nə istədiyinizi onlar sizə deyəcək. İxtisas seçərkən, onu özünüzə görə seçin. Beləliklə gələcəyin ən yaxşı mütəxəssislərindən birinə çevrilin.

Ailə peşə seçiminə necə təsir edir?

İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu  amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi  xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşəseçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri düşündürən əsas sual da övladlarının “Böyüyəndə kim olacaq?” sualıdır. Alman filosofu Nitşe “İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir” demişdi. Zənn edirəm, Nitşenin bu fikrini cəmiyyətdə hər zaman aktuallığını qoruyan “Peşə seçimi” mövzusuna da aid edə bilərik. Ümumiyyətlə, peşə seçimi elə bir anlayışdır ki, biz özümüzə hər hansı bir ixtisas seçməklə bir növ gələcək həyatımızı da zəmanət altına almış oluruq. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər.Valideynlər övladlarına  bilərək təsir edir, onların gələcək seçimləri üçün xüsusi addımlar atırlar. Burda sevindirici bir məqam o ola bilər ki, valideyn övladının hər hansı bir sahədə qabiliyyətini görür və onu həmin sahə üzrə istiqamətləndirir. Zamanında verilmiş düzgün qərarlar nəticəsində gəncin peşə seçimi problemi həll olunur. Ancaq reallıq onu göstərir ki, ailələrin övladlara birbaşa təsiri heç də həmişə müsbət nəticələnmir.  Gəlin etiraf edək ki, bir çox valideynlər övladlarını elə öz çalışdığı sahələrdə görmək istəyir. Bu zaman isə meydana “Valideynin peşəsinin davamçısı, ailə dəyərlərinin “qoruyucusu bir övlad” anlayışı çıxır. Mövzunun daha dərininə getsək, bir çox məqamlarda valideynlərin övladlarına peşəseçimi ilə bağlı psixoloji təsirlərini aydın şəkildə görə bilərik. Nədənsə valideynlər düşünür ki, əgər onlar bir sahədə uğur qazanıbsa, eyni nəticəni övladları da göstərəcək. Genetik amilləri nəzərə alsaq, valideynlərə bu baxımdan haqq qazandırmaq olar. Amma hər şeyi də irsiyyətin üzərinə atmaqla iş həll olunurmu? Əgər valideyni həkim olan birinin marağı başqa sahəyədirsə, niyə özünü o sahədə sınamasın?                                           

  Gənclərin peşə seçimində ailələrin onlara dolayı yolla təsiri isə daha çox rast gəlinən hallardandır. Məsələn, gənc həyatının erkən vaxtlarından yaşadığı ailədə valideynlərinin iş prosesi ilə tanış olur, onun gündəlik vəzifəsi və ya çalışdığı sahə haqqında məlumat əldə edir. Əgər bu informasiyalar ona gələcək üçün kifayət edirsə, dolayısı ilə  seçəcəyi peşə də valideynin peşəsi ilə eyniyyət təşkil edəcəkdir. Təbii ixtisasdan asılı olaraq, gənc fikrini dəyişə, valideynlərinin peşəsindən tam fərqli bir sahədə özünü sınamağa cəhd göstərə də bilər. Bu hal isə özünü daha çox valideynin peşəsinin ona qazandırdığı maaşdan birbaşa olaraq asılıdır. Məlum olduğu kimi, əksəriyyət daha yüksək maaşı olan, cəmiyyətdə yaxşı statusa malik peşələrə sahib olmaq istəyir. Yuxarıda qeyd etdiyimiz peşənin – “gələcək həyata zəmanəti” olması anlayışı burda öz təsdiqini tapır. Çünki normal şəkildə yaşamaq, öz istək və tələbatlarını ödəmək üçün maddi vəziyyətin yaxşılaşdırılması insanların həyatını da asanlaşdıracaq. Bu baxımdan da gənclər məhz yüksək maaşlı ixtisasları seçməyə meylli olurlar. Valideynin peşəsi kifayət qədər yaxşı qazanc bəxş edirsə, gəncin də həmin sahəni seçmə ehtimalı yüksək olacaqdır. Hər bir halda ailələrin həm birbaşa, həm də dolayı təsiri gənclərin bu mövzudakı qərarlarında rol oynayacaqdır. Burda isə diqqət yetirilməli olan əsəs məsələ, ailələrin zamanında övladlarının qabiliyyətinin fərqində olmaq, onları düzgün istiqamətləndirməkdir. Əlbəttə valideynlər öz uşaqlarını daha yaxşı yerdə görmək, uğurlu mütəxəssis olmağını istəyir. Ancaq bu o demək deyil ki, gənclər mütləq şəkildə valideynin peşəsini davam etdirməlidir. “Mən bu  sahədə uğur qazanmışamsa, övadım da eyni nəticəni göstərəcəkdir” fikrini özünüzdən uzaqlaşdıraraq, ona daha yaxşı seçimlər təklif edə bilərsiniz.              

Əziz abituriyentlər! Artıq arzuladığınız peşəyə çatmağın bir addımlığındasınız. Çalışıb ixtisas seçimində də düzgün qərar qəbul etmək lazımdır ki, bu gələcək həyatınızın  karyerasının qurulmasında vacib amildir. Seçim zamanı bu sahənin mütəxəssisləri ilə də məsləhətləşməyi unutmayın. Necə ki, atalar sözümüzdə deyiblər: “Yüz ölç, bir biç”,siz də düzgün seçim edin ki, istirahətsiz, yuxusuz günləriniz hədər getməsin.

Arzu ABDULLAYEV

NDU-nun baş müəllimi